Dövlət Statistika Komitəsi dövlət qulluqçularının sayı və onların əmək haqqları barədə məlumat yayıb. Lent. az - ın verdiyi xəbərə görə, bu il yanvarın 1-nə qədər ölkədə dövlət qulluqçularının sayı 29,2 min nəfər olub və onların 27,4 faizini qadınlar təşkil edib.
Dövlət qulluqçularının 4,3 faizi inzibati vəzifələrin 1-4-cü təsnifatları üzrə, 75,3 faizi 5-9-cu təsnifatları üzrə və 20,4 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.
Dövlət qulluqçularının 9,7 faizi 1 ilə qədər, 23,5 faizi 1 ildən 5 ilə qədər, 24,9 faizi 5 ildən 10 ilə qədər, 16,6 faizi 10 ildən 15 ilə qədər, 25,3 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü belə olub: 30 yaşa qədər 17,1 faiz, 30-34 yaşda 14,1 faiz, 35-44 yaşda 22,0 faiz, 45-54 yaşda 28,0 faiz, 55-62 yaşda 15,3 faiz və 63 və yuxarı yaşda olan dövlət qulluqçuları dövlət qulluqçularının ümumi sayının 3,5 faizini təşkil edib. İşləyənlərin 50,0 faizinin 35-54 yaşı var.
Dövlət qulluqçularının orta aylıq əmək haqqı ötən il 446.7 manat olub.