Bakının Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin açılması təmin edilib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, mayın 31-də saat 13 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 31 yaşlı Cəfərova Turanə İldırım qızının üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əlizadə Eynur Əfqan oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Turanə Cəfərovanı sərinkeşin elektrik naqili ilə boğaraq qəsdən öldürüb. Eynur Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.