İranla sərhəddə  ƏMƏLİYYAT:  54 kilodan çox narkotik... -FOTO
08 aprel 2021 11:41 (UTC +04:00)

İranla sərhəddə ƏMƏLİYYAT: 54 kilodan çox narkotik... -FOTO

Ümumi çəkisi təxminən 54 kiloqram 662 qram narkotik vasitələrə bənzər maddələrin və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, aprel ayının 7-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Arayatlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində içərisində 3 nəfərin olduğu qara rəngli Hyundai İX-35 markalı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib.

Əkin sahəsinə yaxınlaşaraq oradan bağlama götürüb uzaqlaşmağa cəhd edən şübhəli şəxs sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq qaçmaq istəyəndə saxlanılıb. Neftçala rayon sakini 32 yaşlı Dadaşov İxtiyar Loğman oğlu olması müəyyənləşdirilmiş şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 6 kiloqram 812 qram narkotik vasitəyə (4774 qram “tiryək”, 1018 qram “heroin” və 1020  qram “marixuana”) bənzər maddələr aşkar olunaraq götürülüb.

Hadisə yerində olan avtomobildəki digər şəxslərin Bakı şəhər sakini 35 yaşlı Mahmudov Həsən Fərasət oğlu və Sabirabad rayon sakini 39 yaşlı Abbasova Sevda Eyvaz qızı olmaları müəyyən edilmiş, araşdırma zamanı onlar törətdikləri cinayət əməllərini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilmiş, baxış zamanı təxmini çəkisi 47 kiloqram 850 qram narkotik vasitəyə (37600 qram “heroin”, 5000 qram “metamfetamin”, 4500 qram “marixuana”, 750 qram “tiryək”) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatları aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 1662
avatar

Mehman Nəbiyev

Oxşar yazılar