Müəllif haqqında: Nəbiyev Elçin Mehman oğlu, Azərbaycan Respublikası Dövlət İqtisad Universiteti Beynəlxalq İqtisadi Münasibətlər Fakültəsinin məzunu, Azərbaycan İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər Fakültəsinin 2-ci kurs magistrantı, Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşı, 3-cü dərəcəli Dövlət Vergi Müfəttişi.
Məqalədə Azərbaycan Respublikasında həyata keçirilən, informasiya cəmiyyətlərinə xas olan elektron idarəetmə sistemi “elektron hökumət” layihəsi araşdırılmış, ölkədə bu sahədə görülən işlər qısa məzmunda öz əksini tapmışdır.
Məqalədə həmçinin layihə ilə bağlı meydana çıxan problemlər qeyd olunmuş və onların həlli üçün atılacaq addımlar, eləcə də layihənin inkişaf perspektivləri və gözləntilər əks olunmuşdur.
Layihə haqqında: “Elektron hökumət” layihəsi ümummilli lider Heydər Əliyev tərəfindən 2003-cü ildə imzalanmış “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmışdır. “Elektron hökumət”in tətbiqi sahəsində görülən işlər “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan) qəbul edilməsi ilə daha geniş vüsət almış və hazırda 2010-2012-ci illəri əhatə edən ikinci “Elektron Azərbaycan” Dövlət Proqramı və “Azərbaycan Respublikasında «Elektron hökumət»in formalaşdırılması üzrə Fəaliyyət Proqramı”na uyğun olaraq davam etdirilməkdədir. Bu proqramlarla yanaşı iqtisadi və sosial sahələr üzrə təsdiq edilmiş 20-dək dövlət proqramı çərçivəsində “elektron hökumət” layihələri həyata keçirilməkdədir Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin təşkilinə və vətəndaşların dövlət orqanlarının göstərdiyi elektron xidmətlərdən “bir pəncərə” prinsipi əsasında istifadəsinə şərait yaratmaq məqsədilə www.e-gov.az “elektron hökumət” portalı yaradılaraq istifadəyə verilmişdir.
“Elektron hökumət” -in məqsədi bir necə istiqamətlərdə əhatə olunur. Buraya əhaliyə İnternet şəbəkəsində inteqrir formada xidmətlərin təqdimatı, informasiya bərabərsizliyinin aradan qaldırılması, bütün həyatı boyu insanlara öyrənməyə, oxumağa imkanlar açmaq, iqtisadiyyatın inkişafına yardım etmək, zaman maneələrini təcrid edən müqabil idraklı qanunların işlənməsi, daha çox vətəndaşın iştirakını təmin edən idarəetmə formalarının yaradılması və s. daxildir.
Vətəndaşlara və biznesə hökumət xidmətlərinin təqdimatının optimallaşdırılması, seçicilərin ölkəyə rəhbərlik və idarəetmə proseslərində iştirak səviyyəsinin yüksəldilməsi, vətəndaşların özünə xidmət imkanlarının dəstəklənməsi və genişləndirilməsi, onların ixtisasının və texnoloji məlumatlandırılmasının artımı, coğrafi yerləşmə amilinin mülayimləşdirilməsi kimi mühüm komponentlər də “elektron hökumət”in məqsədini ehtiva edir. "Elektron hökumət"in başlıca funksiyası özünün bütün vətəndaşlarına dövlət müəssisələrinin bütün xidmətlərinə tez, sadə çıxışı təmin etmək və dövləti idarə etməkdə iştirak etmək kimi konstitusiya hüququnu reallaşdırmaq imkanı verməkdir.
Mövcud vəziyyət. Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İKT sahəsinə verilən diqqəti və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq, 16 yanvar 2013-cü il tarixli sərəncamına əsasən 2013-cü ili Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxışı zamanı deyib: “İKT sektoru 2004-2013-cü illər üzrə hər 3 ildə təxminən 2 dəfə genişlənib və 2012-ci ildə isə sektorun artım tempi təxminən 18% olub.
Bu isə ümumdünya orta artım tempindən təxminən 2,5 dəfə yüksəkdir” . İKT sahəsində qazanılan bu uğurların məntiqi nəticəsi olaraq, dövlətin ənənəvi idarəetmə metodundan yeni, innovativ idarəetmə metodu olan "Elektron hökumət”-idarəetmə metoduna keçməsi mühüm bir vəzifə olaraq qarşıya qoyulmuşdur.
