Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik tərkibli həbləri Bakı şəhərinə daşıyaraq burada satışını təşkil etmək istəyən narkoşəbəkənin üzvləri Yardımlı rayonu ərazisində saxlanılıblar. Onlardan 10 000 ədəd metadon həbi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə,Yardımlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib. Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, hər ikisi əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri Vasif Kazımov və Vurğun Abıyev sonuncunun idarə etdiyi "Kia Rio" markalı avtomobillə Yardımlı-Masallı avtomobil yolunun 35-ci kilometrliyində saxlanılıblar.
Həmin şəxslərdən 10 000 ədədə yaxın narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində onların sözügedən narkotik vasitəni əldə etdikləri şəxslər də müəyyən edilib və cinayətkar qrupun digər üzvləri, Yardımlı rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Rafət Məcidli və Muxtar Bayıyev polis əməkdaşları tərəfindən saxlanılıblar. Saxlanılan şəxslərin hamısı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.