Bir dönərə görə qətl, 10 il HƏBS:  Bakıda absurd CİNAYƏT
07 dekabr 2021 20:15 (UTC +04:00)

Bir dönərə görə qətl, 10 il HƏBS: Bakıda absurd CİNAYƏT

Bakıda 5 nəfərin iştirakı ilə baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

Lent.az həmin cinayətin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, 2020-ci il yanvarın 5-i, saat 1 radələrində 22 yaşlı Vüqar Babayev, tanışları, 27 yaşlı Orxan Binnətov və 24 yaşlı İlkin Xəlilli ilə birlikdə paytaxtın Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi ilə piyada evlərinə doğru gedirmişlər. Həmin vaxt yanlarından keçən 32 yaşlı Anar Tağıyevin çiyini Orxan Binnətova toxunub. Bundan sonra aralarında mübahisə yaranıb. Orxan Anar Tağıyevə bir az ehtiyatlı olmağı və əlindəki dönərin əzildiyini irad tutub. Bundan sonra onlar yaxınlıqdakı binanın qarşısına gəliblər və burada aralarında dava başlayıb.

Qətl olan ərazi

Vüqar Babayev üzərində olan bıçaqla Anar Tağıyev və onun tanışı 35 yaşlı Ziyad Əkbərovu bıçaqlayıb. Nəticədə Tağıyev aldığı yaradan dünyasını dəyişib, Əkbərov isə xəstəxanaya yerləşdirilib.
 
İş üzrə dindirilmiş Vüqar Babayev bildirib ki, yanvarın 4-ü saat 22 radələrində dostları Orxan və İlkinlə sağollaşandan sonra küçə ilə evlərinə doğru hərəkət edib. Bir-iki dəqiqə sonra səs-küy eşidərək geri dönüb. Onların yanına çatanda bilib ki Orxan tanımadığı şəxslə çiyin-çiyinə dəyib və buna görə mübahisələri yaranıb. Vüqar onlara səbrli olmalarını, hər kəsin çıxıb, öz evinə getməsini məsləhət görsə də, Anar əsas yola çıxmaqlarını və orda söhbətlərini davam etmələrini bildirib. Vüqarın sözlərinə görə, Anar telefonla kiməsə zəng edib, ucadan “qayıt geri, söhbətim düşüb” deyib. Ağ rəngli “Hyundai” markalı avtomobil gələn kimi, Anar qabaq oturacağa əyləşib, Orxandan maşına oturmasını tələb edib. Orxan da maşının sağ arxa qapısını açaraq əyləşib. Bu zaman İlkin Anargilin 2 nəfər olduğunu və Orxanın heç yerə getməməsini deyib. Belə olan halda Orxan tez avtomobildən düşüb. Anar və sükan arxasında olan şəxs maşından çıxaraq, Orxanın üzərinə gediblər. Yumruq zərbələri vurub, onu yerə yıxıblar. İlkin onlardan birinin çiynindən tutub, geri çəkib, lakin müvazinətini itirərək, maşının arxasında yerə yıxılıb. Vüqar Babayevin sözlərinə görə, qaranlıq olduğundan sanki Anarın əlində hansısa əşya görüb və bu səbəbdən bıçaqla ayağına bir zərbə vurub ki, ondan aralansın. Sonra qarşısına çıxan Ziyada da xəsarət yetirib.

Qətl olan ərazi

Orxanla birlikdə ərzaq mağazasının qarşısından İlkini qolundan tutub, yaşadığı evə aparıblar. Hadisədən 2 gün sonra Vüqar dayısı oğluna zəng edəndə, qohumu davada xəsarət alan Anarın öldüyünü və polis əməkdaşlarının onları axtardığını deyib. Buna görə Vüqar Orxana zəng edib və birlikdə könüllü rayon prokurorluğuna gedib, təslim olublar.
 
