İtirilən səkkiz oğul, qan qoxuyan vaqonlar, bir gecə yaşayan əsir qadın - XATİRƏ
29 yanvar 2013 15:32 (UTC +04:00)

İtirilən səkkiz oğul, qan qoxuyan vaqonlar, bir gecə yaşayan əsir qadın - XATİRƏ

Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın... Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.

 

Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...

 

Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...

 

...Həmin gün biz Qazançı döyüşündə səkkiz oğul itirdik. Səkkiz oğul! Məmməd müəllimi (Ağdamın Bağbanlar kəndi), Manafı, Əyyubu (Ağdamın Saybalı kəndi), Hümbəti (Ağdamın Bağbanlar kəndi), Maarifi (Ağdamın Qiyaslı kəndi), Baratı (Ağdamın Xıdırlı kəndi), Şiraslanı (Ağdamın cinli kəndi) və Əlabbas İsgəndərovu (Ağdamın Mollalar kəndi)...

 

O döyüşdə çoxlu itki verdi ermənilər, silah-sursatla birgə 15 nəfər də əsir götürdük. Əsir götürdüyümüz erməniləri, meyitləri Xocalıda əsir düşmüş insanlarla dəyişdirdik. Əsir düşənlər arasında hələ sovet dönəmində ermənilərin separatçı məqsədləri üçün vəsait toplayan gizli təşkilatın - “Krunk”un fəallarından biri, həm Qazançının müdafiəsini, həm də azərbaycanlılar yaşayan kəndlərə hücumları, qətlləri həyata keçirən Arutunyan Barxudar da var idi...

 

15-ci yazı

 

Vaqon hospital və erməni əsirləri

 

Martın 4-də biz Qazançını erməni silahlılarından təmizləyib, kəndin ətrafındakı yüksəklikdə postlar qurduq. Axşam yaralı döyüşçülərə  baş çəkmək üçün Ağdam dəmir yol stansiyasında yaradılmış qatarlarda yerləşən hospitala getdik. Burada Rafiqi, Həsəni gördük, digər yaralılarımıza baş çəkdik.

 

Bu qatar hospital mənə Böyük Vətən müharibəsi haqqında çəkilmiş, alman təyyarələrinin hər an bombalaya biləcəyi dəmir relslər üzərindəki hospitallar gördüyüm kinoları xatırlatdı. İlk dəfəydi ki, elə dəhlizindəncə yod, dərman və xlor qoxusu duyurdum bu vaqonların. Axı həmişə onlarla burdan - Ağdam dəmir yol stansiyasından yırğalana-yırğalana Bakıya və keçmiş SSRİ-nin digər şəhərlərinə getmişdik. Onlarla xatirəmiz var bu vaqonlarda. Amma indi onlar yaralı əsgərlərimizin xilas edildiyi xəstəxanaya çevrilmişdi.

 

Gecə batalyona qayıtdıq, öz kəşfiyyat dəstəmizin yerləşdiyi binaya girdik. Bütün bunlar mənə indi xatirədən daha çox bir hekayə kimi gəlir. Gündüz döyüşdə olduğum geyimdə, elə o cür – ayaqdan başa qədər palçığın içində çarpayıya oturdum. Qucağımda tutduğum avtomat da palçıq idi...

 

Gün ərzində baş verənləri fikirləşə-fikirləşə düz səhərə qədər eləcə oturdum çarpayıda. Arada ayaqlarımı altıma yığım lap bardaş da qurdum təmiz yataq dəstimin üstündə.

İlk dəfəydi müharibədə belə açıq döyüş görürdüm, dost  itirirdim...

 

Əsir götürdüyümüz ermənilərin sifətləri bir-bir kino lentinin stop-kadrı kimi gəlib gözümün önündən keçirdi. Barxudarın, cavan və qocaların, qadınların mərhəmət istəyən sifətləri. Xocalı hadisəsindən cəmi 6-7 gün sonra baş verdiyindən həm yerli, həm də əslən Xocalıdan olan əsgərlərimiz çox qəzəbli idi. Onlar əsrilərlə kobud davranmağa çalışırdılar. Şirin Mirzəyev o ermənilərə toxunmamağı tapşırmışdı. Xüsusi qaydada qoruyurdular onları. Amma arada su başına, filana aparanda uşaqlar hərdən təpikləyirdi o erməniləri...

