Naxçıvan Təhsil Nazirliyi Nehrəmdə məktəblinin qətli ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Nazirlikdən Lent.az-a daxil olan açıqlamada qeyd olunur ki, Babək rayonunun Nehrəm qəsəbə sakini Tuncay Abdullayevin məktəbdə bıçaqlanması ilə bağlı yayılan məlumat doğru deyil:
"Hadisə məktəbdə baş verməyib. Beləki, yanvarın 6-da saat 17 radələrində 2005-ci il təvəllüdlü Tuncay Abdullayev 2005-ci il təvəllüdlü həmkəndlisi Rəhman Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında
yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülüb.
Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Rəhman Süleymanov iş üzrə şübhəli şəxs qismində tutulub".
Naxçıvan Təhsil Nazirliyi qətlə yetirilən və hadisəni törədən yeniyetmələrin hansı məktəbin şagirdləri olmaları ilə bağlı sorğumuzu cavablandırmayıb.
***
Saat: 09:24
Ötən gün Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsində qətl olması barədə xəbər vermişdik.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə qəsəbə ərazisində olan orta məktəbdə baş verib. Buranın şagirdi olan 17 yaşlı Tuncay Abdullayev digər şagird və həmkəndlisi olan Rəhman Süleymanov tərəfindən bıçaqlanıb.
Məlumata görə, qətl məktəbdə tənəffüs zamanı qeydə alınıb.
R. Süleymanov saxlanılıb. Barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılıb, Araşdırma davam edir.