Bu gün Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya regionlararası forum keçirilib.
"APA-Economics" xəbər verir ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi və Rusiyanı İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda hər iki ölkənin dövlət rəsmiləri, parlament və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və sair sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Foruma Rusiyanın 9 subyektindən 250-dən çox, Azərbaycan Tərəfdən isə 300-ə yaxın olmaqla ümumilikdə 600 iştirakçı qatılıb.
Forumda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Rusiya Prezident Administrasiyasının Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov dövlət başçılarının forum iştirakçılarına təbrik məktublarını oxuyublar.
Forumda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev tədbirin keçirilməsinin Azərbaycan və Rusiya dövlət başçılarının təşəbbüsü olduğunu və artıq ənənəyə çevrildiyini vurğulayıb. O bildirib ki, Azərbaycanın bu formatda tədbiri yalnız Rusiya ilə təşkil etməsi iki ölkə arasında uğurlu əməkdaşlığın göstəricisidir: "Əminəm ki, builki forum da əvvəlki illərdə keçirilmiş forumlar kimi Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin inkişafına öz töhfəsini verəcək".