Son iqtisadi proseslər fonunda Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan turistlər nisbətən aşağı büdcəli marşrutlar seçməyə başlayıb.
"APA-Economics" "Gulf News" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli turizm şirkətləri məlumat verib.
"Artıq BƏƏ-dən olan turistlər məzuniyyətini dəniz kənarında keçirmək niyyətində deyil. Onlar indiyədək olmadıqları ölkələri və şəhərləri kəşf etmək istəyirlər. Daha çox Sinqapur, Tayland, Malayziya, Maldiv adaları, Azərbaycan, Gürcüstan kimi ölkələr populyardır", - deyə turizm şirkətlərindən birinin rəhbəri bildirib.
Aşağı büdcəli marşrutlar arasında Azərbaycan və Gürcüstan göstərilib. Bildirilir ki, Azərbaycanda istirahət ərəblərə 490 dollara, Gürcüstanda isə 430 dollara başa gələcək.