"Deyirdi ev qarışıq ailəni yandıracam"  - Qardaşını öldürən müharibə iştirakçısının İŞİ
04 mart 2026 11:21 (UTC +04:00)

"Deyirdi ev qarışıq ailəni yandıracam" - Qardaşını öldürən müharibə iştirakçısının İŞİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid N. A hadisəni görmədiyini bildirib:

"Amin bu işi görəcəyini bizə deməmişdi. Əgər bilsəydim, qoymazdım. Hadisədən bir gün qabaq Aminlə Aslan mübahisə etmişdilər. Amin ona deyirdi ki, tərgit bu əməllərini, əl çək bu tüfeyli həyatdan. Amin istəyirdi ki, belə həyat sürdüyünə görə o, qapısını bizim evdən ayırsın. Gündə Aslanla bağlı bir şikayət gəlirdi ki, qardaşın mal satır, bizi tutdurur. Aslan gedib market soyurdu, sahibləri kamera görüntülərini gətirib Aminə göstərirdilər ki, qardaşın mağazamızı soyub. Həmişə Amini hədələyirdi, təhqir edirdi yoldaşımı. Deyirdi ki, ev qarışıq ailəni yandırıb, səni öldürəcəm. Əvvəldən yaxşı münasibətdə olmuşuq, Aslan narkotikə qurşanandan hər şey pisləşdi. Bir dəfə Aminin barmağını da sındırmışdı".

Şahid Ə.L həmin gün həyətdə ev işi gördüyünü deyib:

"Səhər saat 10-11 idi. İş gördüyüm yerdə birdən qəfil qışqırıq səsi eşitdim. Bağırırdı ki, öldürdüm, öldürdüm, gedirəm təslim olmağa. Tez qaçdım ora, Amini görmədim, keçdim əmisigilə, orada yox idi. Onların otağına keçəndə Aslanı üzüqoylu yerdə, kürəyinə qara örtük salınmış gördüm. Gəlin də qucağında uşaq ağlayırdı".

Şahid Ə.Ş Amin Nuri ilə əminəvəsi olduğunu bildirib:

"Həmin gün həyətdə paltar sərirdim. Evimizi onların evi ilə hasar ayırırdı. Birdən Aminin əmisi arvadı L- nı qışqıraraq çağırdığını eşitdim. Dedi ki, Aslanı öldürdüm, başını kəsmişəm. Gəl, mənimlə gedək, polisə təslim olacam".

Növbəti proses 1 aprelə təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci il iyulun 3-ü səhər saatlarında Binəqədi rayonunun ərazisində baş baş verib. 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək qardaşını öldürdüyünü etiraf edərək könüllü təslim olub.

Onu da qeyd edək ki, Aslan Nuri azyaşlı körpəsinin gözü önündə qətlə yetirilib. Hadisədən sonra Amin Nuri qucağında qardaşının qana bulaşmış körpəsini uşağın anasına verərək qardaşını öldürdüyünü deyib.

Hadisənin qardaşlar arasında mülk bölgüsü ilə bağlı olduğü bildirilib.

Hadisəni törətməkdə təqsirləndirilən Amin Nuri müharibə iştirakçısı və həmçinin zabit olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar