Bakıda narkotik aludəçisi nənəsini və bibisini amansızlıqla öldürüb.
Lent.az bu dəhşətli qətl hadisəsinin istintaq materiallarını əldə edib. Söhbət 2020-ci il sentyabr ayında paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verən qətldən gedir.
İstintaq materiallarında deyilir ki, 2020-ci il sentyabrın 24-də Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları Yeni Günəşli qəsəbəsindəki evlərdən birində 61 yaşlı Tamilla Cavadova və 88 yaşlı Simuzər Mustafayevanın meyitlərini aşkar ediblər. Meyitlər aşkarlanan zaman onların üzərində çoxsaylı bıçaq xəsarətləri olduğu da müəyyən olunub.
Qətlə yetirilən qadın
Qətli törədən 36 yaşlı Samir Mustafayev məhkəmədə ifadə verərkən bildirib ki, 10 ildir narkotik maddələr qəbul edir. Valideynləri öləndən sonra nənəsi və bibisi ilə yaşayıb, heç bir yerdə işləmir.
O qeyd edib ki, sentyabrın 22-də tanışı Mikayıl İsrafilova deyib ki, ona narkotik gətirsin. Saat 22 radələrində Mikayıl ona 0,5 qram narkotik maddə - “kokos” gətirib. Samir mənzilindəki ayaqyolunda onu qəbul edib. Ayın 23-də bibisi Tamilla Samirə deyib ki, qonşular Mikayılın liftin mühərrikini oğurlamasından hiddətləniblər.
Bibisi qonşuların onunla belə mövzuda söhbət etməklərindən çox utandığını bildirib. Növbəti gün, yuxudan oyanandan sonra qadın yenə də əsəbiləşib, qonşuların yanında onu biabır olduğunu deyib. Buna görə, Samir mətbəxdən bıçağı götürərək, otağa daxil olub. Divanın küncündə oturan Tamilla Cavadovaya kürəyindən zərbələr vurmağa başlayıb. Tamillanın əlindəki boşqab yerə düşüb, ayaq üstə qalxaraq yalvarıb ki, onu öldürməsin. Qışqırığına nənəsi Simuzər gələndə, bibisi artıq döşəmədə hərəkətsiz vəziyyətdə qalıbmış.
İstintaq fotosu
Bu zaman bıçaqla nənəsinin boğazına və bədənin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Qadın yerə yıxılıb, bıçaq tiyəsindən qırılıb.
Qətldə istifadə olunan bıçaqlar
Mətbəxə keçib, daha iri tiyəli bıçağı götürərək, nənəsinin yanına qayıdıb və zərbələr vurmaqda davam edib. Əllərindəki qanı yuyub, yataq otağına keçib. Qana bulaşmış paltarlarını dəyişib. Nənəsinin çarpayısında yastığın altındakı pulqabıdan 6 manat, özünün və bibisinin noutbuklarını, həmçinin qadının telefonunu götürüb.
Daha sonra mənzilin qapısını bağlayaraq, həyətə düşüb. Taksi ilə “Neftçilər” metro-stansiyasının yanına gəlib, orada dükanlardan birində telefonu 70 manata satıb. Oradan taksi ilə 5-ci mikrorayona yollanaraq, Mikayılla görüşüb. Onunla birlikdə Səttar adlı tanışının evinin zirzəmisində narkotik maddə qəbul edib. “Şamaxinka”da Mikayılın şəxsiyyət vəsiqəsi ilə noutbukları 180 manata satıb. Kafedə nahar edərkən yarım litr araq içiblər. Nənəsi ilə bibisini öldürdüyünü söylədikdə, Mikayıl əvvəl inanmayıb. Samir intihar etmək istəyib.
İstintaq fotosu
Son anda narkotik qəbul etmək üçün tanışına pul verib ki, gedib Səttardan “kokos” alsın. Mikayılın alıb gətirdiyi narkotik vasitəni kafenin arxasındakı binanın blokunda qəbul edib. Bir müddətdən sonra növbəti dozanı qəbul etmək üçün Səttarla telefonla danışanda, sonuncu ona Yasamal bazarının yanına gəlməsini deyib. 18 nömrəli sərnişin avtobusu ilə ora çatanda, polis əməkdaşları tərəfindən tutulub.
Zərərçəkmiş şəxsin hüquqi varisi Nərminə Cavadova ifadəsində göstərib ki, Tamilla Cavadova onun anası, Simuzər Mustafayeva isə nənəsi idi. 1996-97-ci illərdə yaşadıqları 5-ci mikrorayon, 20 Yanvar küçəsi, 22 ünvanındakı mənzil Simuzər Mustafayevaya məxsus olub. Dayısı Aydın Mustafayevin, yəni Samirin atasının külli miqdarda borcu olduğuna görə, onlar evi satıb. Bundan sonra Aydın arvadı Natalya və oğlu Samiri atıb Rusiyaya gedib. 2001-ci ildə Ukrayna respublikasının Kerç şəhərində 4 nəfəri qətlə yetirdiyinə görə, məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum olunub. Samirin anası spirtli içki aludəçisi olub, 2019-cu ildə vəfat edəndən sonra oğlan bibisi və nənəsi ilə Yeni Günəşli qəsəbəsində yaşamağa başlayıb. 2020-ci il sentyabrın 24-ü Bakı vaxtı ilə saat 17 radələrində anasının xalası oğlu Elşən Əliyev zəng edərək, Samirin anası ilə nənəsini öldürdüyünü xəbər verib.
İstintaq fotosu
Məhkəmə-narkoloji ekspertizasının rəyinə görə, Samirdə tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə - metamfetamindən (patı) sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu aşkar olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Mustafayev ömürlük azadlıqdan məhrum olunub.
Qeyd edək ki, Samir Mustafayev Tamilla Cavadovaya 52, Simuzər Mustafayevaya isə 32 ədəd bıçaq zərbəsi vurub.