 

Qoca və xəstə bir qadın var idi, çox ağır idi vəziyyəti, amma onun da sifətində daimi bir yalvarış var idi. Yalvarırdı ki, onu öldürməyək, bizə vədlər verirdi, deyirdi, oğlu haradasa yaxşı yerdə işləyir... Nəyin bahasına olursa-olsun yaşamaq istəyirdi bu qoca, xəstə və vəziyyəti ağır olan qadın.

 

Onları xatırladıqca gözümün önünə Xocalıda ermənilərin törətdiyi dəhşətlər, fevralın 26-da ermənilərin əlindən qaçıb Ağdama pənah gətirən qız-gəlinlərimizin, körpə uşaqlarımızın vəziyyəti gəlirdi. Mənə çox ağır gəlirdi bütün bunlar. Axı illərlə bir yerdə yaşadığımız ermənilər niyə belə elədilər?! Nələri çatmırdı onların?!... İndi mənim ürəyimi üzən o dəhşətli səhnələr nəyə lazım idi?!

 

O qoca, xəstə, erməni qadını cəmi bircə gecə yaşadı... Sifəti hələ də gözümün qarşısındadır o qarının, elə Xocalıdan olanların da (Müharibədə gördüyüm erməni qadınları haqqında ayrıca bir yazı olacaq. R.K.).

 

Arutunyanın 21 əvvəl Sərkisyana ünvanladığı məktub

 

Qazançı döyüşündə əsir götürülən 15 nəfərdən biri - hələ sovet dönəmində ermənilərin separatçı məqsədləri üçün vəsait toplayan gizli təşkilatın - “Krunk”un fəalı, həm Qazançının müdafiəsini, həm də azərbaycanlılar yaşayan kəndlərə hücumları, qətlləri həyata keçirən Arutunyan Barxudar idi. Onun 9 mart 1992-ci ildə Ermənistanın indiki prezidenti, o vaxt “Dağlıq Qarabağın müdafiə naziri” olmuş Serj Sərkisyana ünvanladığı məktub var. Arutunyan öz əli ilə yazdığı həmin məktubda Qazançı döyüşündən bəhs edir, əsir düşmüş on bir erməninin taleyi ilə bağlı Sərkisiyandan kömək istəyir. Məktubun mətni ilə Lent.az-ın oxucularını tanış etmişdik, xatırlatmaq üçün bir daha təqdim edirik:

 

“Dağlıq Qarabağ Respublikasının” müdafiə naziri yoldaş S.Sərkisyana

 

Mardakert rayonunun keçmiş Qazançı kəndinin sakini Arutyunyan Barxudar tərəfindən

 

Ərizə

 

Yazıb sizə bildirirəm ki, bizim kəndimiz 4-5 mart günlərində Azərbaycan silahlı qruplaşmalarının güclü hücumuna məruz qalıb və güclü döyüş nəticəsində büsbütün məhv edilərək külə dönüb. Əhali tam olaraq kənddən qovulub. Çoxlu həlak olan və yaralananlar vardı. Hazırda 11 (on bir) nəfər (mən də daxil olmaqla) əsir Əlimədətli kəndindəki hərbi hissənin sərəncamındayıq. 3 kişi və 8 qadından ibarət 11 nəfər: hamısı ahıl yaşda və hamısı da köməksiz qocalar. Əgər siz lazımi kömək göstərməsəniz burada onların hamısı boşuna və izsiz-tozsuz həlak olacaqlar. Biz yox olacağıq. Bir daha sizin diqqətinizi bu işə cəlb edirəm! Bizə təcili və təxirə salmadan yardım etməyinizi xahiş edirik. Buradakı komandirlər bizi sizin əlinizdə olan Azərbaycanlı girovlarla dəyişməyə hazırlıq nümayiş etdirirlər. Mübadilə üçün tələsməyinizi xahiş edirəm. Vəziyyət dəhşətlidir.

 

Bundan başqa, mən bizim kəndimizin dağıdılmasının və büsbütün məhv edilməsinin bariz şahidi olmuşam. Kəndin məhv edilmə və yandırılma görüntüləri dəhşətli idi. Axan qanlar dözülməz idi. Bütün imkanlardan istifadə edərək qan axmasını, yanğınları, hər hansı yolverilməz halları dayandırmaq və milli məsələni təcili sülh yoluyla həll etmək lazımdır. Mənə elə gəlir ki, bizim başqa çıxış yolumuz yoxdur. Günü-gündən bizim itkilərimiz və qurbanlarımız artır. Təcili komissiya yaradıb sülh planı və ya aktı hazırlamaq lazımdır.

