Rusiya Rəşt-Astara dəmiryoluna pul qoyacaq
02 iyul 2016 12:53 (UTC +04:00)

Rusiya Rəşt-Astara dəmiryoluna pul qoyacaq

Bakıda Azərbaycan, İran və Rusiya dəmiryolçuları arasında üçtərəfli görüş keçirilib.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov APA-ya bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov reallaşdırılan layihələr, perspektiv vəzifələr haqqında məlumat verib.

 

C. Qurbanov deyib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinin reallaşdırılması Azərbaycanın tranzit potensialının artırılmasında, ölkələr arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq. Azərbaycan prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Həmin sərəncama uyğun olaraq 20 aprel 2016-cı ildə Azərbaycan-İran dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulub, 1 mart 2016-cı ildən Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 km uzunluğunda  yeni dəmir yolu xəttinin tikintisinə start verilib.

 

Həm körpünün, həm də dəmir yolu xəttinin tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Sonra üçtərəfli görüşdə Azərbaycan tərəfinin Astara (Azərbaycan)-Astara (İran) birləşdirici xəttinin tikintisində, İran tərəfinin Qəzvin-Rəşt birləşdirici xəttinin tikintisində gördüyü işlər, Rusiya-Azərbaycan-İran və Rusiya-Azərbaycan-İran-Hindistan marşrutları üzrə və əks istiqamətdə yük daşınma həcminin artırılmasında “Rusiya Dəmir Yolları” ASC-nin  iştirakı, Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsində də “Rusiya Dəmir Yolları” ASC-nin iştirak şərtləri müzakirə olunub.

 

Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixindən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Saziş”ə  qoşulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 147
avatar

APA Baycan

Oxşar yazılar