Hazırda Avropa İttifaqı ölkələrində vətəndaş cəmiyyətinə və biznes sektoruna göstərilən 20 əsas elektron xidmət növünün bir çoxu, o cümlədən rəsmi sənədlərin verilməsi, vergi və gömrük bəyannamələrinin, statistik hesabatların təqdim olunması, məşğulluq orqanları vasitəsilə iş axtarışı, ali məktəblərə və dövlət qulluğuna qəbul üzrə test imtahanlarında iştirak etmək üçün elektron ərizələrin qəbulu və s. ölkəmizdə də tətbiq edilməkdədir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli fərmanı dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətində səmərəliliyinin və şəffaflığının artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasında elektron xidmətlərin təşkilinin
əhəmiyyətini önə çəkərək bu istiqamətdə işlərin sürətləndirilməsinə ciddi təkan vermişdir. Dövlət orqanları tərəfindən xüsusən əhali ilə bilavasitə təmasda həyata keçirilən xidmətlərin, o cümlədən fərdi sahibkarların və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatı, daşınmaz əmlaka dair çıxarışların və arayışların verilməsi, gətirilən və aparılan malların bəyan edilməsi, məcburi dövlət sosial sığortası üzrə hesabatların və sığortaolunanlar barədə məlumatların təqdim olunması, ünvanlı sosial yardım və pensiya təyinatı üçün ərizələrin, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin qəbulu və s. elektron formada göstərilməsi təmin edilmişdir və bu say gündən-günə artır. Bir sıra dövlət orqanlarında göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinə şərait yaradılmışdır.
Vətəndaşlar "Elektron hökumət”-lə bağlı ölkədə aparılan bütün tədbirlər haqda ətraflı məlumatlarla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən hər ay dərc olunan “Elektron Hökumət” bülletenləri vasitəsilə tanış olmaq imkanı əldə etmişdir. Bülletenin 8 sayı artıq dərc olunmuşdur və www.egov.az saytında yerləşdirilmişdir.
Son illərdə dünyada smartfonların istehsalı və istifadəsi çox sürətlə artmışdır, hazırda dünyada təxminən 1 milyarda yaxın smartfon istifadəçisi var. Azərbaycanda da smartfon istifadəçilərinin sayı dayanmadan artır, çünki smartfonlar kifayət qədər hesablama gücünə malikdirlər və istifadəçilər smartfonlarda mövcud şifrələmə proqramlarından rahat istifadə edə bilərlər.
Bununçün ölkədə "Elektron hökumət” portalı vasitəsilə hər bir azərbaycanlını maraqlandıran istənilən məlumatların əldə olunması imkanlarının yaradılması üzrə işlər davam etdirilərək ,may ayında planşet və smartfon istifadəçiləri nəzərdə tutulmuş "Elektron hökumət" portalının mobil versiyası təqdim edilib.
Burada (www.e-gov.az/mini) istifadəçilər elektron xidmətlərdən sadə formada yararlanmaqla yanaşı, portalda yerləşdirilən xidmətlər haqqında ən yeni məlumatları daha rahat əldə edə bilərlər.
"Elektron Hökumət" Dünya Azərbaycanlılarının vahid informasiya məkanına çevrilir. Elektron Hökumət" portalı nəinki ölkə daxilində, hətta xarici ölkələrdən olan istifadəçilər üçün də böyük maraq doğurub. Hazırda portalın istifadəçi auditoriyası yüksələn xətlə daha da genişlənməkdədir. Dünyanın bütün ölkələrindən, o cümlədən ABŞ, Rusiya, İngiltərə, Türkiyə, Almaniya, Rumıniya, Ukrayna, Danimarka və s. ölkələrdə yaşayan istifadəçilərin portala müraciət etməsi bizə portalın əhəmiyyətindən xəbər verir. Buna əsasən qeyd edə bilərik ki, portal Dünya azərbaycanlılarının vahid informasiya məkanına çevrilməkdədir.