 

Xahiş edən:  Arutyunyan Barxudar, 9 mart 1992-ci il”

 

Mən erməni döyüşçüsünün məktubunun Sərksiyana yetişib-yetişmədiyini dəqiq bilmirəm. Amma o, həmin vaxt B.Arutunyanın həm Ağdərə rayonunun rəhbərliyinə, həm də Şirin Mirzəyevə eyni xahişlə, lakin başqa məzmunlu məktublar ünvanladığını və onların ünvanına çatdığını bilirəm. Onu da qeyd edim ki, B.Arutunyan əsirlikdən qaçmaq istəyərkən əsgərlərimiz tərəfindən güllələndi.

 

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun rəhbərliyi ilə B.Arutunyannın cəsədi və digər 10 erməni əsirlikdə olan, səhv etmirəmsə, Xocalının 130-a yaxın sakininə dəyişdirilib.

 

Dərəyə düşmüş tankımız...

 

Martın 5-də bizə kömək üçün verilmiş BMP-lərin dəstəyi ilə kəndə endik... Uşaqlar Məmməd müəllimin axşamdan kənddə qalmış cəsədini də onda götürdülər.

 

Onu da qeyd edim ki, əməliyyat başlayanda yeganə tankımız hələ Qazançıya çatmamış sürüşərək dağdan dərəyə düşmüşdü. Uşaqlar nə illah elədisə, tankı işə sala bilmədilər. Martın 5-də Şirin Mirzəyevin tapşırığı ilə təmir rotasının komandiri Yunislə Azərbaycanın Milli Qəhrəmanı, mərhum Fred Asifin (Asif Məhərrəmovun) yanına getdik. Fred Asif Ağdam şəhərinin Muradbəyli hissəsində yerləşən hərbi hissənin (sonradan ora Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi oldu) komandiri idi.

 

Onun rəhbərlik etdiyi hərbi hissədə tankı qoşqu ilə dərədən çıxara biləcək “BAT” deyilən bir texnika var idi. Fred Asifi hərbi hissədə tapa bilmədik, dedilər “raykomdadır”. Ağdam rayonunun rəhbərliyi yerləşən “raykomun” binasının qabağında görüşdük Fred Asiflə. Şirin Mirəzyevin yazdığı məktubu ona verdik. Bizimlə hərbi hissəyə gəldi. Orada bizə lazım olan texnikanın verilməsi üçün tapşırıq verdi. Uzun illərdir işləməyən “BAT”ı işə salmaq xeyli vaxt apardı. Min bir əziyyətlə onu işə salıb oradan çıxdıq, gecə birtəhər gəlib öz batalyonumuza çatdıq... Neçə gün sonra tankı dərədən çıxartdıq...

 

Batalyonumuzun həyəti

 

Azərbaycanın ilk batalyonu Ağdam rayonunun Xaçındərbənd kəndindəki peşə məktəbində yerləşirdi. Biz buraya 1991-ci ilin oktyabrından köçmüşdük. Şirin Mirzəyevin otağı və batalyonun qərargahı yerləşən birmərtəbəli binada həm rabitəçi qızlar otururdu, həm də dərman anbarı yerləşirdi. Bizim kəşfiyyat dəstəsinin yerləşdiyi bina Əfqanıstan müharibəsi veteranı Hidayət İbrahimovun komandir olduğu minaatanlar dəstəsi ilə baş-başa idi. Bizdən aşağıda, sol tərəfdə isə Kərim Cəlilovun rəhbərlik etdiyi istehkamçı (“sapyor”) dəstə yerləşirdi. Bizdən aşağıda, sağ tərəfdə Rasim Edilovun gənclərdən ibarət döyüşçülər rotasının binası idi.

 

Yuxarı tərəfimizdə isə Diləfruzun, Raisənin və digər həkimlərin tibb bacılarının olduğu tibb məntəqəsi idi. Bizim dəstə yerləşən binanın bir hissəsi isə təchizat dəstəsinin anbarı idi. Burada döşəkağı, yorğanüzü, yastıq üzü, əl-üz dəsmalları və sairə dəstlər olardı. Boş vaxtlarımızda batalyonun meydançasında futbol da oynayardıq. Ən maraqlı oyunlar Seyidli rotası (minaatanlar dəstəsi) ilə Qiyaslı rotaları arasında olardı.

