Oktyabrın 15-də saat 9 radələrində Binəqədi rayonu ərazisində 37 yaşlı Sahilə Cəfərovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Binəqədi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri 40 yaşlı Ramil Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sahilə Cəfərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramil Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.