Bu gün Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının ilk iclası keçirilib.
Palatadan "APA-Economics"ə verilən məlumata görə, Direktorlar Şurasının sədri Rüfət Aslanlı dünyada gedən iqtisadi proseslər kontekstində dünya maliyyə, iqtisadi böhranının Azərbaycana təsirini minimuma endirmək üçün maliyyə sektorunda aparılan institusional dəyişikliklərin əhəmiyyətindən söz açıb. O, kredit təşkilatları, sığorta sektoru, qiymətli kağızlar bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını, həmçinin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirəcək Maliyyə Bazarlarına Nəzarət Palatasının qarşısında duran hədəflər barədə məlumat verib. Sədr Azərbaycanda müasir, qabaqcıl, mütərəqqi Avropa standartlarına uyğun olan maliyyə nəzarəti orqanı və maliyyə sektorunun formalaşmasının əsas hədəflər sırasına daxil olduğunu bildirib.
R. Aslanlı Palatanın nəzarət mühitinə daxil olan sektorlar üzrə problemlərin dərinliyinin və miqyasının diaqnostika edilməsi, bu sahələr üzrə müvafiq strategiya və taktikaların müəyyən olunması istiqamətində tapşırıqlarını verib.