“Biz Azərbaycanı yüksək texnologiyalar sahəsində dəyişikliklərdə ön cərgələrdə görürük. Azərbaycan bu sahədə region ölkələri üçün nümunəyə çevrilir”. Bu fikri BMT baş katibinin qlobal tərəfdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Əmir Dossal Bakıda səfərdə olarkən söyləyib. İnkişafın digər bir göstəricisi kimi Əfqanıstan hökumətinin elektron idarəçilik sahəsində Azərbaycanın təcrübəsini inkişaf modeli kimi qəbul etməsini də misal göstərmək olar. Bir çox inkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələr Azərbaycanın uğurlu inkişaf modelini nəzərdən keçirir və onun təcrübəsindən yararlanmağı qarşılarına əsas məqsəd kimi qoyurlar. Əfqanıstan İslam Respublikası da onlardan biridir. Əfqanıstanın inkişafına Azərbaycanın dəstəyi ən çox e-idarəçilik sahəsində özünü büruzə verir.
"Elektron xidmətlərin geniş tətbiqi şikayətlərinin azalmasına səbəb olub. Ölkədə korrupsiyaya qarşı aparılan mübarizə, əhaliyə verilən xidmətlərin yaxşılaşdırılması istiqamətində atılan addımların nəticələrini əyani olaraq görürük". Bu fikirləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Facebook" sosial şəbəkəsində paylaşıb. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində qeyd edib: “Biz korrupsiya, rüşvətxorluq üçün mövcud olan meydanı maksimum dərəcədə daraltmalıyıq. "Elektron xidmət”, "Elektron hökumət” layihələri bu istiqamətdə atılan çox önəmli addımlardır”. Korrupsiyaya qarşı mübarizədə Elektron hökumətin xüsusi bir vasitə kimi böyük əhəmiyyətə malik olması dünya təcrübəsində də öz bəhrəsini verib, eləcə də Azərbaycanda da artıq bu sahədə müsbət nəticələr əldə olunmuşdur.
Əhali tərəfindən sosial şəbəkələrdən istifadənin yüksək səviyyədə artması 78 dövləti “Twitter”-də, “Facebook”-da və başqa şəbəkələrdə öz rəsmi səhifələrini açmağa təhrik etmişdir. Ölkəmizdə də son zamanlar sosial şəbəkələrin fəallığını nəzərə alaraq "Elektron hökumət" portalının rəsmi "Facebook" səhifəsi yaradılmışdır (www.facebook.com/egov.az), və bu səhifə istifadəçilərin ən çox izlədiyi səhifələrdən birinə çevrilmişdir. Hazırda "Elektron hökumət" portalının rəsmi "Facebook" səhifəsinin istifadəçilərinin sayı 66 000-i keçmişdir.
Sözügedən "Facebook" səhifəsi vasitəsilə "Elektron hökumət"in formalaşması istiqamətində görülən və nəzərdə tutulan işlər, layihələr haqda, dövlət strukturlarının göstərdiyi elektron xidmətlər barəsində məlumatlar əldə etmək və eyni zamanda ölkəmizdə informasiya cəmiyyəti quruculuğunda aparılan işləri təhlil və müzakirə etmək mümkündür. Qeyd edək ki, "Elektron Hökumət" Portalı üzərindən e-xidmətlərdən faydalanmaq istəyən istifadəçilər "Facebook" səhifəsinə daxil olaraq öz fikirlərini bildirir və paylaşırlar. Səhifəyə ünvanlanan suallar sosial tələb olaraq qəbul edilir, operativ şəkildə cavablandırılır, irəli sürülən təklif və rəylər mütəmadi olaraq nəzərə alınır.
“Elektron hökumət”-lə bağlı statistik məlumatları da qeyd etmək istəyirəm. Belə ki, “Elektron hökumət” portalı 2012-ci il 25 aprel tarixində istifadəyə verildiyi zaman 16 mərkəzi icra hakimiyyəti orqanı portala qoşulmuşdur, onların portal vasitəsilə təqdim etdiyi xidmətlərihn sayı isə 60-a yaxın olmuşdur. Portalın istifadəyə verilməsindən çox uzun müddət keçməsə də bu sahədə aparılan kompleks tədbirlər nəticəsində portala qoşulan mərkəzi icra hakimiyyəti orqanlarının və onların portal vasitəsilə təqdim etdikləri xidmətlərin sayı dayanmadan artmışdır. Hazırkı məlumatlara əsasən hazırda “elektron hökumət” portalına 40 dövlət orqanının informasiya sistemləri qoşulmuş və bu qurumların 236 növ elektron xidmətlərinin portal vasitəsilə həyata keçirilməsi təmin olunmuşdur. Cari ilin iyul ayı üzrə aparılan monitorinqlər portala 25 094 nəfərin daxil olduğunu göstərir. Belə ki, ay ərzində bu istifadəçilər tərəfindən 37 478 dəfə daxilolma həyata keçirilib və 73964 dəfə elektron xidmətlərdən istifadə edilib.
Səhifələrə baxışların ümumi sayı isə 142 917 ədəd olub. Hər bir istifadəçinin portalda orta işləmə müddəti 5 dəqiqə 9 saniyə təşkil edib. 2013-cü ilin 7 ayı ərzində isə portala daxil olanların sayı 176495 nəfər təşkil edib. Eyni zamanda daxilolmaların sayı 288 853, istifadə edilmiş xidmətlərin sayı isə 341 306 ədəd, səhifələrə baxış sayı 986 813 ədəd olub. Hər bir istifadəçinin portalda orta işləmə müddəti 4 dəqiqə 30 saniyə təşkil edib.
“Elektron hökumət” -in effektivliyinin qiymətləndirilməsi, “elektron hökumətin inkişaf indeksi”. Müasir cəmiyyətdə informasiya mühiti əsasən şəbəkə strukturuna malikdir. İnformasiya mühitinin nöqtələri arasında əsas əlaqə forması – İnternetdir və o da bir subyektin digər bir subyektlə informasiya əlaqəsinin texnoloji imkanını təmin edir. Müxtəlif ölkələrdə informasiya mühitinin inkişafı zaman və məkan daxilində qeyri-müntəzəm baş verir və bu ölkələrin inkişaf səviyyəsindən asılıdır. Habelə qeyd etmək olar ki, ölkənin inkişafı və onun informasiya mühitinin inkişafı səviyyəsi ilə bütövlükdə e-hökumətin reallaşdırılması proqramını qiymətləndirmək olar.
E-hökumətin inkişaf prosesinin izlənməsi və onun effektivliyinin qiymətləndirilməsi məxsusi məsələlərdir belə ki, tədqiqat obyekti dinamik olub və zəif öyrənilib. Tədqiqatların çoxu e-hökumətlərin potensialının öyrənilməsinə yönəlib, yəni vətəndaşlar, biznes və dövlət strukturlarının özləri xidmət göstərərkən və istehlak edərkən informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək nə əldə edə bilərlər məsələsi daha çox araşdırılmışdır. BMTnin (Benchmarking E-government: A Global Perspective) apardığı tədqiqatda e- hökumətin “inkişaf indeksi” (e-Government index) anlayışı daxil edilib və onun qiyməti BMT-nin 192 ölkəsi üçün hesablanıb . Ölçmələr 3 parametrə görə aparılıb:
1) Ümumdünya hörümçək torunda movcud olmaq (Web presence)
2) Telekommunikasiya infrastrukturunun inkişafı (Telecommunications Infrastructure) 3)İnsan kapitalının inkişafı (Human Capital).
Ölkədə “elektron hökumət” infrastrukturunun müasir vəziyyəti qənaətbəxş hesab olunur. Bunu BMT hesabatlarında “Elektron hökumət inkişafı indeksi” üzrə Azərbaycanın 192 ölkə arasında 96-ci yerdə qərarlaşmasını da bir daha əsaslı edir.
“Elektron hökumət”-in cəmiyyətimizdə üzləşdiyi problemləri aşağıdakı şəkildə qruplaşdırmaq istərdim.
1) E-hökumətin əsas məqsədlərini gerçəkləşdirmək üçün informasiya cəmiyyəti qanunvericilik qarşısında vətəndaşların identifikasiyası və onların şəxsiyyətinin təsdiqi, elektron kommersiyasında vergiqoyma, kiberməkanda hüquqi münasibətlər, kiber-cinayətkarlıq və kiber-terrorizm kimi yeni çoxsaylı problemlər qoyur. Bundan irəli gələrək, dövlət bütün növ elektron əməliyyatlara etibar etmək, iqtisadi inkişaf və informasiya konfidensiallığının təminatı arasında zəruri tarazlığı saxlamaqla yeni çevik qanunvericilik formalaşdırmalıdır. Bu isə həm zaman , həm də təcrübə tələb edən məsələdir.
2) Ölkənin İKT infrastruru ilə tam təmin olunması problemi.
Qəbul olunmuş standartlara görə, elektron hökumətin effektivliyinin şərtlərindən biri əhalinin genişzolaqlı internetlə təmin olunmasıdır və BMT də internetə çıxışı insan hüquqlarının digər bir növü kimi tanıyıb. Ölkəmizdə bu sahədə böyük işlər aparılsa da, hələ ki, bir çox ucqar kəndlərdə, yaşayış məntəqələrində əhali telefon xətti, ADSL texnologiyası üzrə sürətli internet imkanlarıyla təmin olunmayıb. Bu sahədə digər bir məsələ isə ölkədə internetdən istifadənin qiyməti yüksək olaraq qalır, baxmayaraq ki, son illərdə bir qədər azalıb. Hazırda 1Mbit/s üçün təxminən 10 AZN təşkil edir. Minimum əməkhaqqı göstəricisi (93.50 AZN) ilə nisbətdə bu, 10% -dən artıq təşkil edir, halbuki, Türkiyədə , Rusiyada eləcə də digər dövlətlərdə bu göstəricilər nisbətən aşağıdır.
Əhalinin İKT imkanları ilə tam təmin olunması, eləcə də vətəndaşların maddi durumundan da çox asılıdır. Çünki, az sosial təminatlı ailələr ilk növbədə öz qida, məişət tələbatlarını qarşılamağa çalışırlar, bu isə onların İKT infrasturukturundan təcrid olunmasına səbəb olur.
3) Daha bir vacib məsələ də bu sahədə informasiya təhlükəsizliyinin təmin olunması problemidir. Çünki vətəndaşlar elektron təhlükəsizliyin təmin olunmasına tam əmin olmayınca , onların bu xidmətlərdən tam istifadə etməsi inandırıcı görsənmir. Vətəndaşların identifikasiyası və onların şəxsiyyətinin təsdiqi, konfidensiallıq və göstəricilərin mühafizəsi, xüsusən imzanın həqiqiliyinin təmin olunması üçün nəzərdə tutulan elektron imzanın təhlükəsizliyinin təminatı məsələsi xüsusi əhəmiyyətə malikdir. Bu sahəhə Avropa praktikasından istifadə olunmasını mütəxəssislər daha məqsədəuyğun hesab edir. Belə ki, Avropa ölkələrində tətbiq edilən elektron imzalı çipləri həm də gözün rəngi, barmaq izləri və s. biometrik məlumatlar tamamlayır, bu isə təhlükəsizliyin təmin olmasına zəmanət verir.
4) Daha bir problem Azərbaycanda "elektron hökumət" layihəsinin reallaşdırılması məqsədilə ixtisaslı kadrların yetişdirilməsidir. Bu sahədə xeyli işlər görülsə də, layihə yeni olduğu üçün hazırda ixtisaslı kadr çatışmazlığı problemi yaşanmaqdadır. Xüsusən də bu problem bölgələrdə mövcuddur, problemin aradan qaldırılması üçün beynəlxalq təcrübədən istifadə olunması və ölkənin müxtəlif yerlərində bu sahədə çalışan əməkdaşlarçün elmi-praktiki seminarların təşkil olunması, onların bu sahədə bilik və təcrübələrinin artırılması tövsiyə olunur.
İnkişaf perspektivləri və gözləntilər – Ölkəmizdə müasir tələblərə cavab verən idarəetmənin təşkil edilməsi, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığının təmin edilməsi və bürokratiyanın aradan qaldırılması üçün “elektron hökumət”in inkişafı, təkmilləşdirilməsi və elektron xidmətlərin göstərilməsi istiqamətində tədbirlərin davam etdirilməsi zəruridir .
Layihə Azərbaycanda yüksək sürətlə inkişaf etdiyindən, bu sahədə perspektivlər də kifayət qədər çoxdur.
Yaxın illər ərzində İKT sektorunda görüləcək işlər “Azərbaycan - 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası” – da geniş şərh olunmuşdur.
İnformasiya cəmiyyətinə keçidin təmin edilməsi, İKT-nin inkişafı ilə biliyə əsaslanan iqtisadiyyatın qurulması, dövlət və yerli özünüidarəetmə orqanlarında İKTnin tətbiqinin genişləndirilməsi və elektron xidmətlərin inkişaf etdirilməsi, Elektron Təhlükəsizlik üzrə Milli Mərkəzin fəaliyyətinin inkişaf etdirilməsi, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi, rəqabətqabiliyyətli və ixrac yönümlü İKT potensialının gücləndirilməsi Konsepsiya çərçivəsində qarşıda duran prioritet vəzifələrdəndir.
“Trans - Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin həyata keçirilməsi ilə region ölkələri arasında rəqəmsal fərqin aradan qaldırılması, güclü və dayanıqlı informasiya infrastrukturunun yaradılması hesabına ucuz və keyfiyyətli genişzolaqlı internetə çıxışın təmin edilməsi, e-ticarət, e-bazar sisteminin inkişaf etdirilməsi, eticarət əqdlərində iştirak edən iştirakçıların müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün qanunvericiliyin inkişaf etdirilməsi, həmçinin ölkənin qlobal informasiya məkanına inteqrasiyasının sürətləndirilməsi hədəflənir.
Qarşıdakı illərdə İKT və əqli mülkiyyətin qarşılıqlı təsirindən və əqli mülkiyyət hüquqları ilə qorunan bir çox obyektlərin qlobal rəqəmli şəbəkəyə miqrasiyasından çıxış edərək, on-line lisenziyalaşmaya və one-stop-shops formatında xidmətlərin göstərilməsinə əsaslanan rəqəmli hüquqların idarəçiliyi sistemi yaradılacaqdır.
Kompüter, telefon və mobil rabitə istifadəçilərinin sayı, evdən internetə və geniş zolaqlı rabitə xidmətlərinə çıxışı olan ev təsərrüfatlarının ölkə üzrə bütün ev təsərrüfatlarında payı, şagirdlərin sayının onlara ayrılan kompyuterlərin sayına nisbəti kimi zəruri göstəricilər daha da yaxşılaşdırılacaq, xüsusilə, bölgələrdə İKTnin tətbiqi genişləndirilməklə rəqəmli hazırlıq səviyyəsi yüksəldiləcəkdir. Telefon rabitəsi və internet xidməti tarifləri optimallaşdırılacaq, o cümlədən, TDM tipli ATS-lərin İP ATS-lərlə əvəz olunması, Wi-Fi texnologiyasının tətbiqinin daha da genişləndirilməsi, 4G texnologiyalı CDMA stansiyalarının qurulması həyata keçiriləcək, ölkədə universal telekommunikasiya və poçt xidmətlərinin təşkili başa çatdırılacaqdır. Qeyd etmək istərdim ki, 2012-ci ildə Azərbaycan 4-cü nəsil (4G) mobil rabitə texnologiyasını tətbiq edən Avropanın 9-cu, dünyanın isə 37-ci ölkəsi olmuşdur .
Elektron hökumətin formalaşdırılması ilə bağlı tədbirlər ardıcıl və mərhələli qaydada dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini, vahid infrastruktur əsasında öz aralarında təhlükəsiz informasiya mübadiləsinin həyata keçirilməsini, funksional vəzifələr üzrə exidmətlərin göstərilməsini, mövcud informasiya təhlükəsizliyinin təmin edilməsini, səriştəli istifadəçi və mütəxəssislərin hazırlanmasını və digər vacib istiqamətlərdə fəaliyyətləri nəzərdə tutur.
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tərəfindən "2013-2015-ci illərdə "Elektron hökumət"in inkişafı Dövlət Proqramı" layihəsi hazırlanır.
Təhsil-innovasiya-elmə əsaslanan biliklər iqtisadiyyatının formalaşdığı indiki zamanda ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün elmi tədqiqat layihələrinin stimullaşdırılması, elmi-texnoloji layihələrə dəstək verilməsi vacibdir. Bu məqsədlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” çərçivəsində Prezident yanında Elmin İnkişafı Fondu (EİF) ilə birgə “İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi” üzrə tədbirlərin icrasına başlayacaq. Qeyd edək ki, Tədbirlər Planında sözügedən bənd üzrə Elmin İnkişafı Fondu tərəfindən İKT istiqamətli bir neçə qrant müsabiqəsinin (pilot layihə, fundamental-tətbiqi xarakterli layihələr və s. üzrə) keçirilməsi də planlaşdırılır. Artıq bu məqsədlə müsabiqə şərtləri, elmi istiqamətlər və prioritetlər müəyyənləşdirilib.
Dövlət qulluqçularının elektron xidmətlərin təşkili, vətəndaşların isə onlardan istifadəsi sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirmə və təşviqat, stimullaşdırılma tədbirləri genişləndiriləcəkdir. "Elektron hökumət"in inkişafında innovativ yeniliklərin tətbiqinə, sosial şəbəkələr və digər onlayn media vasitələrindən istifadəyə fikir veriləcəkdir.
