“Əyninizdə nə var, çıxardın... Alt paltarınızı da...” –<span style="color:red;"> İNTERNAT DRAMI
13 may 2015 15:55 (UTC +04:00)

“Əyninizdə nə var, çıxardın... Alt paltarınızı da...” – İNTERNAT DRAMI

Lent.az-ın “İnternat dramı”nda SOCAR-in Qobustan Regional Təlim-Tədris Mərkəzinin tələbəsi Səbinə Babayevanın hekayəsi davam edir.

 

Əvvəli: http://news.lent.az/news/201795

 

Heyvan mırıltısını xatırladan əcaib səs Katyanın bütün varlığına hopmuşdu. O, dərindən nəfəs almağa belə ehtiyat edirdi. Aşağıda yatan qızlardan biri astadan etiraz edir, yalvarıb onu buraxmasını deyirdi. Səsə bacısı oyandı:

 

- Nə olub?

 

- Qorxuram, yata bilmirəm...

 

Akif qızdan aralandı.

 

- Qorxursansa, gəl, ikimiz bir yerdə yataq.

 

- Yox, sən mənim yanıma gəl...

 

Qız bacısının yanına keçdi. Akif öz yerinə yox, o biri bacının yerinə uzandı. Katya Akifin yuxarı qalxmadığına sevinsə də gözünə yuxu getmirdi. Necə olursa-olsun, geri qayıtmaq istəyi onu rahat buraxmırdı. Ona elə gəlirdi ki, yolu tutub dümdüz getsə, Bakıya dönə biləcək. Qatarın pəncərəsindən görünən yol isə bitmək bilmir, hey uzanırdı...

 

***

 

- Akifin üzünü xatırlayırsınız?

 

- Göy gözləri, qabarıq dişləri, iri qulaqları var idi. Bacıların biri ilə rəftarından elə qorxmuşdum ki, tir-tir əsirdim. İndiyə kimi unuda bilmədiyim o qorxunc səsi eşidirdim. Ancaq dönüb baxmağa çəkinirdim ki, birdən görər oyağam, mənə də əl atar...

 

- Uşaq idiniz, amma bunun yaxşı bir hərəkət olmadığının fərqində idiniz...

 

- Küçədə qalan müddətdə belə şeylərlə çox rastlaşmışam.

 

- Kimə qarşı?

 

- Mənə yox, başqalarına qarşı.

 

- Nələr görmüsünüz, harada? Uşaqlarla bağlı?

 

- Yox... Orada bir otel var idi...

 

***

 

Qış günü idi, səhər yenicə işarırdı. Avtobuslar sonuncu dayanacaqdan yola çıxmaq üçün növbə gözləyirdilər. Katya sürücülərdən birinə yaxınlaşdı:

 

- Nə olar, qapını aç, bir az yatım, üşüyürəm.

 

Sürücü qapını açıb onu avtobusa buraxdı. Katya arxa oturacaqların birində nə qədər yatdığını bilmədi. Kimsə onu çiynindən tərpədib oyatdı. Həmin sürücü idi:

 

- Ac deyilsən?

 

- Acam.

 

- Arxamca gəl.

 

Avtobusdan enib, dayanacaqdan uzaqlaşdılar. Katya sürücünün arxasınca yaxınlıqdakı otelə girdi. Otel mühafizəçisinin kiçik, darısqal kabinəsini yataq otağından ayıran qapı açıq qalmışdı. Katya yataq otağındakı qadının çılpaq olduğunu gördü. O ilk dəfə idi ki, bu cür vəziyyətlə rastlaşırdı, axı o insanları ancaq geyimdə təsəvvür edə bilirdi. Mühafizəçi yarıçılpaq idi.

 

Sürücü üzrxahlıq edirdi:

 

- Bağışla, səhər-səhər narahat etdim. Uşaq acdır, dedim görüm  nəyin var?

 

***

 

- Yemək verdilər?

 

- Hə, verdilər, yedim.

