Beyləqanda baş verən dəhşətli qətllə bağlı cinayət işi başlanıb.
Lent.az xəbər verir ki, hadisə ilə bağlı Beyləqan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qətlə yetirmək) maddəsi ilə ittiham elan olunub.
***
Saat: 00:00
Beyləqanda törədilən dəhşətli cinayətin təfərrüatları məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Fuad Cəlilzadənin ailəsi ilə qətlə yetirilən ailə arasında düşmənçilik olub.
Bir neçə il əvvəl Fuad Cəlilzadənin atası Loğman Cəlilzadə qətliama məruz qalan ailənin başçısı Nadir Quliyevi yol üstündə yaba ilə vurub. O, yabanı N.Quliyevin qarnına soxub. Həkimlərin səyi nəticəsində o zaman N.Quliyevi xilas etmək mümkün olub. L. Cəlilzadə isə həbs edilib.
Məlumata görə, L.Cəlilzadə həbsdən çıxandan sonra N.Quliyevin ailəsi ilə ədavəti davam etdirib. Nəticədə bu gün L.Cəlilzadənin oğlu Fuad Cəlilzadə ov tüfəngi ilə N.Quliyevin ailəsini güllələyib.
Hadisəni törədən F.Cəlilzadə polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Qətlə yetirilənlər:
56 yaşı Nadir Quliyev
51 yaşlı Tərgül Quliyeva
26 yaşlı Amin Quluzadə
20 yaşlı Xəyal Quluzadə
***
Saat 23:54
Beyləqanda bir ailənin dörd üzvü odlu silahla öldürülüb.
Lent.az xəbər verirk ki, qətlə yetirilənlər ata, ana və iki qardaş olub.
Hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı Fuad Cəlilzadə ailə üzvlərindən ikisini evdə, ikisini isə yol kənarında güllələyib.
***
Saat 23:38
Beyləqanda bir ailənin 4 üzvü öldürülüb.
Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 2-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 27 yaşlı Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı Beyləqan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda istintaq davam edir.