2022-ci il yanvarın 20-də Yekaterinburq şəhərinin Jeleznodorojnı rayon məhkəməsində azərbaycanlı Nazim Musayevin məhkəməsi başlayacaq. Lent.az-ın məlumatına görə, o, külli miqdarda rüşvət verməkdə, sui-qəsd təşkil etmək və digər cinayətlərdə ittiham olunur.
Əslində, məhkəmənin ilk iclası bu gün keçirilməliydi. Amma səhhətindəki problemə görə, Musayev məhkəməyə gətirilməyib. Musayev bundan başqa Yekaterinburq şəhər polis İdarəsinin rəisi İqor Trifonovla cinayət əlaqəsinə girərək polis tərəfindən müsadirə edilmiş kontrafakt malların bazarlarda reallaşdırılmasında da ittiham olunur.
Nazim Musayev Sverdlovsk vilayətin Tavda şəhərində kriminal avtoritet kimi ad çıxarmışdı. O, bu şəhərin demək olar ki, nəzarətçisi idi. Şəhərdəki bütün ticarət obyektləri ona mütləq bac çatdırmalıydılar. İş adamları və istər Tavda, istərsə də Yekateriburqdakı digər kriminal qruplaşmalarla münaqişə ona qarşı sui-qəsdlə nəticələndi. Nazimə bir neçə güllə vuruldu, o, ömürlük şikəst qaldı. İndi Musayev 6 ildir ki, əlil arabasına möhtacdı.
Məlumata görə, hətta sui-qəsdən və şikəst qaldıqdan sonra belə Nazim Musayev dinc dayanmayıb. Bir müddət əvvəl o, Tavda şəhərində bizneslə məşğul olan Tural Mustafayevin qətlini sifariş verib. Onun adamları Turalı şəhər kənarına aparaq döyüb, qulağını kəsib və bir neçə güllə vurublar. Amma möcüzə baş verib. Tural sağ qalıb. Bir təhər sürünərək magistral yola çıxıb. Oradan isə özünü xəstəxanaya çatdırıb. Bundan sonra isə polisə izahat verib, Musayev həbs edilib.
Musayevin adı Yekaterinburqda bir sıra kriminal hadisələrdə də hallanır. Söhbət Yekaterinburq şəhərində yerləşən “4 nömrəli tərəvəz bazası” uğrunda mübarizədən gedir. Ona sui-qəsd də məhz bu bazara görə təşkil edilibmiş. Sui-qəsddən bir müddət əvvəl Nazim Musayev “4 nömrəli tərəvəz bazası”nın ən böyük anbarlarından birini öz nəzarəti altına almaq istəyirmiş. Məhz bu səbəbdən bazanın direktoru İvan Obuxovla Musayev arasında yer üstündə ciddi münaqişə yaranıb.
Məhkəmədə təkcə Musayevin cinayət əməli yox, general Trifonovla bağlı məqamların da araşdırılması gözlənilir. Korrupsiya və digər cinayətlərə bulaşmış generalın işində Musayev əsas şahidlərdən biridir. Yerli KİV-in yazdığına görə, Musayev Trifonovun kabinetinə istədiyi vaxt girə bilirmiş. Onların dostluğu isə 90-cı illərdə Moskvadan başlayıb. Nazim həmin vaxt Moskvada kiçik bizneslə məşğul imiş. Trifonov isə Yekaterinburqa vəzifəyə getdikdən sonra, dostunu da arxasınca aparıb. Musayev Tavda şəhərində məskunlaşıb. Ən qısa zamanda general dostunun köməyi ilə bu şəhəri tam nəzarət ala bilib. Amma bütün filmlər kimi bunun da sonu çatmalıydı. Turalın möcüzə nəticəsində sağ qalması bu adamları bitirdi. Və filmin sonu!