 

- Sonra?

 

- Başqa heç nə. Ancaq yemək. Sonra yenə qayıtdıq avtobusa. Sürücü soruşdu hara gedirsən, evinizi tanıyırsan? Dedim hə, gedəcəm.

 

***

 

Dan yeri söküləndə qatar dayandı, vağzalda taksiyə mindilər. Sürücünün yanında əyləşən Akif heç nə olmayıbmış kimi, arxa oturacaqdakı uşaqlara mehribanlıqla:

 

- Sizi başqa uşaqların yanına aparıram. Orada oynayacaq, danışıb-güləcək, məktəbə gedəcəksiniz. Sizə maraqlı olacaq, -  dedi.

 

Bacılar bir-birlərinə sığınmışdı. Sualları yenə Katya verirdi:

 

- Bəs orada nə qədər qalacağıq?

 

Akif  dinmədi.

 

Böyük bir binanın qarşısında taksidən endilər. Qapını gec açdılar. Burada Akifi yaxşı tanıyırdılar. Görünür, tez-tez uşaq evinə gedib gəlirmiş. Oxucularımız yəqin ki, xatırlayır. Arazı və qardaşlarını da Lənkəran uşaq evinə məhz Akif müşayiət etmişdi...

 

Xeyli keçəndən sonra uşaq evinin müdirəsi Nazilə Babayevanın qəbulunda idilər...

 

***

 

- Oxucularımız Arazın hekayəsindən Nazilə Babayevanı yaxşı tanıyırlar, bir də sizdən dinləyək...

 

- Qısa saçları vardı. Ona baxanda mənə elə gəldi ki, yaxşı qadındır. Görkəmindən əmin oldum ki, “döyməyəcək”. Bircə onu arzulayırdım ki, heç kim məni döyməsin.

 

- Sizinlə qayğıkeş davrandı?

 

- Hə, bizim üçün çay gətirtdi. Sonra bir müəlliməyə dedi ki, bu uşaqlar acdılar, aparın yemək verin. Akif Nazilə müəllimənin yanında qaldı. Bizi çoxlu stol-stulu olan böyük bir mətbəxə gətirdilər. Pendir, yağ, dilimlənmiş çörək, şirin çay verdilər. Sonra yenidən Nazilə müəllimənin otağına qayıtdıq. Artıq o bizdən heç nə soruşmadı, ola bilsin Akif hər şeyi danışmışdı. Bizi başqa qrupa yazmağı göstəriş verdi. Akif bizimlə sağollaşıb, - gedirəm, - dedi - müəllimləri incitməyin, ağıllı olun, sözə baxın. Soruşdum ki, bizi nə vaxt aparacaqsınız, dedi ki, gəlib dəyəcəyəm, amma geri qaytarmağa söz vermirəm. Onun arxasınca ağladım. Bakıya qayıtmaq istəyirdim...

 

***

 

Osman Mirzəyevin adını daşıyan Lənkəran şəhər Qarışıq Tipli Uşaq Evində onları bərbərxanaya aparıb, saçlarını dibdən qırxdılar. Bit-birəni təmizləməyin başqa yolu yox idi. Məlum oldu ki, Katyanın başında nə qədər çapıq yeri var...

 

Bərbərxanadan uşaq evinə qayıdarkən qızların üçü də keçəl olduqları üçün ağlayırdılar...

 

Sonra hamamda yuyundurub, təzə paltar verdilər. Katya əyninə böyük olan çiyələk rəsmli yaşıl donu bəyənməyib, göz yaşı tökürdü. Axı o geyimlərini özü seçməyi öyrənmişdi. Bacılar isə dinməz-söyləməz çiyələkli donlarını geyinib, yenə də bir-birlərinə qısıldılar...

 

Katya israr edir, “don geyinmək istəmirəm” deyirdi. Rus dilini bilməyən tərbiyəçilər isə onun göz yaşına əhəmiyyət vermirdilər: çünki buraya gətirilən bütün uşaqlar ilk vaxtlar ağlayırdılar. Yəqin ki, bu qız da bir neçə gündən sonra kiriyəcəkdi...

 

Katyanı heç kim başa düşmürdü. O, yenə də küçədə olduğu kimi tənha idi. Demək, insanın taleyinə yalqızlıq yazılıbsa, heç bir qələbəlik, səs-küylü izdihamlar belə onu xilas edə bilməz...

 

Qızların üçünü də bir otağa gətirdilər. Burada Nazilə müəllimə  ilə həkim onları gözləyirdi. Həkim:

 

- Əyninizdə nə var, çıxardın. Alt paltarlarınızı da, - deyəndə, bacılar yenə bir-birinə qısıldı. Yenə sualı Katya verdi:

 

- Ağrıdacaq?

 

Həkim də, Nazilə müəllimə də rusca bilirdilər. Həkim əlindəki fonendeskopu Katyaya göstərib, gülümsədi:

 

- Yox, ağrıtmayacaq, bir az üşüyəcəksən.

 

Müayinədən sonra həkim Nazilə müəlliməyə döndü:

 

- Qızlar tərtəmiz və sağlamdırlar.

 

***

 

- Hərfləri unutmuşdunuz. Məktəbə neçənci sinifdən getdiniz?

 

- Uşaqlar dərsə gedirdi, biz, təzə gələn üç qız isə istirahət otağında otururduq. Hələ yaşımız dəqiq bilinmirdi. Nazilə müəllimə müəyyənləşdirə bilmirdi ki, bizi neçənci sinfə versin. Buna görə də bir müddət məktəbə getmədik. Bir neçə həftə sonra məktəbli forması geyinib, ikinci sinfə getdik.

 

- Yəqin ki, rus bölməsi yox idi...

 

- Təbii... Mənə çətin idi. Hamı dərs öyrənir, mən isə hələ yeni əlifba, dil öyrənirdim. Dərsi başa düşmürdüm.

 

- Münasibət necə idi?

 

- Əvvəllər yaxşı idi. Təzə gələndə adam naşı olur axı, özünü sakit aparır. Qorxur ki, söz deyər, xətirlərinə dəyər və döyülər.

 

- Nə qədər belə davam etdi? İlk şiddəti nə vaxt gördünüz?

 

- Artıq böyüyəndə. Uşaq olanda bizi elə çox incitmirdilər... Yuxarı siniflərdə isə... Düzdür, döyülmək bir az da uşağın özündən asılıdır.

 

- Nə mənada?

 

- Orda uşaqlar iki cür olur. Sözə baxan və baxmayan. Qızlar sözə baxırdı. Məsələn, mən görürdüm ki, uşaqların saçlarını yolub, qulaqlarını bururlar, çubuqla döyürlər. Ona görə də qorxudan sözə baxırdım. Mən küçəni görmüşdüm, heç nədən qorxum yox idi. Bircə döyülməkdən başqa.

 

- Amma yenə də döyülürdünüz...

 

- Özü də dəfələrlə. Artıq 6-cı sinifdə oxuyanda döyülürdüm. Əsasən çubuqla döyürdülər...

 

- Nəyin üstündə?

 

- Hər uşağın öz döyülmə səbəbi var idi. Məni iki şeyə görə döyürdülər. Birincisi, dərs oxuya bilmirdim.

 

- Axı dili bilmirdiniz...

 

- Hə, bunu heç kim düşünmürdü ki, dili bilməyən uşaq dərsi öyrənə bilməz. İkincisi isə dikbaşlıq edəndə. Göndərirdilər ki, get dəhlizi təmizlə, tualeti yu, qazanı sürt, deyirdim mənim növbəm deyil, getmirəm. Onda döyülürdüm.

 

- Bu sadaladığınız işləri uşaqlara gördürürdülər?

 

- Bəli, növbətçi olurduq. Deyirdilər bura sizin evinizdir, siz yemisiniz, siz də təmizləməlisiz...

