İmişlidə 2 il əvvəl qətlə yetirilən şəxsin meyiti tapılıb. Çınqıl karxanasının gölündən tapılan meyitin 2 il əvvəl qətlə yetirilən şəxs olduğu ehtimal olunur.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, Füzuli rayonunun Horadiz qəsəbəsindən olan 52 yaşlı Verdiyev Polad Ərşad oğlu 2019-cu il iyulun 20-də itkin düşdüyü barədə polis şöbəsinə məlumat daxil olub. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, itkin düşən P.Verdiyevi yaxın qohumu, əslən Füzuli rayonundan olan İmişli rayonunun Çaxırlı kəndində məskunlaşan 62 yaşlı İsayev Qərib Bahadur oğlu dəmir parçası ilə vuraraq öldürüb. Daha sonra cəsədi yaxınlıqda yerləşən çınqıl karxanasının su ilə dolu dərin katlovanına atıb. Katlavanın böyük ərazini əhatə etməsi və çox dərin olması meyitin axtarılıb tapılmasını çətinləşdirib. Qətli törədən şəxs meyitin üstünə ağır əşyalar bağlayıb və sonra suya atıb. Bu gün səhər saatlarında meyit sudan çıxarılıb.
Meyit müayinə olunmaq üçün İmişli Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə aparılıb. Meyitin üzərində və başında törədilən cinayətin əlamətləri aşkar edilib.
Meyitdən DNT analizləri götürülüb.
Qeyd edək ki, qətli törədən İsayev Qərib Bahadur oğlu Lənkəran Ağır cinayətlər məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 120.2.4-ci maddəsi ilə 17 il azadlıqdan məhrum edilib. Şirvan Apellyasia məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Faktla bağlı İmişli rayon Prokurorluğunda əvvəllər açılmış cinayət işi davam etdirilir.