 

Futbol meydançasının yaxınlığında yeməkxanamız, yeməkxananın solunda və arxasında isə ərzaq anbarları yerləşirdi. Onlardan bir qədər aşağıda isə yanacaq çənlərimiz idi. Avtopark da yanacaq çənlərindən sonra gəlirdi.

 

Xatirələrimizdə adını çəkdiyim uşaqların böyük əksəriyyəti ilə bax bu həyətdə tanış olmuşduq. Kimisi şəhid oldu, kimisi yarımcan, kimisi isə itkin düşdü...

 

Bizim kəşfiyyat dəstəsi və ya ermənilərin arxa cəbhəsində əməliyyat

 

Fəxrəddin Rəcəbovdan sonra bizim kəşfiyyat dəstəmizin komandiri Əkbər Məmmədov idi. Sonra Əkbər 3-cü batalyona komandir təyin olundu deyə, onun yerinə müavini Eldar Səmədovu qoydular. Mən də Eldarın müavini oldum.

 

Kəşfiyyat dəstəsinin döyüşçüləri bunlar olub. Fəxrəddin Rəcəbov, Şəfayət Əliyev, Vüqar, Çingiz, Rafiq Kərimov, Əlabbas İsgəndərov, Həsən Mehdiyev, Aydın, Azad Ramazanov, mən, Ziyad Əliyev, Sənan Rüstəmov, Qırımxan Novruzov, Rövşən, Məhəmməd Nağıyev, Fərman, Pərviz, Azad Musayev, Faiq, İntizam, İdris kişi, Əlabbasın qardaşı Çingiz... Əvvəldən axıracan kəşfiyyatda olan əsgərlərimiz bunlar idi. Ola bilsin, kimisə unutmuşam, hər halda mənim yadımda qalanlar bunlardır.

 

Qazançı əməliyyatından sonra kəşfiyyat işlərimiz də daha da çoxaldı. Demək olar ki, kəşfiyyat dəstəsi hər an düşmənin arxasındaydı. Rəhmətlik İdris kişiylə (Hümbətov İdris) xeyli əməliyyatlar həyata keçirdik...

 

Martın ortaları idi... Hələ dağlarda qar tam əriməmişdi... İdris kişi, Qırımxan, Ziyad, Fərman və mən Xankəndi-Ağdərə yolu ilə ermənilərin hərəkətlərini müşahidə etmək üçün gecə yola çıxdıq. Ermənilərlə təmas xətti ilə Qaralar kəndi arasındakı Xaçın çayından adlayıb,  erməni postlarını sakitcə keçib nəzərdə tutulan yerə doğru irəlilədik.

 

Gecə qarı ərimiş palçıq yollarda yerimək nə qədər çətin idisə, çayı keçərkən qurşağa qədər islanmış qalın paltarlarımız da bir o qədər işimizi çətinləşdirirdi... İşıqlaşana qədər yol getdik. Hərdən meşə ağaclarının qurumuş qanadlarını külək vurub yerə salanda yaranan şıqqıltını əvvəlcə qulaqlarımızda, sonra beynimizdə, ardınca isə ürəyimizdə hiss edirdik...

 

Biz dəfələrlə bu halla qarşılaşsaq da, yenə də eyni hissi yaşayırdıq. İdris kişi həmişə öndə gedərdi. Növbəti dəfə şıqqıltı səsi onu adəti üzrə olduğu kimi, yenə yerə çömbəlməyə vadar etdi və o bizə “sakit olun” komandası verdi. İdris kişinin bu komandası hansısa meşə quşunun, adətən, gecə çıxardığı səsi yamsılaması idi. Deməli, ciddi təhlükə var! Qarşıdan düz bizə tərəf bir dəstə erməni əsgəri gəlirdi...

 

Qeyd: 13-cü yazıda “Yanımda Şəkidən olan bir neçə nəfər əsgər də var idi” yazmışam. Amma əslində o əsgərlər Şəkidən yox, Qax rayonundandılar – Mustafa, Atəş, Nurəddin və Rafael...

 

Ardı var...

 

[email protected]

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7105
avatar

Rey Kərimoğlu

Oxşar yazılar