Bakıda bərbərxanada törədilən qətllə bağlı yeni detallar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən “01 STUDİO” kişi salonunda qeydə alınıb.
Əldə etdiyimiz məlumata görə, hadisə iştirakçılarının hər ikisi bərbər olub. Onlar əvvəllər başqa kişi salonunda bir yerdə işləyiblər. Həmin vaxtlar onların arasında şəxsi münasibətlər zəminində ədavət düşüb. Bir-birinə qarşı tez-tez nalayiq ifadələr işlədən keçmiş iş yoldaşları yenidən mübahisə ediblər və bu ölümlə nəticələnib.
Onu da qeyd edək ki, İsmət Qədirov narkotik istifadəçisi olub. Buna görə o, uzun müddət narkoloji xəstəxanada müalicə alıb.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
***
saat 13:54
Bakıda qətl hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə bu gün saat 13 radələrində Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində qeydə alınıb.
Burada yerləşən bərbərxanların birində bərbər işləyən 28 yaşlı İsmət Qədirov münaqişə zəminində həmyaşıdı Ilkin Qurbanlıya bıçaqla müxtəlif dərəcəli bıçaq xəsərətləri yetirməklə onu öldürüb.
Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən İ.Qədirov saxlanılaraq istintaqa təhvil verilib.
Əldə etdiyimiz məlumata görə, hadisə iştirakçılarının hər ikisi bərbərdir. Ehtimala görə, onlar arasında müştəri üstündə mübahisə düşüb. Mübahisə zəminində İsmət Qədirov İlkin Qurbanlını bıçaqlayaraq, öldürüb.