Arvadını 29 bıçaq  zərbəsi ilə öldürdü, sevgilisini yaraladı - Əfqanistanlı kişinin AİLƏ DRAMI
20 aprel 2026 20:15 (UTC +04:00)

Arvadını 29 bıçaq zərbəsi ilə öldürdü, sevgilisini yaraladı - Əfqanistanlı kişinin AİLƏ DRAMI

0

CİNAYƏT İŞİ

Qısa arayış...

2021-ci il iyulun 8-də Bakının Binəqədi rayonu Binəqədi qəsəbəsində ər arvadını öldürür. Daxil olan məlumat əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə yollanır. Məlum olur ki, qətl hadisəsi Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 98, ev 178-də baş verib. Baxışda iştirak edən Südabə Səfərova bildirib ki, kürəkəni Samandar Safayı qısqanclıq zəmnində yaranmış mübahisə zamanı arvadı Nüşabə Safayiyə çoxsaylı zərbələr vurub.


 
Məlum olub ki, bundan başqa həmin qəsəbədə Zeynalov küçəsi, 12 ünvanında yaşayan və evinə bitişik olan mağazada naməlum şəxs tərəfindən Canmirzə Cabbarov da bıçaqlanıb.


 
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Nüşabə Səfayinin bədən səthində 29 ədəd bıçaq yarası aşkar edilib.
 
Ağır cinayəti törədən Samandar Safayınin idarə etdiyi “Kia Corens” markalı maşın Nəsimi rayonu, Cavadxan küçəsi 24  ünvanında, yolun kənarında tapılıb. Baxış zamanı salonda üzərində qan ləkələri olan, inşaatda istifadə edilən 2 ədəd kəsici alət aşkar edilib. Avtomobildən Safayı Samandara məxsus xarici pasportu, Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi və digər sənədlər götürülüb.


 
İstintaqdan qaçıb gizlənən şəxs barəsində axtarış elan olunub. 4 ildən sonra, 2025-ci il iyunun 30-da Samandar Safayi Bərdə rayonu ərazisində saxlanılaraq Binəqədi rayon Polis İdarəsinə gətirilib. 
 
Anket məlumatlarına əsasən, o 1973-cü il ildə Əfqanıstan İslam Respublikasının Pərvan vilayətində anadan olub. 1996-cı ildə Bakı Şəhər Məhkəməsinin hökmü ilə köhnə redaksiyada olan Cinayət Məcəlləsinin 226-cı (satış məqsədi ilə narkotik vasitələr əldə etmə və saxlama) maddəsi ilə 7 il müddətinə azadıqdan məhrum olunub. 1998-ci ildə Qazax rayon Məhkəməsinin hökmü ilə CM-nin 111-ci (16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olma) maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum olunub, amma 6 aydan sonra amnistiya qərarına əsasən həmin cəzadan azad edilib.

Lent.az cinayət hadisələrinin istintaq materiallarını əldə edib.


 
İstintaqla müəyyən edilib ki, Samandar Safayı rəsmi nikahda olduğu Nüşabə Səfayi ilə Binəqədi qəsəbəsində yaşayıb. 2020-ci ilin iyun ayında arvadının Canmirzə Cabbarovla intim münasibətdə olmasını öyrəndikdən sonra, qadını dəfələrlə döyüb. Amansız rəftar etməklə yoldaşını ölümlə hədələyib. Nüşabə Səfayi həmin il oktyabrın 13-də yaşadığı evdə nevroloji xəstəliklər zamanı istifadə edilən dərman həblərindən 7 ədədini birdəfəlik qəbul edərək özünü öldürməyə cəhd edib. Lakin qadın vaxtında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılaraq, göstərilən tibbi yardım nəticəsində həyatı xilas olunub. Buna baxmayaraq, Samandar Safayi arvadından 2004-cü il təvəllüdlü oğulları Sənan və 2012-ci il təvəllüdlü qızları Səma Səfayini onda qalmaq şərti ilə boşanmağa razı olmasını tələb edib. Bu zəmində yaranan mübahisələr zamanı qadının ləyaqətini alçaldıb və işgəncə verib. Bununla əlaqədar, Nüşabə Səfayi oktyabrın 19-da 43-cü Polis Bölməsinə müraciət edərək, yoldaşı barəsində qanuni tədbir görülməsini xahiş edib. Samandar 2021-ci il iyulun 8-i saat 19 radələrində uşaqlarının və qayınanası Südabə Səfərovanın gözləri qarşısında yoldaşını döydükdə, Nüşabə evdən çölə qaçıb. Ona mane olmağa çalışan Südabə Səfərovanı kənara itələyən Samandan Safayi evin həyətində arvadını tutub. Bıçaqla müstəsna dərəcədə rəhmsizliklə Nüşabə Səfayinin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib.

