Ticarətin qaydaları – Qanun nə deyir?
20 dekabr 2024 11:19 (UTC +04:00)

Ticarətin qaydaları – Qanun nə deyir?

“Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Bu qaydalar istehlakçılarla (alıcılarla) Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər (o cümlədən, satıcılar) arasında alqı-satqı və digər xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

1. Hansı hallarda qida məhsullarının satışı qadağandır?

- sanitariya cəhətdən zay qida məhsullarının (təsadüfən yerə düşmüş və ya sair yolla çirklənmiş);

- istehlakçının tarasında verilən maye halında olan qida məhsullarının;

- identifikasiya etmək mümkün olmayan qida məhsullarının;

- “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq müəyyən edilən təhlükəli qida məhsullarının; 

- qeydiyyata alınmadan və ya təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərən qida obyektlərinin (subyektlərinin) qida məhsullarının;

- yararlılıq müddəti ötmüş qida məhsullarının;

- təkrarən dondurulmuş qida məhsullarının; 

- sağlamlığını təsdiq edən baytarlıq sənədi və üzərində baytarlıq nəzarətindən keçməsini təsdiq edən nişanı (damğası) olmayan iribuynuzlu və xırdabuynuzlu heyvan cəmdəyinin satışı qadağamdır.

2. Çörək-bulka məmulatlarının satışının xüsusiyyətləri qanunvericiliklə necə tənzimlənir?

Çörək-bulka məmulatlarının (bundan sonra - məmulatlar) ticarət obyektlərinə daşınması istehsalçı ilə bağlanmış müqavilə əsasında və razılaşdırılmış qrafik üzrə həyata keçirilməlidir. İstehsalçı qrafikdə nəzərdə tutulan müddətdə və çeşiddə məmulatların ünvanlara çatdırılmasını təmin etməlidir.

Ticarət obyektində məmulatların qəbulu zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq, onların bişirilib sobadan çıxarıldıqdan sonra müəssisədə yararlılıq müddətinə riayət edilməsinə xüsusi nəzarət olmalıdır.

Məmulatların ticarət obyektlərində qəbulu zamanı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş tələblərə cavab vermədikdə geri qaytarılmalıdır.

Məmulatlar bu Qaydalara riayət edilməklə, ixtisaslaşmış çörək-qənnadı mağazalarında, universal və ərzaq mağazalarının çörək satışı şöbələrində, kənd yerlərində gündəlik tələbat malları satışı mağazalarında, çörək və ərzaq çadırlarında, köşklərdə, avtodükanlarda satıla bilər. İxtisaslaşmış çörək-qənnadı mağazalarında, habelə universal və ərzaq mağazalarının çörək satışı şöbələrində bu məmulatlardan başqa, şəkər, mürəbbə, cem, bal, çay, qəhvə, kakao və s. analoji qablaşdırılmış qida məhsullarının satışına da icazə verilir. 

Satıcı ticarət zalında (vitrinlərdə) istehlakçı üçün görünən yerdə təchizatçı (istehsalçı təsərrüfat subyekti) haqqında məlumatları (adı, ünvanı, telefon nömrəsi) əks etdirən xüsusi lövhə yerləşdirməlidir.

Məmulatların saxlanması və daşınması zamanı onların təhlükəsizliyi “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Məmulatlar otaqda bağlı şkaflarda və ya hərəkət edən stellajlarda, yeşiklərdə saxlanılmalıdır. Məmulatların yaxşı və təzə qalması üçün onlar istifadəsinə səlahiyyətli orqanlar tərəfindən icazə verilmiş polimer plyonka və digər örtüklərlə örtülməlidir.

Suxarı və baranka məhsulları çörək-bulka məmulatlarından ayrı, xüsusi yeşiklərdə və ya kisələrdə, şkaflarda və ya stellajlarda, həmçinin bükülmüş vəziyyətdə yeşiklərdə saxlanılmalıdır.

Məmulatların qalaq halda, otağın divarlarına və döşəməyə təmas edəcək şəkildə yığılmasına yol verilmir. Məmulatlar köməkçi otaqlarda döşəmədən 35 sm, ticarət zalında isə 60 sm yuxarı məsafədə yerləşdirilmiş xüsusi rəflərdə və ya stellajlarda saxlanılmalıdır.

Məmulatlar ticarət obyektində onların əmtəə görünüşünün pozulmaması şərtilə və normativ-texniki sənədlərin tələblərinə uyğun olaraq yığılmalıdır.

