Mərkəzi Bank banklarla görüş keçirib
11 fevral 2011 16:08 (UTC +04:00)

Mərkəzi Bank banklarla görüş keçirib

Mərkəzi Bankın sədri Elman Rüstəmovun rəhbərliyi ilə Azərbaycan Banklar Assosiasiyasının və Azərbaycan Sahibkarlar Konfederasiyasının, bank sektorunun və biznes icmasının nümayəndələrinin iştirakı ilə geniş müşavirə keçirilib.

Lent.az-ın məlumatına görə, tədbirdə həmçinin Mərkəzi Bankın yanında olan Azərbaycan İpoteka Fondu və Maliyyə Monitorinq Xidməti, habelə Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi də iştirak edib. Müşavirəni giriş sözü ilə açan Elman Rüstəmov qeyd etdi ki, ölkə rəhbərliyinin həyata keçirdiyi müasirləşmə və inkişaf strategiyası nəticəsində milli iqtisadiyyatın sıçrayışlı yüksəlişinə nail olunub. Son 7 ildə ümumi daxili məhsulun həcmi 3 dəfə artıb, nəticədə ölkənin sosial-iqtisadi və mədəni siması dəyişib, müasir sosial-iqtisadi infrastruktur yaradılıb, regionlarda iqtisadi çiçəkləmə və intibah baş verib. Ölkədə dayanıqlı makroiqtisadi sabitlik hökm sürüb.

Azərbaycan 183 dövlət arasında milli gəlirin səviyyəsinə görə 35 pillə irəliləyərək 81-ci yerə qalxıb. Kasıblıq səviyyəsi 40 faizdən 9 faizə düşüb. Dünya İqtisadi Forumunun Beynəlxalq Rəqabətlilik İndeksində ölkə 2005-ci illə müqayisədə 12 pillə irəliləyərək 139 dövlət arasında 57-ci sıraya yüksəlib.

Azərbaycan keçid dövrünü uğurla qət edərək dinamik inkişaf edən bazar iqtisadiyyatına malik dövlət kimi bütün dünyada tanınıb. Milli iqtisadiyyatın yüksək beynəlxalq investisiya reytinqi formalaşmış və bu proses qlobal böhran dövründə də davam edib. Dünya Bankı qlobal böhranın getdiyi bir şəraitdə Azərbaycanı bazar islahatlarının dərinliyinə dünyada lider dövlət kimi qiymətləndirib.

Həyata keçirilən ardıcıl iqtisadi siyasət nəticəsində milli iqtisadiyyat qlobal böhranın təsirlərindən etibarlı qorunub. Makroiqtisadi dayanıqlıq göstəricisinə görə ölkə Beynəlxalq Rəqabətlilik Hesabatında 13-cü yer tutur.

Ölkə iqtisadiyyatının sıçrayışlı yüksəlişində bank sektoru xüsusi rol oynayıb. Bankların maliyyə vasitəçiliyi funksiyasının dərinləşməsi qeyri-neft iqtisadiyyatının, özəl sahibkarlığın inkişafına və hökumətin şaxələnməsini siyasətinin həyata keçirilməsinə dəstək verib.

Bank sektorunun əsas göstəriciləri son on ildə 15 dəfə artıb. Ölkənin maliyyə xidmətlərinə çıxış və bank sektorunun sabitlik üzrə beynəlxalq reytinqləri yaxşılaşıb. Cəmiyyətin böyük bir hissəsi, yəni 4 milyona yaxın insan bank-maliyyə xidmətləri ilə əhatə olunub. Ölkədə biznesə və əhaliyə maliyyə xidmətləri göstərən bank və elektron ödəniş infrastrukturu yaradılıb.

E.Rüstəmov bildirdi ki, Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən milli iqtisadiyyatın daha da müasirləşdirilməsi və şaxələndirilməsi, biznes və investisiya mühitinin radikal yaxşılaşdırılması və sağlamlaşdırılması, kiçik və orta sahibkarlığın rolunun artırılması ilə əlaqədar ciddi göstərişlər verilib və yeni strateji təşəbbüslər irəli sürülüb. Bu strategiyanın realizasiyası istiqamətində Mərkəzi Bank və bank sektoru qarşısında da ciddi vəzifələr durur.

Sahibkarlığın və əhalinin maliyyə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi məqsədilə banklar tərəfindən təklif edilən kredit məhsulları üzrə faizlərin, o cümlədən digər bank xidmətləri üzrə tariflərin bir daha nəzərdən keçirilməsi məsələsinə toxunuldu. Biznesin rentabellik səviyyəsinin və rəqabət qabiliyyətinin artırılması üçün maliyyə resurslarının dəyərinin əhəmiyyəti qeyd edildi. Əhalinin, sosial baxımdan aztəminatlı kateqoriyadan olan insanların maliyyə və xüsusilə, sosial ödənişlər üzrə xidmətləri daha ucuz əldə etmələri yolları müzakirə edildi.

