Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə iş yoldaşını bıçaqla qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Lent.az xəbər verir ki, təqsirləndirilən S. Manafov ittiham aktı ilə tanış olmadığını və bunun üçün ona vaxt verilməsini məhkəmədən istəyib. Məhkəmə növbəti prosesi
14 may saat 12:30-a təyin edib.
Xatırladaq ki, hadisə 2026-cı ilin yanvar ayının 25-i saat 19:00 radələrində "Ağ şəhər” bulvarında yerləşən "Boulevard Hotel”də qeydə alınıb.
Belə ki, hoteldə ofisiant işləyən 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmistan Şamil oğlu Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb.
Hadisənin hotelin digər ofisiantı 1992-ci il təvəllüdlü Abşeron sakini Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
S.Manafov polis əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı cinayət işi başlanıb, Seymur Manafov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.