Külli miqdarda mənimsəmədə ittiham olunan şirkət direktoru Balakişiyev Mülhazil Süleyman oğlunun cinayət işi üzrə ibtidai istintaq tədbirləri başa çatıb.
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, “BMS AQRO” MMC-nin təsisçisi və direktoru Balakişiyev Mülhazil Süleyman oğlunun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş məlumat əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Balakişiyev Mülhazil Süleyman oğlunun «Aqrolizinq» ASC tərəfindən keçirilən tenderdə iştirak edib qalib olmaqla qeyd edilən Cəmiyyətlə müqavilə bağlanması və mal alınması məqsədilə ödənilmiş külli miqdarda pul vəsaitlərinin mənimsənilməsinə, habelə lizinq yolu ilə alınması nəzərdə tutulan ümumilikdə 2 milyon 212 min manat dəyərində malın təqdim edilməməsində ifadə olunan hərəkətləri ilə həmin Cəmiyyətin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Mülhazil Balakişiyev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə yekun ittiham elan edilib.
İbtidai istintaq zamanı «Aqrolizinq» ASC-yə vurulmuş 2 milyon 212 min manat məbləğdə maddi ziyanın tam şəkildə ödənilməsi təmin edilib.