Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Lent.az-ın məlumatına görə, layihə barədə parlament sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verib.
Dəyişikliyə əsasən, Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonaları yaradılır. Xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə həmin ərazilərin sanitariya-mühafizə zonaları müəyyən ediləcək. O cümlədən xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonası xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sərhədlərinin hüdud xəttindən bütün perimetri boyunca 3000 metrədək məsafədə müəyyən ediləcək.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonası xüsusi mühafizə olunan təbiət ərazilərinin Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinə bitişik sərhədlərinin hüdud xəttindən 3000 metrədək məsafədə olacaq. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonaları müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilir. Layihədə daha bir sıra yeniliklər nəzərdə tutulub.
Müzakirələrdən sonra qanuna dəyişikliklər səsə qoyularaq, qəbul olunub.