Prezident İlham Əliyev və “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva “Bakubus” MMC-nin ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində, Bakı İdman Sarayında görülən işlərlə tanış olublar. Lent.az-ın məlumatına görə, dövlət başçısına avtobus deposu və təlim mərkəzində aparılan işlər barədə məlumat verilib.
Prezident İlham Əliyev Zığ gölünün kompleks bərpası layihəsi çərçivəsində görülən işlərlə də maraqlanıb.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilk Avropa Oyunlarında iştirak edən yüksək səviyyəli qonaqların daşınması üçün alınan “Mercedes” markalı mikroavtobuslara baxıblar.
Prezident İlham Əliyevə “Bakubus” MMC-nin İVECO markalı yeni avtobusları barədə də məlumat verilib. Bildirilib ki, ilkin mərhələdə Fransa istehsalı olan 302 avtobus alınıb.
Daha sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı İdman Sarayında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olublar.