 

***

 

Akif Katyanın doğulduğu evin ünvanını araşdırıb onun kimliyini öyrənmişdi. İndi hamı onu Milovanova Yekaterina Sergeyevna kimi tanıyırdı. Həyatı düzənə düşəndən sonra Katya keçmişini, ağacdan yıxılmağını xatırlamağa başlamışdı.

 

Burada Katyanın söhbət edə biləcəyi yeganə insan Nazilə müəllimə idi. Burada bircə o rus dilində bilirdi. Tez-tez onun yanına qaçırdı:

 

- Ata-anam nə vaxt gəlib məni aparacaqlar?

 

- Narahat olma, Katya. Gəlib aparacaqlar...

 

***

 

- Orada nə qədər uşaq var idi?

 

- 185 uşaq olmuşuq. Hardasa 60-70 nəfəri oğlan idi, qalanı isə qız.

 

- Arazın qardaşları sizdə oxuyub...

 

- Yaxşı xatırlayıram onları. Mən Elçindən bir sinif yuxarıda oxuyurdum. Elçin ən məşhur uşaqlardan idi. O qədər yaxşı oxuyurdu ki, onu hamı tanıyırdı.

 

- Uşaqlar arasında dostluq necə idi?

 

- Baxır uşağa. Mən uşaqlarla çox gec dostlaşdım. Demək olar ki, son siniflərdə. Dili də bilmirdim deyə, hamı mənə birtəhər baxırdı. Mən də uzaq dayanırdım.

 

- Yeməyiniz necə idi?

 

- Az, amma rejimlə verirdilər. Gündə dörd dəfə...

 

***

 

Katya uşaq evində ilk günlərini yaşayırdı. Yerli camaatdan kimsə ehsan göndərmişdı. Belə olanda, uşaqların yemək payı artırdı. Tez xarab olan şeylər həmin gün yeyilirdi. Nə mümkün idisə, sonraya saxlayırdılar.

 

Katya süfrəyə heyrətlə baxırdı: Süfrənin ortasına iri bir qabda daha çox ağappaq qar topasına oxşayan xörək qoyulmuşdu. Amma qar deyildi, buğlanırdı və buğlandıqca ətrafa çox gözəl qoxusu yayılırdı. Katya onu bihuş edən bu “qar topasının” nə olduğunu heç kimdən soruşa bilmirdi. Amma onu hiss edirdi ki, bu adını bilmədiyi xörəyi, elə buludla qarışıq birlikdə yemək istəyir...

 

Boşqabını doldurub, ilk qaşığı ağzına aparan kimi həyatında bu qədər dadlı bir şey yemədiyindən əmin oldu. Boşqabını bir də “isti qar”la doldurdu. Katya nə baş verdiyini dərk etməsə də ehsanın nəsə xüsusi bir yemək növü olmasının fərqində idi.

 

Uşaqlar qarışqa kimi süfrəyə daraşmışdılar. Bu gün süfrə zəngin idi, isti qardan savayı başqa xörəklər də var idi. Katya istədiyi qədər yedi...

 

Axşam düşəndə boğulur, nəfəs ala bilmirdi. Tərbiyəçilər Nazilə müəllimənin evinə zəng etdilər:

 

- Rus qıza nə isə olub. Qarnı daş kimidi, boğulur, ağlayır...

 

Bir neçə dəqiqə sonra, müdirə otağındakı divanda yataq açıb, Katyanı uzandırmışdı. Həkimin ilk sualı belə oldu:

 

- Bu uşaq nə yeyib?

 

- Bu gün ehsan verirdilər. Plov, toyuq ləvəngisi, badımcan küküsü...

 

- Xəstəxanaya aparmalıyıq, mədəsi yuyulmalıdır!

 

Müdirə təcili yardım maşınında Katya ilə birlikdə xəstəxanaya getdi.

