Qazaxda qohumunu qətlə yetirməkdə təqsirləndirilən Fərrux Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
F.Məmmədovun qohumu olan Telman Əhmədovu hansı səbəbdən öldürməsi ictimaiyyətdə maraqlı qalıb.
Lent.az həmin cinayət işi üzrə materialları əldə edib.
İttihama görə, F.Məmmədov Qazaxın Aslanbəyli kəndində babasından miras qalan mənzilində əxlaqsız yuvası təşkil edildiyindən şübhələnərək həmin kəndə gəlib.
Araşdırma aparıb və məlum olub ki, baxımsız qalan evdə qohumu Telman Əhmədov əxlaqsız hərəkətlər edir. Bundan əmin olduqdan sonra onu öldürmək qərarına gəlib. Bu səbəbdən mağazadan bıçaq alaraq T.Əhmədovun yanına gəlib. Ona 7 bıçaq zərbəsi vuraraq öldürüb.
Fərrux Məmmədova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi ittiham verilib.
Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, Şəmkirdə dayısının yanında işlədiyi üçün Qazaxda atasından miras qalan ev sahibsiz qalıb:
“Anam həmin evi təmizləmək üçün Qazaxa getmişdi. Oradan gələndən sonra mənə dedi ki, evdə əxlaqsızlıq yuvası təşkil olunub. Evdə cinsi münasibət zamanı istifadə edilən qoruyucular, içərisində sidik olan butulkalar aşkar edib. Bu mənim heç xoşuma gəlmədi. Babamdan qalan evi kimlərinsə əxlaqsız yuvasına çevrilməsini həzm edə bilməzdim. Bu səbəbdən məsələni araşdırmaq üçün heç kimə demədən Qazaxa getdim. Burada yaxın qohumlara məsələni danışdım. Araşdırdım ki, bizim evimizdə əxlaqsız hərəkətlər edən qohumumuz Telmandır. Telmanla söhbət zamanı da onun hərəkətlərindən, danışdıqlarından şübhələndim. Hər dəfə onunla bu barədə söhbət edəndə mübahisəmiz yaranırdı. Anam da bu məsələdən xəbər tutdu. Bu səbəbdən Qazaxa gələrək məni zorla Şəmkirə qaytardı”.
F. Məmmədov deyib ki, Şəmkirə gələndən bir müddət sonra Bakıya gedib: “Bakıda olan zaman da özümdə bir rahatlıq tapa bilmirdim. Telmanın babamdan qalan evi bu hala salmasını özümə sığışdırmırdım. Bu səbəbdən heç kimə demədən yenidən Qazaxa getdim. Telmanın işlədiyi mağazanın qarşısına gəldim. İçəri girmək istəyəndə orada olan tanışlar Elman, İlham və Tural qabağımı kəsdi və Telmana yaxınlaşmağa qoymadılar. Bu zaman Telman mənim ünvanıma ağır söyüşlər söyməyə başladı. Məni zorla qonşunun evinə gətirdilər. Bu zaman Telman bütün kəndin uşaqlarını dükanın qabağına yığmışdı. Lakin mən ora getmədim. Çünki bildirdim ki, camaatın içində Telmana heç nə edə bilməyəcəm. Anam, dayım məsələdən xəbər tutaraq dalımca gəldilər. Məni zorla yenidən Şəmkirə qaytardılar. Yolda olarkən Telman bir neçə dəfə dayıma, dostum Anara və mənə zəng elədi. Lakin mən telefonlarını açmadım. Şəmkirə çatandan sonra dayım məni avtobusa mindirərək Bakıya yola saldı. Lakin avtobus 15 dəqiqə yol getməmiş, mən düşdüm. Sürücüyə yol pulunu verdim, xahiş etdim ki, dayım zəng eləsə deyərsən ki, Bakıya gedib”.
Təqsirləndirilən şəxs deyib ki, Telmanı öldürmək üçün Qazaxa qayıdıb:
“Rayonun özündə mərkəzi bazarın yanında avtobusdan düşdüm. Mobil telefonumu söndürdüm. Bazara girərək tünd qırmızı rəngli açılıb-qatlanan bıçaq alaraq pencəyimin sağ aşağı cibinə qoydum. Sonra taksi ilə Aslanbəyli kəndinə gəldim. Kəndə girən kimi Telman məni görüb qaçmasın deyə taksidə arxada əyləşmişdim. Səhər saat 9 radələri olduğu üçün kənddə çox adam yox idi. Telmanın mağazasının açıq olduğunu görüb taksini saxlatdırdım. Avtomobildən düşəndə gördüm ki, Telman əvvəllər tanımadığım bir nəfərin yanında durub və onlar söhbət edirlər. Cibimdən bıçağı çıxarıb Telman üzərinə qaçdım. Ona çatan kimi bıçaqla zərbələr vurmağa başladım. O heç müqavimət göstərməyə imkan belə tapmadı. Bu proses təxminən 20-30 saniyə çəkdi. Telman qışqırmağa başladı. Yanındakı məni qırağa çəkməyə çalışdı. Telmanın səsinə bir neçə nəfər gələrək məni aralaya bildilər. Əlimdəki bıçağı aldılar. Təxminən 5-6 saniyədən sonra Telman yerə yıxıldı, hərəkətləri dayandı. Kimsə oradan səsləndi ki, artıq Telman ölüb. Oradakılara dedim ki, polis çağırsınlar, təslim olum. Sonra dayımın evinin qarşısına gəlib betonun üstündə oturdum. Anamla və qardaşımla telefonla danışdım, Telmanı öldürdüyümü dedim. Bu zaman polis əməkdaşları gələrək məni şöbəyə gətirdilər”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərrux Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.