"Azərbaycanda "elektron hökumət" üçün təlim mərkəzinin yaradılması" layihəsi üzrə "Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında Qrant razılaşması" imzalanıb. Qeyd edək ki, layihə çərçivəsində Bakı şəhərində və Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Quba, Şəki daxil olmaqla on beş (15) bölgədə təlim mərkəzləri yaradılacaq. Təlim mərkəzlərində Koreya mütəxəssisləri tərəfindən xüsusi təhsil informasiya sistemi quraşdırılacaq və zəruri avadanlıqlarla təmin olunacaq. Dövlət qulluqçuları bu mərkəzlərdə bilavasitə təlim kurslarında iştirak edə biləcək, eyni zamanda mərkəzin distant təhsil xidmətlərindən yararlanacaqlar. Layihə çərçivəsində təlim mərkəzinin fəaliyyətinin təşkili, elektron təlim materiallarının hazırlanması üzrə təcrübə əldə etmək üçün yerli mütəxəssislər Koreyada təlim kursları keçəcəklər. Azərbaycanda "elektron hökumət" üçün təlim mərkəzinin yaradılması dövlət qulluqçularına İKTnin tətbiqi sahəsində yeni praktik bilik və bacarıqların əldə edilməsinə imkan yaradacaq.
Mərkəz dövlət idarəçiliyində və respublikanın ictimai həyatının digər sahələrində e-hökumət ideyalarının tətbiqinə, informasiya cəmiyyətinin inkişafına, elektron biliklərin ümumi səviyyəsinin yüksəldilməsinə, elektron xidmətlərin artmasına xidmət edəcək.
“Asan imza” xidmətinin yaxınlarda “Elektron hökumət” portalına inteqrasiya ediləcəyi gözlənilir. Hazırda "Asan xidmət" və Azərbaycan Vergilər Nazirliyi ilə birgə "Asan imza" ilk növbədə vergi ödəyicilərinə təqdim edilmişdir, lakin yaxın gələcəkdə bu xidmət artıq bütün ölkə vətəndaşlarına təqdim ediləcək. Bəs Asan İmza nədir? – Asan imza (mobil imza e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır. Asan İmza (Mobil imza) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir. Asan İmza (Mobil imza) əslində elektron mühitdə fiziki İD-karta bərabər sənəd kimi sertifikatlara bağlı olan mobil telefon SİM-kartınızdır.
Asan İmza (Mobil imza) ilə siz şəxsiyyətinizi təsdiq edə və sənədlərə rəqəmsal imza ata bilərsiniz.
Göstərilən perspektivlər yaxın gələcəkdə Azərbaycanda İKT sektorunun ölkədə ən qabaqcıl sahələrdən biri olacağına, bu sahədən əldə olunana gəlirin isə neft-qaz sektorundan belə əldə olunan gəlirdən artıq olacağına söyləmə imkan verir. Bu isə respublikamızda qeyri-neft sektorunun inkişafı üçün böyük töhfədir.
Nəticə olaraq qeyd etmək isərdim ki, “Elektron Hökumət” Azərbaycanda İKT infrastrukturu və insan dəyərliliyinin vəhdəti əsasında vətəndaşların zaman və əlavə vəsait itirmədən dövlət xidmətlərinə birbaşa çıxışını təmin edəcək. Mən də bir vergi xidməti orqanı əməkdaşı və eləcə də sadə bir vətəndaş kimi dövlətimizin bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirirəm, vətəndaşlarımız üçün yaradılan bu imkanlardan hər kəsin faydalanacağını düşünürəm.
Məqalə hazırlanarkən Elektron Hökumət bülletenlərindən, Azərbaycan Respublikasının qanunlarından, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi internet saytı www.mincom.gov.az, “Elektron Hökumət” portalının rəsmi saytı www.e-gov.az və digər rəsmi dövlət saytlarından, eləcə də ölkədə İKT xəbərləri üzrə Kütləvi İnformasiya vasitələri saytlarından və bu mövzuda yerli və xarici elm işçilərinin elmi tədqiqat işlərindəki məlumatlardan istifadə olunmuşdur.
Məqalə "İKT ili" çərçivəsində “Respublikada “Elektron Hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqalə müsabiqəsi üçün hazırlanmışdır.