“Azərbaycan iqtisadiyyatı ağır böhran içərisindədir. Neft sənayesində də böyük çətinliklər yaranıb. Bu böhrandan çıxmaq, Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək, xalqın rifahını qısa müddətdə lazımi səviyyəyə qaldırmaq üçün hamı əl-ələ verib müqavilənin həyata keçirilməsinə çalışmalıdır”. Bu sözlər 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında müqavilənin – “Əsrin müqaviləsi”nin imzalanma mərasimində prezident Heydər Əliyevin çıxışında yer alıb. Bu bəyanat təsadüfi deyildi. “Əsrin müqaviləsi” torpaqlarının 20 faizi işğal edilən, vətəndaş müharibəsi təhlükəsi yaşamış, müstəqilliyinə yönəlik ciddi təhdidlər olan, büdcəsində minimum sosial ehtiyacların qarşılanması üçün vəsait çatışmayan müstəqil Azərbaycan dövləti və xalqı üçün tarixi dönüş nöqtəsi idi. Tarixi təcrübə də göstərib ki, müstəqillik ilk növbədə iqtisadi bazislə şərtlənir və Azərbaycanın da təcrübəsi bunu bir daha təsdiqlədi. “Əsrin müqaviləsi”nin memarı olan bu böyük dövlət xadimi bilirdi ki, neft-qaz sektorundan əldə ediləcək gəlirlər həm də Azərbaycanın böhran vəziyyətinə düşmüş qeyri-neft sektorunun, regionlarının inkişafı üçün də əlverişli zəmin yaradacaq. Bir sözlə, “Əsrin müqaviləsi” ilə əsası qoyulan strategiya ümumən Azərbaycan iqtisadiyyatının inkişafının təminatçısı olmalı idi. Bu strategiya özünü doğrultdu. Əsrin müqaviləsi”ndən sonra ölkəyə transmilli şirkətlər axışmağa, yeni neft və qaz müqavilələri bağlanmağa başladı, əhəmiyyətinə görə “Əsrin müqaviləsi”ndən geri qalmayan Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Boru Kəməri çəkildi. Eyni zamanda Azərbaycan həm də dünya qaz bazarında aparıcı rollardan birinə yiyələnmək istiqamətində addımlar atmağa başladı, Bakı-Tiflis-Ərzurum Qaz Boru Kəməri layihəsi reallaşdırıldı. Hazırda Azərbaycan qazının Avropa ölkələrinə nəqli ilə bağlı TAP, TANAP və digər layihələri həyata keçirilir, bütün bunlar da sonda Azərbaycanın dünya qaz bazarında aparıcı rola yiyələnməsini şərtləndirəcək.
Əgər Azərbaycan iqtisadiyyatının ağır böhran vəziyyətində olduğu illərdə ölkədən yaxın və uzaq ölkələrə miqrasiya xarakterik idisə, tədricən bu, daxili miqrasiya ilə əvəzləndi və regionlardan Bakıya axın başladı. Çünki neft-qaz sektorunda sürətli inkişafla paralel olaraq paytaxt Bakı da sürətlə böyüyən, inkişaf edən, çoxlu sayda yeni iş yerlərinin açıldığı mərkəzə çevrilməyə başladı. Bu proses xüsusən 1998-2003-cü illərdə özünü qabarıq göstərdi. Paytaxta axını isə regionlarda qeyri-neft sektorunun inkişafına nail olmaqla tənzimləmək mümkündür. Elə qeyri-neft sektorunda ciddi uğurların əldə edilməsi də ilk növbədə regionlarda sosial-iqtisadi inkişafa nail olmadan keçir. “Əsrin müqaviləsi” ilə əsası qoyulan kurs çərçivəsində bu istiqamətdə işlər 2003-cü ildən prezident İlham Əliyev tərəfindən davam etdirildi. Prezident İlham Əliyev 2004-cü il fevralın 11-də regionların sosial-iqtisadi inkişafı ilə bağlı 4 illik dövrü əhatə edən birinci Dövlət Proqramının təsdiq edilməsi barədə fərman verdi. 2009-cu ildə regionların sosial-iqtisadi inkişaf ilə bağlı 2013-cü ilə qədərki dövrü əhatə edən ikinci Dövlət Proqramı qəbul edildi. Dövlət başçısı 2014-cü il fevralın 27-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzaladı. Bir sözlə, milli neft strategiyası qeyri-neft sektorunun inkişafına da zəmin yaradıb. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz idisə, hazırda bu göstərici 5 faiz səviyyəsindədir. Bu göstərici qaçqın və məcburi köçkünlər üçün 75 faizdən 12 faizə enib. Azərbaycanda neftdən əldə edilən vəsait böyük ölçüdə sosial proqramların icrasına yönəldilib. Ölkəmizdə neftdən asılılıq da ildən-ilə azalır. Bu gün ümumi daxili məhsulun 70 faizdən çoxu qeyri-neft sektorunda istehsal olunur. 2020-ci il qədər isə iqtisadiyyatın neft amilindən asılılığının minimuma endirilməsi, qeyri-neft sektorunun iqtisadiyyatın əsas sahəsinə çevrilməsi hədəf seçilib.
Neft Fondumuz
Beləliklə, uzunmüddətli inkişaf proqramı olaraq həyata keçirilən neft strategiyasının əsas məqsədini ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə edilməsi təşkil edir. Milli neft strategiyasının əsasını xarici sərmayənin və təcrübənin cəlb olunması, çoxvariantlı ixrac sisteminin yaradılması və əldə olunmuş gəlirlərin səmərəli, şəffaf idarə edilməsi və istifadə olunması təşkil edir. Neft strategiyasının növbəti mərhələsi ölkənin neft yataqlarının xarici şirkətlər ilə birgə işlənməsindən əldə edilən neft gəlirlərinin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi təşkil edirdi. Bu məqsədlə Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis edilib. Neft Fondunun Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilib.
Real mənzərənin daha aydın olması üçün ARDNF-nin 2016-cı ilin yanvar-sentyabr ayları üçün hesabatına baxsaq, büdcə gəlirləri 6 618,6 milyon manat, büdcə xərcləri isə 3 823,1 milyon manat təşkil edib. 2016-cı ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 883,8 milyon manat təşkil edib. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 734,8 milyon manata bərabər olub. Hesabat dövrü ərzində ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 3 260,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 73,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 39,1 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 48,6 milyon manat vəsait ayrılıb. 20,8 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə 241,9 milyon manat, “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə isə 127,0 milyon manat vəsait ayrılıb. 2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11,9 milyon manat təşkil edib.
2016-cı il oktyabrın 1-ə Fondun aktivləri 2016-cı ilin əvvəlinə nisbətən 6,7% artaraq 35 822,1 milyon ABŞ dollarına bərabər olub.
ARDNF-in yaradılmasına və müstəqilliyin bazisi olan iqtisadiyyatın inkişafında roluna ekspert yanaşması necədir?
Şəffaflıq təşəbbüsü
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyir ki, ARDNF Norveç modelinə əsaslanan bir təşəbbüsdür. ARDNF-nin yaradılmasında əsas məqsəd neft satışından əldə edilən vəsaitin bir fonda, bir hesabda cəmləşməsinə nail olmaq və nəticə etibarilə həmin pulların digər büdcə pulları ilə birlikdə xərclənməsinin qarşısını almaqdan ibarətdir: “O dövrdə Dövlət Neft Fondunun yaradılması bütün hallarda müsbət bir addım idi. Bu, Norveç modelinə uyğun olaraq vəsaitlərin bir hesabda cəmləşməsinə gətirib çıxardı və imkan verdi ki, vəsaitlər Dövlət Neft Fondunun xətti ilə xərclənsin. Bu da büdcədə Dövlət Neft Fondunun transfertinin ayrıca görünməsinə, büdcədə neft pullarının payının müəyyənləşdirilməsinə imkan verdi. Neft satışından əldə edilən vəsait birbaşa büdcəyə daxil olursa, bu zaman həmin vəsaitlərin neft pulu kimi izlənilməsi, onun şəffaf və qeyri-şəffaf xərclənməsini müəyyənləşdirmək mümkün deyildi. Lakin neft pulları bir Fonda yığılırsa və həmin Fond vasitəsi ilə istifadə olunursa, bu, vəsaitlərin hərəkətinin izlənilməsinə imkan verir”.
V. Bayramov qeyd edib ki, ARDNF Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə üç tərəfdən biridir. ARDNF hökumət adından bu təşəbbüsdə təmsil olunur. Ona görə də ARDNF-in şəffaflığın təmin edilməsi baxımından kifayət qədər böyük öhdəliyi var, birbaşa şəffaflığın təmin edilməsinə məsul olan qurumdur.
Bəs dövrün dəyişən reallıqları, çağırışları fonunda ARDNF-in fəaliyyətində hansı yeniliklərə, təkmilləşməyə ehtiyac var?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri hesab edir ki, növbəti, postneft dövründə Dövlət Neft Fondu fəaliyyətinin postneft dövrünün qanunauyğunluqlarına olaraq qurulması vacibdir: “Öncə də qeyd etdiyimiz kimi, Dövlət Neft Fondu Norveç modelinin bir elementidir və Azərbaycan bu sahədə Norveç modelini istifadə etdiyini bildirib. Daha məqsədəuyğundur ki, Norveçdə olduğu kimi Azərbaycanda da Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcmində konkret limitlər müəyyənləşdirilsin. Bu limitlər daxilində Dövlət Neft Fondunun vəsaitləri dövlət büdcəsinə ödənilsin ki, bu halda artıq vəsaitlərin əhəmiyyətli hissəsi büdcə transfertləri vasitəsi ilə xərclənməsin. Tutaq ki, bu, Dövlət Neft Fondunun büdcə qarşısındakı öhdəliklərinin optimallaşdırılmasına gətirib çıxara bilər. Digər tərəfdən, şəffaflıq təşəbbüsünün gəlirlərlə yanaşı xərcləmələrə də aid edilməsinə ehtiyac var. Nəzərə alsaq ki, Dövlət Neft Fondu vəsait müxtəlif qurumlara, xüsusən sosial ayrılmaların maliyyələşdirilməsi ilə bağlı ödənir, bu baxımdan xərcləmələrdə də gəlirlərdə olan meyarların tətbiq edilməsi daha məqsədəuyğundur. Nəhayət, yaxşı olardı ki, Dövlət Neft Fondu xərcləmələrdə xüsusən özü tərəfindən sosial layihələrə, infrastruktur layihələrə ayrılan vəsaitlərin auditini keçirsin. Həmin auditin nəticələrinin də ictimaiyyətə açıqlanmasına ehtiyac var. Nəticə etibarilə Dövlət Neft Fondu vəsaitlərin xərclənməsinə nəzarət mexanizmlərini daha da genişləndirə bilər”.
Qeyri-neft sektorunun inkişafında ARDNF-dən gözləntilər
V. Bayramov postneft dövrünü nəzərə alaraq, Dövlət Neft Fondunun investisiya strategiyasının yenidən işlənməsini də məqsədəuyğun sayır. Az riskli, az gəlirli alətlərlə yanaşı çox gəlir gətirən alətlərə investisiya edilməsi mümkündür: “Çünki neft bumu dövründə konservativ siyasət daha əhəmiyyətli, cəlbedici idisə, indiki dövrdə konservativ siyasətin daha gəliri siyasətlə əvəz olunmasına ehtiyac var. Bu, postneft dövründə vəsaitlərin idarə edilməsində daha çox gəlirin əldə edilməsinə şərait yarada bilər. Dövlət Neft Fondunun vəsaitləri daha çox xarici ölkələrdədir. Eyni zamanda daxildə sosial proqramların maliyyələşdirilməsinə yönəldilir, o cümlədən Beynəlxalq Banka ödəniş həyata keçirilib. Digər hallarda Dövlət Neft Fondunun vəsaitlərinin xarici ölkələrdə saxlanılması həyata keçirilir. Biz əslində təklif edirik ki, vəsaitlərin bir qismi ölkəyə gətirilsin və kredit formasında banklar vasitəsi ilə kiçik və orta sahibkarlara verilsin. Postneft dövrünün əsas tələblərindən biri odur ki, isti pulların iqtisadiyyata daxil olmasına nail olmaq mümkün olsun. Bu baxımdan postneft dövrünün tələblərinə uyğun olaraq daha bizim qiymətləndirmələrə görə, Dövlət Neft Fondunun 2 milyard dollar vəsaiti banklar vasitəsi ilə mərhələli şəkildə xüsusən kiçik və orta sahibkarlara güzəştli kredit formasında verilməsi məqsədəuyğun olar. Bu, real sektorun canlanması üçün zəmin yaradar. Çünki bu gün kiçik və orta sahibkarların vəsaitə ehtiyacı var. Əgər kiçik və orta sahibkarlar belə güzəştli kreditlərlə təmin olunarlarsa, nəticədə sahibkarlıq və iqtisadiyyatın canlanması mümkün olar”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri ARDNF-in vəsaitlərinin ölkədə böyük, strateji hesab edilən müəssisələrin tikintisinə yönəldilməsini isə məqsədəuyğun saymır. Çünki Nigeriya modeli göstərib ki, neft pullarının böyük müəssisələrinin tikintisinə yönəldilməsi heç bir halda səmərəli deyil: “Bu gün Nigeriya modelinin səmərəsiz olmasının səbəblərindən biri də vəsaitin məhz böyük, kifayət qədər bahalı müəssisələrin, zavodların tikintisinə yönəldilməsidir. Bu da Nigeriya modelinin uğursuz model kimi tarixə düşməsinə səbəb oldu. Ona görə də kiçik və orta sahibkarlığın güzəştli kreditlər formasında dəstəklənməsi daha məqsədəuyğundur”.
V. Bayramov vurğulayır ki, bütövlükdə Dövlət Neft Fondunun yaradılması və vəsaitlərin bir Fonda yığılması, xərcləmələrin bir Fonddan həyata keçirilməsi müsbət haldır: “Güman edirəm ki, Dövlət Neft Fondu da postneft dövründə qeyd edilən istiqamətlər üzrə fəaliyyətini genişləndirib, praktik olaraq Norveç modelində olduğu kimi həm indiki, həm də gələcək nəsillər üçün vəsaitin xərclənməsi və saxlanılmasını həyata keçirə bilər”.
Ramiz Mikayıloğlu
Qeyd: Yazı Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycanın müstəqilliyinin iqtisadi bünövrəsində milli neft strategiyasının rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.