“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Republikasının Qanun layihəsi Prezident tərəfindən Milli Məclisə təqdim edilib. Milli Məclisdən Lent.az-a daxil olan məlumata görə, hazırda Azərbaycanda təxminən 35 yoxlayıcı orqan mövcuddur. Həmin orqanlar tərəfindən aparılan yoxlamaların qaydaları bir çox hallarda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən, digər hallarda özləri tərəfindən müəyyən edilir. Bəzi hallarda isə bu cür qaydalar ümumiyyətlə mövcud deyil.
Adıçəkilən Qanun layihəsinin əsas məqsədi sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsindən və həmin yoxlamaların aparılması zamanı sahibkarların onların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasından ibarətdir. Bu məqsədlə qanun layihəsində nəzərdə tutulub ki, bu qanunun tələblərinə uyğun olmayan aparılan yoxlamanın heç bir hüquqi qüvvəsi yoxdur.
Layihə yoxlamaların məqsəd və prinsiplərini müəyyən edir. Bu zaman yoxlamaların əsas məqsədi kimi sahibkarların yol verdikləri hüquq pozuntularına görə cəzalandırılması yox, insanların həyat və sağlamlığının, əmlakının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsi göstərilir.
Aparılan yoxlamaların kütləvi informasiya vasitələrində, o cümlədən televiziyada, sahibkarın günahı təsdiq edilmədikdən əvvəl işıqlandırılmasına qadağa qoyulur. Ona görə ki, bu cür praktika sahibkarların işgüzar nüfuzuna kifayət qədər ağır zərbə vurur.
Layihədə aparılan bütün yoxlamalar üçün hazırkından fərqli olaraq daha qısa müddətlər, iri sahibkar üçün on iş günü, orta və kiçik sahibkarlar üçün isə beş iş günü nəzərdə tutur. Bu da sahibkarların yoxlamalara sərf etdikləri vaxtın minimallaşmasına yönəlib.