Ötən gecə Nərimanovda köşk sahibi olan iki qardaşı bıçaqlayan şəxs saxlanılıb.
Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 32 yaşlı Pərviz Əliyev Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində tutulub.
Qeyd edək ki, ötən gecə saat 4 radələrində Nərimanov rayonu Ağa Nemətulla və Fətəli Xan Xoyski küçələrinin kəsişməsində kütləvi dava zamanı iki nəfər xəsarət alıb. 26 yaşlı Allahverdiyev Maqsud Bəhram oğlu və qardaşı 29 yaşlı Allahverdiyev Rəcəb Bəhram oğlu köşkdə naməlum şəxslərin hücumuna məruz qalıb. M.Allahverdiyev ağız boşluğu, bilək, qarın və ayaq nahiyələrinə ümumilikdə 4 bıçaq zərbəsi vurulub. R.Allahverdiyevə isə beş bıçaq zərbəsi vurulub.
Hər iki yaralı 5 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib. R.Allahverdiyevin vəziyyəti ağır olduğu üçün, o, özəl klinikaların birinə yerləşdirilib.