Bakıda evlərdən 2 milyonluq oğurluq edən alpinist sabiq futbolçunun mənzilini də qarət edib.
Lent.az xəbər verir ki, bu barədə Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi, "Keşlə"nin idman direktoru Ceyhun Sultanov özü məlumat verib.
O bildirib ki, 3 il əvvəl baş vermiş hadisə ilə əlaqədar bu gün polisə ifadə verib: "Həmin Cavid Süleymanov adlı şəxs bizim mənzilə də girib. Bu gün ifadə də vermişəm. O, artıq tutulub. Sizin vasitənizlə hüquq-mühafizə orqanlarına təşəkkür edirəm. Onlar hər sahədə öz işlərini peşəkar görürlər. Bir çoxları deyirdilər ki, heç kim oğrunu tapa bilməyəcək. Lakin bizim polislərimiz həmin şəxsi yaxalamaqla, necə peşəkar olduqlarını sübut etdilər".
Sultanov ona dəyən ziyanın məbləğini açıqlamaq istəməyib: "Mənim evimdən qızıl, xəz kimi qiymətli əşyalar götürülüb. Pul götürə bilməyiblər. Məbləği desəm, bir az düzgün çıxmayacaq. Bu gün ifadə vermişəm ki, evdən nələr aparılıb. Amma bu barədə dəqiq heç nə yoxdur. Olsa, olacaq, olmasa qalacaq. Bunu indi deyə bilmirəm. Həmin şəxsi görməmişəm. Sadəcə, müstəntiqlə görüşdüm".
Sultanov Yasamal rayonundakı evindən oğurluq olduğunu xatırladıb: "Mən belə peşəkar oğru görməmişəm. Öz binamda eyvandan baxanda belə, qorxuram. Amma o, eyvanın fasadından necə düşübsə, peşəkar olduğuna əminəm". /Report/
Ceyhun Sultanov
***
saat 11:13
Bakıda alpinistin qarət etdiyi evlərdən bir neçəsinin sahibi məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, evi qarət olunan şəxslərin arasında polis generalı Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Alpinist onun evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayıb.
Onu da qeyd edək ki, S.Mirzəyev hazırda təqaüddədir.
Bundan başqa, alpinistin əməlindən zərərçəkənlərdən biri də Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti Cəlal İsayevdir. Bakı şəhəri, Xətai rayon sakini Cəlal İsayev 2019-cu ildə polisə ərizə ilə müraciət edərək yaşadığı evdən 72 min ABŞ dolları (122000 AZN), 2500 manat pul və 20 min ABŞ dolları (34000 AZN) dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində tutulan alpinist bu oğurluğun onun tərəfindən törədildiyini etiraf edib.
Qeyd edək ki, polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakıdakı hündürmərtəbəli binalarda yerləşən mənzillərdən silsilə oğurluqlar etməkdə şübhəli bilinən paytaxt sakinləri - Cavid Süleymanov və Əhməd Əhmədov saxlanılıblar.
Araşdırmalar zamanı müəyyən edilib ki, Cavid Süleymanov oğurluq etməmişdən əvvəl 2016-cı ildə xarici ölkələrdən birində alpinist hazırlayan kurslarda iştirak edib. Həmin kurslarda öyrəndiyi vərdişlər sayəsində isə Cavid Süleymanov hündürmərtəbəli binaların damından özü ilə gətirdiyi kəndir vasitəsi ilə oğurluq edəcəyi mənzillərin eyvanına düşüb. Daha sonra mənzilə daxil olaraq oğurluq hadisələri törədib. Bu şəxs oğurluq etdiyi bütün evlərə eyni yolla daxil olub.
İlkin məlumata görə, saxlanılan şəxslər törətdiyi oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurublar.