Bakının Binəqədi rayonundakı Xocəsən qəsəbəsində yeni idman meydançası istifadəyə verilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş açılış mərasiminə qəsəbə sakinləri, idmançılar və məşqçilər qatılıblar.
Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov idmançıları və sakinləri təbrik ediblər. Onların sözlərinə görə, bu idman qurğusundan səmərəli istifadə edən gənclər və qəsəbə sakinləri öz fiziki sağlamlıqlarının qorumaq üçün gözəl fürsət əldə ediblər.
Açılış mərasimdən sonra qəsəbənin yeniyetmə komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Qeyd edək ki, idman meydançası 0,55 hektar ərazidə inşa olunub. Meydança hərəsində 63 oturacaq olan iki tribunadan ibarətdir. Meydançanın ətrafında eni 3 metr, uzunluğu 65 metr olan iki qaçış zolağı var. İdman obyektində, həmçinin soyunub-geyinmə otağı, beş düş kabinəsi, kombi sistemi üçün otaq və su anbarı fəaliyyət göstərir. Meydançanın ətrafında yaşıllıq zolağı salınıb və 250-dək şam ağacı əkilib.