Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş II ənənəvi superturnirin iştirakçıları məlum olub. Lent.az-ın məlumatına görə, Vüqar Həşimovun xatirə turniri bu ilin aprel-may aylarında Şəmkirdə keçiriləcək. Turnirin dəqiq tarixi sonra açıqlanacaq.
Superturnirdə 10 ən güclü şahmatçı yarışacaq: dünya çempionu Maqnus Karlsen (Norveç, 2865), Fabiano Karuano (İtaliya, 2811), Veselin Topalov (Bolqarıstan, 2800), sabiq dünya çempionu Vişvanatan Anand (Hindistan, 2797), Aniş Giri (Niderland, 2797), Uesli So (ABŞ, 2788), Vladimir Kramnik (Rusiya, 2783), Maksim Vaşye-Laqrav (Fransa, 2775), Şəhriyar Məmmədyarov (2759) və Teymur Rəcəbov (2731).
Vüqar Həşimovun birinci xatirə turniri ötən ilin aprelində keçirilib və Norveç şahmatçısı Maqnus Karlsenin qələbəsi ilə başa çatıb.