Abşeronda gənc qadın itkin düşüb.
Bu barədə Lent.az-a itkin düşən 30 yaşlı Əliyeva Cəmilə Telman qızının bacısı məlumat verib. Onun sözlərinə görə, bacısından artıq 6 gündür xəbər yoxdur:
“Bacımgil Xırdalan şəhəri 28 may küçəsində yaşayırlar. 6 gün bundan əvvəl bacımın həyat yoldaşı səhər tezdən durub görüb ki, bacım Cəmilə evdə yoxdur. Hara getdiyini bilmirik. Gedəcəyi bir yer, yaxud tanışı olduğunu da güman etmirəm. Həyat yoldaşı ilə dalaşsaydı, küsüb anamgilə gedərdi. 10 yaşında bir uşağı var. Bacım özü özəl diş klinikasında tibb bacısı işləyirdi. Həyat yoldaşı isə uzun müddətdir işləmirdi, təzəlikcə işə başlayıb.
Cəmilənin durumu bizi çox narahat edir. Sağdırmı necədir, başına nə iş gəldiyini bilmək istəyirik”.
Faktla bağlı aprelin 2-də yerli polis orqanına da məlumat verilib.