 

***

 

- Orada mədə-bağırsağımı yudular. Bir həftə xəstəxanada qaldım. Dedilər ki, ancaq sulu xörək yeyə bilər. Həm də çeynəməlidir. Çeynəmirdim axı. (Gülür) Görməmişdim, plovu ilk dəfə onda gördüm... Yadımdadır, sonralar yemək yeyəndə Nazilə müəllimə yanımda oturub deyirdi ki, Katya yeməyi ağzına qoy, çeynəyə-çeynəyə otuza qədər say, sonra ud... (Gülür) Beləcə, yeməyi öyrəndim. Yoxsa mən uşaq evinə artıq mədəsi xəstə getmişdim...

 

- Xəstəxanaya sizə duru xörək gətirdilər?

 

- Bəli. Bir neçə gün Nazilə müəllimə öz evində bişirib gətirirdi. Sonra uşaq evinin yeməklərini müəllimələrlə göndərirdi.

 

***

 

Katya 185 uşağın arasındakı tənhalığının acısını çıxarmaq üçün özünə gün ayırmışdı. Onu təngə gətirən hər şeyə gözünü yumub, “Eybi yox, həftə sonu ağlayacağam” deyirdi, çünki həftə sonu bir qədər asudəlik olurdu, müəllimələr məktəbə gəlmir, tərbiyəçilər isə az-az görünürdülər.

 

Şənbə və bazar günləri bir çoxunun valideynləri və ya qohumları görüşə gələndə nəzər-diqqətdən uzaq bir xəlvət səmtə çəkilib özünə qapanır, ağlayırdı...

 

Bu xəlvət yer ya xəstələr üçün təcridxana, ya pilləkənlərin altı, ya da yatağı olurdu.

 

Gözünün yaşını silə-silə uşaq evinin köhnə tavanından Allahın ona baxdığını zənn edir, onunla söhbətləşirdi: “Mənim də arxamca kimsə gəlsin istəyirəm. Yaxşı, aparmasın, burada qalım. Amma həftədə bircə dəfə gəlib görsünlər. Sən görmürsən mən necə ağlayıram? Mənim də ata-anamı göndər, ağlamayım. Söz verirəm, həftədə bircə dəfə, beşcə dəqiqəlik göndərsən, heç vaxt ağlamayacağam”.

 

Katya küçədə Allah haqqında heç nə düşünmürdü. Küçədə olanda üç səbəbdən, ac olanda, üşüyəndə və geyinməyə paltar tapmayanda için-için ağlayırdı...

 

***

 

- Həftə sonu yanına valideyni gələn çox olurdu?

 

- Haradasa otuz-qırx uşağın arxasınca gəlirdilər. Mən də muştuluğa qaçırdım. (Gülür) Elə uşaq var idi ki, deyirdi nə olsun, bilirdim də gələcəyini. Eləsi də var idi ki, çağırıb deyirdi gəl, anam bişirən xörəyi bir yerdə yeyək.

 

- Tərbiyəçilər valideynlərin gətirdiyinə müdaxilə edirdilər?

 

- Olurdu. Deyirdilər ver saxlayım. Uşaqlar götürməyə gedəndə görürdülər payından əskik var.

 

- Sizdə də uşaq evinin müdirəsinə ana deyirdilər?

 

- Biz ona Nazilə müəllimə deyirdik. Amma sonra... (Gülür) O məşhur “ana” dəbi bizim uşaq evinə də gəlib çıxdı. Bakıdakı uşaq evlərinin birindən bizə on bir qız göndərmişdilər. Bir müddət sonra həmin uşaq evinin müdirəsi Lənkərana gəldi. Uşaqlara baş çəkib, onların saxlanma şəraiti ilə maraqlandı. Onda bizimkilər gördü ki, qızlar köhnə müdirələrinə “Anacan” deyirlər. Bu, bizimkilərin ağlına batdı. Qonaq gedən kimi, Təranə müəllimə hamımızı yığıb dedi ki, neçə illərdir buradasınız. Nazilə müəllimə sizə ana qayğısı göstərir, yeməyinizi verir, paltar alır. Bəlkə bu gündən etibarən ona “Anacan” deyək? Uşaqlar da xorla dedilər “Deyək”.