Məmulatların spesifik qoxulu mallarla (balıq və balıq məhsulları, tütün məmulatları, təsərrüfat malları və s.) birlikdə saxlanılması qəti qadağandır.

Məmulatların arabalara, yeşiklərə açıq şəkildə və əlcəksiz boşaldılması yolverilməzdir.

Polimer materiallardan olan örtüklər hər gün havaya verilməli və qurudulmalıdır. Onların təmiz şəkildə saxlanılmasına riayət olunmalıdır.

Məmulatlar sobadan çıxdıqdan sonra ticarət şəbəkələrində yalnız yararlılıq müddətində satılmalıdır. Bu müddət başa çatdıqdan sonra məmulatlar dərhal satışdan götürülməlidir.

3. Parça, xəz, trikotaj, tikiş mallarının və ayaqqabıların satışının xüsusiyyətləri qanunvericiliklə necə nizama salınır?

İstehlakçının seçim imkanlarını genişləndirmək məqsədi ilə satışa təqdim olunan parça, xəz, trikotaj, tikiş malları və ayaqqabılar növlər, modellər, ölçülər üzrə qruplaşdırılmalı və ticarət zalında ayrı-ayrı yerləşdirilməlidir. Satış xüsusiyyətlərini nəzərə alaraq, satışa çıxarılan malların nümunələri ticarət zalında yerləşdirilə bilər.

Parçalar hazırlandığı liflərin növ və cinsləri, xəz malları isə xəz növləri üzrə qruplaşdırılmalıdır.

Satışda olan mallar haqqında istehlakçılara hər bir parçanın və xəz məmulatlarının tərkibi (istifadə olunan liflərin xarakteristikası, faizi, növü, ölçüsü) barədə məlumatlar malların üzərindəki etiketlərdə aydın şəkildə göstərilməlidir.

Kişi, qadın və uşaqlar üçün nəzərdə tutulmuş trikotaj, xəz, tikiş malları və ayaqqabılar ticarət zalında ayrıca yerləşdirilməlidir.

Satıcı istehlakçılara tikiş, üst trikotaj məmulatları, baş geyimi, xəzdən olan mallar və ayaqqabıların alınması zamanı onların geyilib baxılması üçün müvafiq şərait yaratmalıdır. Bu məqsədlə ticarət zalında güzgü, oturacaq və paltarların asılması üçün xüsusi ləvazimatlarla təmin olunmuş geyinib soyunma yerləri (kabinələr) quraşdırılmalıdır.

Yun, vatin və digər parçaların satışı zamanı kalibrləmə haqqında sertifikat almış standart metrlərdən (taxta və s. bərk materialdan olan) istifadə edilməlidir. Ölçünü aparmaq üçün parçanı stolun (piştaxtanın) üzərinə sərbəst sərmək lazımdır. Alınmış parçaya qırıq (kəsik) parçanın əlavə edilməsi, eyni zamanda, qüsuru olan qırıq (kəsik) parçaların satışı qadağandır.

Satıcı parçanı, paltarı, xəz mallarını və ayaqqabıları satarkən, istehlakçının iştirakı ilə onların keyfiyyətini (vizual müşahidə), ölçünün dəqiqliyini (miqdarını) və alış dəyərinin düzgün hesablanmasını yoxlamalıdır.

Satıcı istehlakçıya satdığı malla birlikdə malın və satıcının adını, satış tarixini, artikulunu, qiymətini, həmçinin satışı bilavasitə həyata keçirən satıcının imzası olan əmtəə çekini verməlidir.

Satılmış parça, paltar, xəz malları və ayaqqabılar istehlakçılara qablaşdırılmış şəkildə verilməlidir. Qablaşdırılmaya görə əlavə haqq alınmamalıdır.

4. Ətriyyat-kosmetika mallarının satış xüsusiyyətlərinin qanunvericilikdı olan tələbləri hansılardır?

Ətriyyat-kosmetika mallarının satışı zamanı istehlakçılara tez xidmət göstərmək məqsədi ilə satışda olan bütün mallar tam çeşiddə və lazımi miqdarda vitrinlərə düzülməlidir. İstehlakçıya malların təyinatı, tərkibinə daxil olan inqrediyentlər, təsiri və səmərəliliyi, tətbiqi üçün məhdudiyyətlər, mənfi təsir xüsusiyyətləri, tətbiqi üsulları və şərtləri, saxlama şəraiti (saxlama şərtlərinə dair məcburi tələblər nəzərdə tutulmuşsa), həmçinin dövlət qeydiyyatı (dövlət qeydiyyatının zəruri olduğu hallarda) barədə məlumatlar verilməlidir.