Bu zaman sahibkarlıq fəaliyyətinin bir növü olan bank fəaliyyətinin özünün də xərcləri və onun strukturu, bank məhsulları və xidmətlərinin maya dəyərinin azaldılması məsələsinə diqqət yetirildi. Həmçinin girovların realizasiyası, bunun üçün tələb olunan müddət və xərclər məsələsinə toxunuldu, bu sahədə görülən işlər və girov mexanizminin təkmilləşdirilməsi üzrə hazırlanan təkliflər barədə məlumat verildi.

Qeyd olundu ki, əhali və sahibkarların bank xidmətləri barədə məlumatlandırma səviyyəsi artırılmalı, onlara ətraflı və təfərrüatlı izahatlar verilməlidir. Bank-müştəri münasibətlərində şəffaflıq prinsiplərinə ciddi əməl olunmalı və lüzumsuz bürokratiyaya yol verilməməlidir. Bank əməkdaşlarının etik davranış səviyyələri artırılmalı, müştərilərlə rəftarda yüksək korporativ mədəniyyət nümayiş etdirilməlidir.

Bank sektoru tərəfindən xidmətlər daha müasir texnologiyalar əsasında həyata keçirilməli, avtomatlaşdırma səviyyəsi artırılmalı, müştərilərlə fiziki təmas minimallaşmalıdır. Banklar öz məhsul və xidmətlərinin çeşidini artırmalı, geniş əhali kütləsinin və müxtəlif iqtisadi fəaliyyət sektorlarının tələbatlarını ödəyən məhsullar təklif etməlidirlər.

Xüsusi olaraq ölkənin ərzaq təhlükəsizliyinin etibarlı qorunması baxımından aqrar sektor və fermer təsərrüfatlarının effektiv maliyyələşməsi mexanizmləri barədə müzakirələr aparıldı. Burada bankların regional şəbəkəsinin daha aktiv fəaliyyət göstərməsi və müvafiq maliyyə innovasiyaları diqqətə çəkildi.

Banklar sosial məsuliyyətlərini artırmalı, biznes icmasında və cəmiyyətdə maliyyə mədəniyyətinin və şəffaflığının yüksəldilməsinə çalışmalıdırlar. Bu istiqamətdə xüsusi ədəbiyyatlar, televiziya verilişləri və digər kommunikasiya alətləri vasitəsilə təbliğat kampaniyaları həyata keçirilməlidir.

Qarşıya qoyulmuş mühüm vəzifələrdən biri də iqtisadiyyatda nağdsız ödənişlərin genişləndirilməsidir. Mərkəzi Bank, banklar və aidiyyatı iqtisadi qurumlar birlikdə iqtisadi subyektlərin yaradılmış ödəniş infrastrukturundan aktiv istifadə etmələri üçün fəal iş aparmalıdırlar. Bu, büdcənin vergi bazasını genişləndirəcək, eyni zamanda bank sektorunun yığım və investisiya potensialı əhəmiyyətli artıracaq. Əhali isə ödənişləri rahat və təhlükəsiz xidmət vasitəsi ilə həyata keçirəcək.

Banklar nağdsız ödənişlər üzrə stimullaşdırıcı fəaliyyətə başlamalı, əqdlərin daha sərfəli qiymətlə aparılmasına çalışmalı, müştərilərə təklif edilən texnoloji infrastrukturu daha da genişləndirməli və təkmilləşdirməlidirlər.

Təhlil göstərir ki, ipoteka kreditlərinə böyük tələbat var və bu mexanizm genişlənməlidir. Bunun üçün daxili bazarın maliyyə imkanlarından istifadə edilməlidir. Kreditlərin verilməsi zamanı vətəndaşların müraciətlərinə vaxtında baxılmalı, izafi bürokratiya aradan qaldırılmalıdır. Kreditlərin verilməsi prosesində vaxt və çəkilən xərclər minimallaşdırılmalıdır. Bunun üçün elektron ipoteka sisteminin yaradılması üzrə başlanan işlər tamamlanmalı, insan faktorunun rolu aşağı salınmalıdır.

Biznes mühitin sağlamlaşdırılması istiqamətində Mərkəzi Bankın yanında fəaliyyət göstərən Maliyyə Monitorinq Xidməti də mühüm rol oynayacaq. Xidmətin aidiyyatı orqanlarla birgə fəaliyyətinin effektivliyi artırılmalıdır. Banklar çirkli pul vəsaitlərinin bank sektoru vasitəsilə leqallaşdırılmasının qarşısının alınması üçün daxili sistemlərini və nəzarəti gücləndirməlidirlər.

Tədbirin sonunda Banklar Assosiasiyası və Sahibkarlar Konfederasiyası ilə birlikdə müzakirə edilən məsələlər üzrə müvafiq işçi qrupların yaradılması qərara alındı. Qeyd edildi ki, müzakirədə qaldırılan aktual məsələlər daha dərindən birgə araşdırılacaq və tədbirlər planı hazırlanaraq reallaşdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 961

Oxşar yazılar