Təqsirləndirilən Orxan Binnətov ifadəsində bildirib ki, hadisə yerindən qaçdıqdan sonra atası ağır xəstə olduğu üçün, qorxudan evə getməyib. İki gündən sonra evlə əlaqə saxlayanda bıçaqlanan şəxsin öldüyünü və polislərin onu axtardığını öyrənib.

Qətl olan ərazi

Prokurorluğa gedib, təslim olanda hadisə vaxtı heç kimi bıçaqla vurmadığını, əksinə davada müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib.
 
Təqsirləndirilən İlkin Xəlillinin sözlərinə görə, anası paltarlarının çirkli olduğunu görüb, dalaşıb-dalaşmadığını soruşub. O da, yıxıldığını deyərək, paltarlarını soyunub və yatıb. Səhəri gün məhəlləyə çıxanda eşidib ki, axşam dalaşdıqları oğlanlardan biri olüb. Polislərin onu tutacaqlarından qorxduğuna görə, evə qayıtmayıb və iki gecəni parklarda keçirib.

Qətl olan ərazi
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Eyzam Tağıyev ifadəsində göstərib ki, oğlu Anar həyat yoldaşı ilə Bakının Nəsimi rayonunda Xutor adlanan ərazidə kirayədə yaşayıb. Onun sözlərinə görə, Anar Yeni Yasamal massivində taxta sexi icarəyə götürüb, işlətməklə ailəsini dolandırıb. Eyzam Tağıyev oğlu Anarı axırıncı dəfə dekabrın 28-də rayona gələndə görüb. Anarın öldüyünü ona digər oğlu Ramal deyib.
 
Şahid Ziyad Əkbərov taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. O, Anar Tağıyevlə 10 ilə yaxındır dostluq edib. Yanvarın 4-ü saat 23 radələrində Anar onun taksi kimi dayandığı “Asan Xidməti”in qarşısına gəlib və avtomobilinə əyləşib. Bir az söhbət edəndən sonra deyib ki, onu evə aparsın. Gecə saat 1 radələrində dostunu küçədə düşürərək gedib.

İstintaq fotosu

Anar 4-5 dəqiqədən sonra zəng edərək, ondan tez həmin yerə qayıtmasını xahiş edib.

Ziyad ünvana çatanda, görüb ki, dostu küçənin girişində 2 nəfərlə dayanıb. Maşını saxlayanda Anar ön, digər bir şəxs isə arxa oturacaqda əyləşiblər. Dostu üzünü ona tutub maşını sürməsini deyib. Elə bu vaxt arxada oturan oğlan qapını açıb, “lazım gəlsə, elə burda danışa biləcəklərini” deyib. Anar avtomobildən düşən kimi, başı ilə Orxanın sifətinə zərbə endirib. Ziyad onları ayırmaq üçün maşından düşəndə, tanımadığı şəxs onu arxadan tutub. Anarla əlbəyaxa olan Orxanı ayırmaq istəyəndə, hamısı yerə yıxılıb. Vüqar ayağa qalxarkən, qəflətən Ziyadın sağ ayağna arxa tərəfdən zərbə endirib. Ziyad Vüqarın onu bıçaqla vurduğunu ehtimal edib. Qarşısında uzanmış Anara baxdıqda, onunda da şalvarında qan ləkələrini görüb. Buna baxmayaraq, hər ikisi ayağa qalxaraq, yenidən dalaşmağa davam ediblər. Həmin şəxslər qaçandan sonra, öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə gəlib.

"Hyundai" taksi avtomobili

Xəstəxanaya bir az qalmış Anar artıq ona cavab verməyib. Ora çatanda həkimlər dostunun öldüyünü deyiblər. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Babayev 10 il müddətinə azadlıqdan məhrum olunub. Orxan Binnətov və İlkin Xəlilliyə isə 1 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Bakıda çiyin-çiyinə toxunma qətllə nəticələndi

# 6390
avatar

Mehman Nəbiyev

Oxşar yazılar