Yaralanan qadın "Məlikov adına 6 saylı şəhər xəstəxanasına" aparılarkən yolda ölüb. Samandar dərhal sonra özünə məxsus “Kia” markalı avtomobillə Binəqədi qəsəbəsi, Zeynalov küçəsi 12 ünvanda yerləşən “Yeni Market” adlı mağazanın qarşısına gəlib. Maşında olan təsərrüfat-məişət təyinatlı, dəftərxana bıçağını götürərək avtomobildən çıxıb. Marketə daxil olub vitrinin arxasında oturmuş Canmirzə Cabbarovu söyərək, onu soyuducunun arxasından tutub özünə doğru çəkib. Əlindəki kəsici alətlə baş nahiyəsinə və bədəninə çoxsaylı xəsarətlər yetirib. Aktiv müqavimət göstərən Canmirzə Cabbarov onun əlindən  çıxaraq mağazadan çölə qaçıb. Xəstəxanaya çatdırılan Cabbarova tibbi yardım göstərilib və həyatı xilas edilib. Bu hərəkətləri ilə, Samandan Safayi Nüşabə Səfayini xüsusi amansızlıqla qəsdən öldürüb, Canmirzə Cabbarovu isə iradəsindən asılı olmayan səbəblərə görə qəsdən öldürməyə cəhd edib.


 
Məhkəmə iclasında Samandar Safayı ittiham üzrə özünü təqsirli bilib. Onun sözlərinə görə, Nüşabə Səfərova ilə 2004-cü ildə ailə həyatı qurub:

“Nüşabə əvvəl taksi sürücüsü Canmirzə Cabbarovla aralarında heç nə olmadığını bildirsə də, sonradan mənə xəyanət etdiyini etiraf etdi. Bunu biləndən sonra Nüşabəyə boşanmaq istədiyimi söylədim. Bununla bağlı aramızda tez-tez mübahisələr olurdu. Arvadım deyirdi ki, boşanan zaman məhkəmə uşaqları kimə versə övladları da onda qalacaq. Mən isə bununla razılaşmadım. İyulun 8-də işdən gələndən sonra övladlarımla bağlı mövzunu yoldaşıma 3 günə həll etməli olduğumuzu xatırlatdım. Yenə razılığa gələ bilmədik. Bu zaman dözməyərək bıçaq zərbələri ilə Nüşabəni öldürdüm”.


 
Zərərçəkmiş şəxsin hüquqi varisi Südabə Səfərova ifadəsində göstərib ki, hadisə günü Samandar bıçağı götürüb Nüşabənin arxasınca gedib:

“Uşaqları qorumaq və hadisəni görməmələri üçün onların qabağını kəsdim. Məhkəməyə təqdim etdiyim ərizədə, təqsirləndirilən şəxslə barışdığımı göstərmişəm və ona yüngül cəza təyin edilməsini xahiş edirəm”.
 
Şahid qismində psixoloqun iştirakı ilə dindirilmiş Səma Səfayi ifadəsində göstərib ki, atası anasını tez-tez döyüb:

“Hadisə günü atam işdən gələndən sonra anamı yerə yıxıb bıçaqla vurmağa başladı. Anamı öldürməməsini xahiş etsəm də, atam sanki məni eşitmirdi və zərbələr vurmaqda davam edirdi”.

Nüşabə Safayi
 
Şahid Mahizər Səfərova bildirib ki, o, Samandar Safayinin qonşusudur:

“İyulun 8-də axşam qışqırıq səslərinə çölə çıxdım. Uşaqlar ağlayaraq analarının öldüyünü deyirdilər. Samandarı görmədim. Təcili yardıma zəng edib məlumat verdim. Amma sonra qaynımın oğlunu çağırdım. Südabə Səfərova ilə birgə köməkləşərək Nüşabəni avtomobilə yerləşdirdim və xəstəxanaya yola saldım. Özüm uşaqlarla həyətdə qaldım”.


 
Zərərçəkmiş Canmirzə Cabbarov məhkəmə iclasında iştirak etməyib. Teleqram göndərərək təqsirləndirilən şəxslə barışdığını və ondan şikayəti olmadığını bildirib.

Dövlət ittihamçısı Samandar Safayiyə 18 il cəza təyin edilməsini istəyib.
 
Məhkəmə hesab edib ki, Samandar Safayınin əməl istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən adam öldürməyə cəhd), 125-ci (özünü öldürmə həddinə çatdırma) və 133.2.6-cı ( işgəncə vermə) maddələri ilə düzgün tövsif edilib. Odur ki o, həmin maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.


 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samandar Safayı cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar