Azərbaycanda sahibkarlar risk qrupları əsasında yoxlanılacaq
14 may 2013 16:26 (UTC +04:00)

Azərbaycanda sahibkarlar risk qrupları əsasında yoxlanılacaq

Bu gün Milli Məclisdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında ” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

 

Lent. az -ın verdiyi məlumata görə, qanun layihəsi barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

 

Ziyad Səmədzadə deyib ki, 10 fəsildən ibarət olan sənəddə qeyd edilir ki, bu qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə həyata keçirilmiş yoxlamaların, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilən yoxlamaların hüquqi nəticəsi yoxdur və onların gedişində aşkar olunmuş qanun pozuntuları barəsində məsuliyyət  tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq fəaliyyətinə irəli sürülən məcburi tələblər müəyyən edən qanunvericilik aktlarına (o cümlədən, texniki normativ hüquqi aktlara) sahibkarların sərbəst, ödənişsiz və məhdudiyyətsiz çıxışı təmin olunur.  Plan üzrə (növbəti) yoxlamaların planlaşdırılması və keçirilməsi məqsədilə, fəaliyyəti yoxlanılan bütün sahibkarlar yüksək, orta və aşağı risk qrupuna bölünür. Sahibkarların risk qrupları üzrə bölüşdürülməsi risk qruplarının müəyyənləşdirilməsi meyarları əsasında hər yoxlayıcı orqan tərəfindən onun nəzarət sahəsinə uğun həyata keçirilir və onun yoxladığı bütün sahibkarlara şamil edilir. Risk qruplarının müəyyənləşdirilməsi meyarları sahibkarların fəaliyyətinin kəmiyyət və (və ya) keyfiyyət göstəriciləri (xüsusiyyətləri) əsasında müəyyən edilir. Hər bir yoxlayıcı orqanın nəzarət sahəsi üzrə risk qruplarının müəyyənləşdirilməsi meyarları həmin yoxlayıcı orqan tərəfindən hazırlanır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Hər bir yoxlayıcı orqan yoxladığı sahibkarları risk qrupları üzrə bölüşdürərkən aşağıdakı şərtlərə əməl etməlidir :

- yoxlanılan bütün sahibkarların ümumilikdə 10 faizindən çox olmayan hissəsi yüksək risk qrupuna aid edilməlidir;
- yoxlanılan bütün sahibkarların ümumilikdə 30 faizindən çox olmayan hissəsi orta risk qrupuna aid edilməlidir;
- yüksək və orta risk qruplarına aid edilməyən sahibkarlar aşağı risk qrupuna aid edilməlidir.
- Risk qruplarının müəyyənləşdirilməsi meyarları (onların məzmunu və seçilməsi) üç ildə bir dəfədən az olmayaraq yenidən təhlil edilir.
- Yoxlayıcı orqanın nəzarət sahəsi üzrə risk qruplarının müəyyənləşdirilməsi meyarları təsdiqlənməyibsə, həmin yoxlayıcı orqan plan üzrə (növbəti) yoxlama apara bilməz.

Sahibkarlarda plan üzrə (növbəti) yoxlamaların aparılması dövriliyi sahibkarın aid olduğu risk qrupundan asılıdır. Hər risk qrupu üçün plan üzrə (növbəti) yoxlamaların aparılması dövriliyi müəyyən edilir. Plan üzrə (növbəti) yoxlamalar bu maddənin tələblərinə uyğun hər risk qrupu üçün müəyyən edilmiş dövrilikdən artıq dövriliklə aparıla bilməz. Plan üzrə (növbəti)  yoxlamalar aşağıdakı dövriliklə aparılır:

- Yüksək risk qrupuna aid edilən sahibkara münasibətdə - ildə bir dəfədən çox olmayaraq;
- Orta risk qrupuna aid edilən sahibkara münasibətdə - iki ildə bir dəfədən çox olmayaraq;
- Aşağı risk qrupuna aid edilən sahibkara münasibətdə - üç ildə bir dəfədən çox olmayaraq.

Yeyinti məhsullarının təhlükəsizliyinə nəzarət sahəsində plan üzrə (növbəti)  yoxlamaların aparılması tezliyi aşağıdakı kimidir:
- Yüksək risk qrupuna aid edilən sahibkarlara münasibətdə - altı ayda bir dəfədən çox olmayaraq;
- Orta risk qrupuna aid edilən sahibkarlara münasibətdə - ildə bir dəfədən çox olmayaraq;
- Aşağı risk qrupuna aid edilən sahibkarlara münasibətdə - iki ildə bir dəfədən çox olmayaraq.

Foto, audio və video materiallar, kompüter məlumatı və digər məlumat daşıyıcıları yoxlamanın materiallarına əlavə edilir və saxlama müddəti ərzində saxlanılır. Foto, audio və video materiallar sahibkarın icazəsi olmadan kütləvi informasiya vasitələrinə təqdim edilə bilməz. Sahibkar keçirilən yoxlama tədbirlərinin foto, video çəkilişini və audio yazılışını apara bilər. Sahibkar istədiyi halda yoxlamada köməklik göstərilməsi üçün ictimai təşkilatların nümayəndələrini və ya istənilən üçüncü şəxsləri dəvət edə bilər. Yoxlayıcı orqan aşağıdakı şərtlərin birgə mövcud olduğu hallarda sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edir:
-  yoxlama zamanı aşkar edilmiş qanun pozuntusu insan həyatı və ya sağlamlığı, ətraf mühit və dövlətin əmlak maraqları üçün birbaşa və mühüm təhlükə yaradır;
- həmin qanun pozuntusunun dərhal aradan qaldırılması mümkün deyil;
- məhdudlaşma ilə bağlı səlahiyyətlər yoxlayıcı orqanın nəzarət sahəsi üzrə qanunla nəzərdə tutulur.

Yoxlayıcı orqan tərəfindən bu qanunda göstərilən əsaslarla və müddətlərdə keçirilən plandankənar (növbədənkənar) yoxlama zamanı fəaliyyətin məhdudlaşdırılması haqqında qərarda göstərilən tədbirlərin sahibkar tərəfindən yerinə yetirilmədiyi və ya qismən yerinə yetirildiyi aşkara çıxarılarsa, yoxlayıcı orqan sahibkarın fəaliyyətinin təkrar məhdudlaşdırılması barədə qərar qəbul edir.

 

Millət vəkili Tahir Rzayev yoxlamaların bir dövlət qurumu tərəfindən aparılmasını zəruri sayıb. Onun sözlərinə görə, bir neçə qurumun yoxlama aparması şəxsi maraqların ortaya çıxmasına yol açıb. Millət vəkili Aydın Abbasov deyib ki, qanun layihəsindəki yoxlama sözü sahibkarlar tərəfindən müxtəlif cür qarşılana bilər: “Yoxlama sözünün nəzarət sözü ilə əvəzlənməsi daha yaxşı olardı. Digər tərəfdən, bank yoxlamalarının vahid yoxlama reyestrinə salınması sistemli risklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan bu qanunun bank sisteminə şamil edilməsini məqsədəuyğun saymıram ”.

 

Vitse-spiker Valeh Ələsgərov qanun layihəsinin adının dəyişdirilməsinin onun konsepsiyasını dəyişdirəcəyini vurğulayıb.  Millət vəkili Arif Əşrəfov hazırda Ədliyyə Nazirliyinin qərarı olmadan hər hansı dövlət qurumunun hansısa təsərrüfat subyektində yoxlama aparmaq səlahiyyətində olmadığını nəzərə çatdırıb. O, bu istiqamətdə təkliflərini Ziyad Səmədzadəyə təqdim etdiyini söyləyib.

 

Millət vəkili Zahid Oruc isə bu qanun layihəsinin müzakirəsində iştirakda maraqlı olduğunu qeyd edib: “İndi bəzilərinə qəribə gələ bilər ki,  iş adamı olmayan Zahid Oruc niyə danışır. Çünki danışanların bəziləri yəqin ki, keçmişdə bu və ya digər şəkildə sahibkarlıqla məşğul olub ”.

Zahid Oruc vurğulayıb ki, sahibkarların durumu nə qədər yaxşı olacaqsa, ölkənin durumu da o qədər yaxşı olacaq: “Yoxlama adı niyə qıcıq doğurur? Çünki bu ad altında sahibkarlığa ciddi müdaxilələr var? Digər tərəfdən, kim müəyyənləşdirəcək ki, hansı sahibkar hansı risk qrupundadır?! Yenə xahişlər, minnətlər başlayacaq. Keçmişdə daşınan ticarət yüklərinin əksəriyyəti əlil və şəhid ailələrinin adları altında daşınırdı. Biz dünyadan fərqli olaraq yeni nə isə kəşf etməməliyik”.

 

 

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1231
avatar

Oxşar yazılar