APA-nın verdiyi xəbərə görə, bu sessiyanın əsas məqsədinin regionla bağlı yeni məlumatlar əldə etməkdən ibarət olduğunu diqqətə çatdıran aparıcı tədbirə qatılanların əksəriyyətinin ötən ilin aprel ayında Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda keçirilən Dünya İqtisadi Forumunda iştirak etdiyini bildirib və Cənubi Qafqazı maraq doğuran region adlandırıb. Sessiyada çıxış edən prezident İlham Əliyev regional əməkdaşlığın gücləndirilməsi üçün Azərbaycanın böyük işlər gördüyünü qeyd edib: “Bildiyiniz kimi, Azərbaycan regionda enerji layihələrinin təşəbbüskarı olub və bu, geniş regional əməkdaşlığa öz töhfəsini verib. İlk olaraq, neft boru kəmərini qeyd etmək istəyirəm. Bu layihə regional tərəfdaşlar qismində Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirdi. Layihə başa çatdıqdan sonra Mərkəzi Asiya dövlətləri onun tranzit imkanlarından bəhrələnməyə başladılar”.
Dövlət başçısı bütün iştirakçı dövlətlərin layihədən faydalandığını bildirərək, onların yeni bazarlara çıxış və yeni ixrac marşrutları əldə etdiklərini qeyd edib: “Əslində Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqilliyinin bərpa olunmasından sonra enerji amili regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edib. Biz bu işləri daha da sürətləndirməyə müvəffəq olmuşuq və hazırda nəqliyyat infrastrukturu üzərində çalışırıq”.
Prezident İlham Əliyev Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın artdığını qeyd edib: “Bu ölkələrdə ümumi daxili məhsulun artımı böyükdür və bu göstərici dünya üzrə orta göstəricilərdən daha çoxdur, həmçinin artım potensialı da böyükdür. Düşünürəm ki, 22 il əvvəl Sovet İttifaqı adlanan böyük bir ailənin üzvləri hesab olunan ölkələr arasında əməkdaşlığı gücləndirmək uçun siyasi iradə mövcuddur. Bu gün bu ölkələr müstəqildir və hər bir dövlət özü üçün həm siyasi, həm də iqtisadi inkişaf yolu müəyyən edib, iqtisadi potensialdan qaynarlanan sosial proqramlar həyata keçirir. Ancaq regional əməkdaşlıq əlavə fürsətlər də yaradır, daha münbit biznes və sərmayə mühitinin yaradılmasını təşviq edir”.
“Biz regionumuzda, həmçinin Mərkəzi Asiyada cərəyan edən hadisələri yaxından izləyirik. Xalqlarımız arasındakı ənənəvi dostluq əlaqələri regional əməkdaşlıq formatının yaradılmasına xidmət edir. Azərbaycana gəldikdə biz bu məsələlər üzrə bundan sonra da fəal işləməyə davam edəcəyik və gələcəkdə yeni əməkdaşlıq sahələrinin müəyyən olunması üçün bütün zəruri tədbirləri görəcəyik”, deyə dövlət başçısı çıxışında bildirib.
“Bu əməkdaşlığın yeni təşəbbüslərin yaranmasına və artıq həyata keçirilən işlərə töhfə verdiyini nəzərə alsaq, Azərbaycan üçün hansı prioritetləri müəyyən etmisiniz?” sualına cavab verən prezident İlham Əliyev hazırda əsas prioritetin nəhəng enerji layihələrinin icrası olduğunu qeyd edib: “Mən ötən ay icrasına başladığımız “Şahdəniz-2” layihəsini nəzərdə tuturam. Layihəyə əsasən iki qaz boru kəməri inşa ediləcək - biri Türkiyə ərazisindən, digəri isə Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya istiqamətlənəcək. Biri Trans-Anadolu, digəri isə Trans-Adriatik kəməri adlanır. Bu iki layihə nəhəng yataqlardan təbii qazın nəqlini nəzərdə tutur və bu, Avropanın ən iri infrastruktur layihəsi olacaq”.
Dövlət başçısının sözlərinə görə, bununla da Azərbaycan regional əməkdaşlıq baxımından qarşıda duran ən böyük çağırışlardan biri bu layihənin olduqca qısa zamanda, yəni, 5 il ərzində başa çatdırılmasıdır: “Cənubi Qafqazın iki ölkəsi – Gürcüstan və Azərbaycan bu istiqamətdə fəal şəkildə çalışır. Gələcəkdə isə Mərkəzi Asiya dövlətləri inşa olunacaq infrastruktura qoşula bilərlər, çünki bu, enerji təchizatının şaxələndirilməsi üçün əlavə imkan deməkdir”.
Prezident İlham Əliyev daha bir vacib layihənin Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək dəmir yolu layihəsi olduğunu bildirib: “Bu, Avropanı və Asiyanı birləşdirəcək layihədir və yeni “İpək yolu” hesab olunur. İnşaat işləri davam etməkdədir. Ümid edirəm ki, dəmir yolu xətti 2015-ci ildə istifadəyə veriləcək. Yəni, bu, həm nəqliyyat, həm enerji əlaqəsidir, eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu demək. Xüsusilə, əlavə maddi resurslara malik olan ölkələr yeni sərmayə imkanları axtarırlar və düşünürəm ki, bu gün Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya sərmayə qoyuluşu baxımından əlverişli məkanlardır. Çünki burada inkişaf edən bazarlar mövcuddur, sürətli əhali artımı və dinamik iqtisadi inkişaf potensialı var.
Dövlət başçısı, beləliklə, nəqliyyat, enerji və ticarətlə bağlı yeni ideyalar bu il ərzində aparıcı istiqamətlər ola biləcəyini qeyd edərək, çıxışını yekunlaşdırıb.