Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsi üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib. Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə dəmir yolunun tikintisində hazırkı vəziyyət və görüləcək işlər müzakirə olunub. Nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirak etdiyi iclasda 2012-ci ilin büdcəsinin icrası, 2013-cü ilin büdcəsinin təsdiqi, layihə üzrə icra edilmiş işlər, dəmir yolu bağlantısının mövcud vəziyyəti, həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlər və digər məsələlər müzakirə edilib.
Ziya Məmmədov çıxışında Azərbaycan iqtisadiyyatının inkişafından, əldə edilmiş uğurlardan və perspektivlərdən danışıb, nəqliyyat infrastrukturunda aparılan islahatlar, yol-nəqliyyat kompleksində görülən işlər barədə də iclas iştirakçılarına ətraflı məlumat verib. Görüşdü bir daha qeyd olunub ki, Bakı-Tbilisi-Qars dəmir yolunun bu ilin sonunadək istismara verilməsi planlaşdırılır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə və əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.