BP-nin hazırda Çıraq və Dərinsulu Günəşli sahəsi üzrə əməliyyatlar meneceri olan Orxan Quliyev bu il iyunun 15-dən etibarən BP-nin texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse prezidenti təyin olunur.
Qurumdan Lent.az-a verilən məlumata görə, bu yeni vəzifədə Orxan BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun üzvü olmaqla regional əməliyyat risklərinə müstəqil baxış və risklərə qarşı baryerlərin gücünü təsdiq edən əminlik fəaliyyətinin icrasına cavabdeh olacaq.
Bu vəzifədə O.Quliyev BP-də 37 illik xidmətdən sonra təqaüdə çıxan indiki vitse prezident Robert Uottu əvəz edəcək ki, bu da BP-nin kadrların milliləşdirilməsi planına uyğundur.
BP-də çalışdığı 20 ildən artıq bir müddət ərzində Orxan Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əməliyyatlar və iri layihələr sahəsində təcrübə qazanıb.
Bundan əvvəl o, dənizdə əməliyyatlar üzrə qrup rəhbəri və platforma meneceri kimi yüksək texniki bilik və məsuliyyət tələb edən vəzifələrdə çalışıb. Daha öncə isə o, Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Boru Kəməri və Azəri-Çıraq-Günəşli layihələrində layihə mühəndisi və layihə meneceri kimi işləyib, həmçinin, BP-nin Birləşmiş Krallıqdakı mühəndis-layihə idarələrində müxtəlif vəzifələr tutub.
Orxan Azərbaycan Memarlıq və İnşaat Universitetininin inşaat mühəndisliyi üzrə maqistraturasını bitirdikdən sonra Azərbaycan Neft Akademiyasında qaz axınının dinamikası üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
O, həmçinin Böyük Britaniyanın Henli Kollecindən neft və qaz sənayesi idarəçiliyi üzrə diplomu var və 2014-cü ildə ABŞ-ın Boston şəhərində yerləşən Massaçusets Texnologiya İnsitutunun Əməliyyatlar Akademiyasını bitirib.
Orxan neft və qaz sənayesinin inkişafına töhfəsinə görə 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülüb.
Evlidir, iki övladı var.