Satıcı, həmçinin istehlakçının tələbi ilə onu satışda olan ətriyyat - kosmetika malları partiyasının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə tanış etməyə borcludur.

Mallar ticarət zalına buraxılmazdan əvvəl açılmalı, baxışdan keçirilməli və hər bir malın keyfiyyəti (zahiri əlamətlərinə görə), digər zəruri məlumatların mövcud olması yoxlanılmalıdır.

İstehlakçıya lakmus kağızlarından, ətirli məhlul hopdurulmuş kağızdan, istehsalçı tərəfindən təqdim edilən və iyləmək üçün istifadə olunan nümunədən, eyni zamanda, satışa təqdim edilən malların başqa xarakterik tərkibindən istifadə etməklə, ətriyyatın, odekolonun, ətirli suların qoxusu ilə tanış olmaq üçün şərait yaradılmalıdır.

Malın qablaşdırılmış və ya xüsusi lentlə bağlı vəziyyətdə buraxıldığı hallarda istehlakçıya bağlamanın və ya lentin açılması yolu ilə mövcud malın yoxlanılması təklif edilməlidir.

Təhlükəsizliyi barədə dövlət sanitariya nəzarəti orqanları tərəfindən verilmiş xüsusi rəyi (sertifikatı) olmayan ətriyyat-kosmetika mallarının satışı qadağandır.

5. Meyvə-tərəvəz məhsullarının satışı qanunvericiliklə necə müəyyən olunur?

Meyvə-tərəvəzlərin, meyvə-tərəvəz yarımfabrikatlarının, yabanı meyvələrin və giləmeyvələrin təzə, qurudulmuş, emal edilmiş, konservləşdirilmiş şəkildə pərakəndə satışı pərakəndə satış bazarlarında, kənd təsərrüfatı məhsulları bazarlarında, yaşıl marketlərdə, fermer mağazalarında, yarmarkalarda, meyvə-tərəvəz mağazalarında, pavilyonlarda və digər ticarət obyektlərində həyata keçirilir.

Ticarət obyektlərində, eləcə də mövsümi və səyyar ticarət obyektlərində, arabalarda, açıq tərəvəz bazarlarında təzə meyvə-tərəvəz məhsullarının qəbuluna və satışına həmin məhsullar qida zənciri obyekti və ya subyekti qeydiyyatına alındıqda, habelə idxal olunan məhsullara münasibətdə idxal sağlamlıq aktına malik olduqda icazə verilir. Yarmarkalar, sərgilər və xeyriyyə tədbirləri çərçivəsində təşkil edilən satış obyektlərinin, ilkin istehsal sahəsində, pərakəndə satış bazarları daxilində və səyyar satışlar vasitəsilə qida məhsullarını satan ailə kəndli təsərrüfatlarının qeydiyyatı tələb olunmur.

Meyvə-tərəvəz satışını həyata keçirən obyektlər texniki normalara uyğun lazımi mexaniki vasitələrlə və inventarlarla təmin edilməlidir.

Qablaşdırılmış meyvə-tərəvəz məhsulları haqqında istehlakçılara onların xüsusiyyətləri nəzərə alınmaqla, məhsulun etiketində göstərilən məlumatlarla yanaşı, məhsulun emalının xüsusi üsulları, reklam xarakterli məlumatlar, yığım (tədarük) tarixi, qablaşdırma tarixi, saxlanma şərtləri, qida obyektinin (subyektinin) qeydiyyata alınmasına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyata alınmasına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, idxal olunan məhsullara münasibətdə idxal sağlamlıq aktı barədə də məlumat verilməlidir.

Meyvə-tərəvəz məhsulları ticarət zalında xüsusi ayrılmış yerlərdə çıxdaş olanlar ayrıldıqdan sonra satışa çıxarılmalıdır.

Meyvə-tərəvəz məhsulları rəflərdə, piştaxtalarda, kasetlərdə, zənbillərdə, yeşiklərdə yerləşdirilməlidir.

Piştaxtada, şüşə rəflərdə və vitrində malın adı, növü, ədədlə və ya çəki ilə satış qiyməti göstərilməlidir.

Satış prosesində keyfiyyəti aşağı düşən meyvə-tərəvəz məhsulları müəyyən edilmiş qaydada yenidən qiymətləndirilərək satışa təqdim oluna bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 927
avatar

Yunis Xəlilov

Oxşar yazılar