 

***

 

Məktəb doqquz illik idi. Uşaqlar yuxarı sinifləri Lənkəran şəhər 5 saylı orta məktəbdə davam etdirirdilər.

 

Uşaq evinin ərazisindən kənara çıxan uşaqlara daha ciddi nəzarət var idi. Müdirə hər dəfə dərsdən sonra çantalara baxır, nə aparıb gətirdiklərini, kosmetikadan istifadə edib-etmədiklərini yoxlayırdı.

 

Katya qaydalara uyğun, məktəbdən gələndə birinci Nazilə müəllimənin otağına girdi. O “Anacan” deməyə çətinlik çəkirdi. Həmişə danışdığı, dərdini deyə bildiyi qadına rusca müraciət etmək qərarına gəldi:

 

- Salam, mama!

 

Çantasını stolun üstünə qoyub, Nazilə müəlliməni öpmək istəyirdi ki, onun rənginin dəyişdiyini gördü. “Mama” Nazilə müəllimənin bu günə qədər eşitmədiyi söz idi.

 

Əslində elə uşaqların da çoxu üçün ana kəlməsi yad bir söz idi, amma kim idi onlara seçim imkanı verən. Bir uşağın yad qadına ana deməsinin o körpə üçün nə demək olduğunu heç kim düşünmürdü.

 

Ana olmayan bir qadına yad bir uşağın “mama” deməsi isə...

 

Nazilə müəllimə heç vaxt olmadığı qədər sərt görkəm aldı:

 

- Mən sənin maman deyiləm! Deyirsənsə, anacan de, demirsənsə onda heç nə demə.

 

Qız donub qaldı. Elə pərt olmuşdu ki, qadını öpməyə cəsarət etmədi...

 

***

 

- Uşaq evinə gələn çox idi?

 

- Arada bir. Bir dəfə Novruz bayramında müğənnilər - Nazpəri, Baloğlan gəlmişdi. Baloğlan Əşrəfovdan xahiş etdik ki, “Ana” mahnısı oxusun. Dedi oxuya bilmərəm. Biz bura sizi ağlatmağa yox, şənləndirməyə gəlmişik.

 

- Axı niyə “Ana” mahnısını istəyirdiniz?

 

- Ana uşaq evindən xilas olmağımız üçün istinadgah idi. Hamı “anam gələrsə, mütləq məni buradan aparacaq” deyirdi. Baxmayaraq ki, elələri var idi ki, onları elə uşaq evinə anaları təhvil vermişdi...

 

- Oraya övladlığa uşaq götürmək istəyənlər gəlirdi?

 

- Gəlirdilər. Müdirə ilə görüşüb, necə uşaq istədiklərini deyirdilər. Sonra Nazilə müəllimə hər kəsin ürəyinə uyğun uşaqları çağırırdı otağına. Deyirdi baxın... Onlar da öz seçimlərini edirdilər...

 

- Heç o sırada dayanmışdınız?

 

- O sırada yox, amma... Amma bir dəfə məni...

 

***

 

Katya müdirənin otağına daxil olanda içəridə orta yaşlı bir qadın gördü. Qadın onunla rus dilində salamlaşdı. Qızcığazın gözləri parıldadı, balaca ürəyi az qala yerindən atılıb çıxacaqdı... “Odur, odur, gəlib! Məni aparmağa gəlib! Yox, bəlkə görməyə gəlib?!”

 

(Ardı var...)

 

III hissədə:

 

Dovğa üçün qatıq gətirmişdilər. Baxdım ki, qıcqırıb. İçinə də siçan düşmüşdü. Gətirib qoydum zibil qabının yanına. Uşaq da qatığı siçanla qarışıq udub... Siçanı qaymaq hesab eləyib...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8119
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar