Vaqif Sadıqov:  “O qədər acizdirlər ki...”  -
20 fevral 2013 19:33 (UTC +04:00)

Vaqif Sadıqov: “O qədər acizdirlər ki...” -

 

AZAL futbol klubunun baş məşqçisi Vaqif Sadıqov komandasının son uğursuzluqlarının ardından baş verən proseslər barədə Lent.az-a danışıb. Lent.az-ın məlumatına görə, təcrübəli mütəxəssis kollektiv daxilindəki sirri mətbuata ötürən şəxslərin olduğuna dair sensasion açıqlamalar verib...

 

- Komandanız mövsümün ikinci yarısında 3 oyuna cəmi 1 xal qazana bilib. Bunu nə ilə əlaqələndirərdiniz?

 

- Məni AZAL-ın sərgilədiyi oyun qane edir. İstər-istəməz nəticələr xoşumuza gəlmir. Amma komandamızın öz oyunu, dəst xətti var. İnanıram ki, lazımi nəticə də mütləq gələcək.

 

- “Lazımi nəticə dedikdə nəyi nəzərdə tutursunuz?

 

- Öncə qalan 2 oyunda qələbələr qazanaraq, ilk “6-lığ”a düşəcəyik. “6-lığ”a düşməsək də, işimizi davam etdirəcəyik. 6 aya komanda yaratmırlar. Siz məni belə məqamlarda yad edirsiniz. Başqa vaxt niyə yaddan çıxarırsınız?

Mən heç bir jurnalistin müsahibə istəyinə “yox” demirəm. Sadəcə, arada telefonum işləmədi. Yeni aldığım telefon başıma bəla oldu. Mən heç vaxt heç kimdən gizlənmirəm. Hərdən ona görə əsəbiləşirəm ki, bəziləri arzuladıqlarını həqiqət kimi qələmə vermək istəyirlər. Bax, bu, pis haldır. AZAL-ı o qədər də zəif bilməyin. Mən də jurnalistlərdən ədalətli olmalarını istəyirəm. Bu, həyatdır. Məşqçi gələr də, gedər də. Məni çoxdan tanıyırsınız. Hər şeyə neqativ gözlərlə yanaşmağınızı istəmirəm. Gəlin, bir qədər pozitiv axtaraq. Pis şeyi axtarıb tapmağa nə var ki...

 

- Klub prezidenti Zaur Axundovla görüşünüz necə keçdi?

 

- Bu, planlı şəkildə baş tutan görüş idi. Komandaların baş məşqçiləri klub prezidenti ilə necə görüşürlərsə, mən də elə görüşdüm. Çox səmimi söhbət etdik. Gələcək planları cızdıq. Qarşıdakı oyunlardan nələri gözlədiyimizə dair hesabat verdim. Klub prezidenti qarşıdakı 2 oyunda qələbə qazanaraq, şanslarımızı sonadək qorumalı olduğumuza dair qarşımıza məqsəd qoydu. Ən vacibi odur ki, prezident tərəfindən böyük bir etimad hiss etdim. Yəni, gələcəyə ümidlə baxmaq olar.

 

- Artıq AZAL-ın taleyi öz əlində deyil...

 

- Hamının taleyi öz əlində deyil. Hələ “Qəbələ” ilə oyunumuz var. Bu komandanın da taleyinin öz əlındə, yoxsa başqasının əlində olduğu bilinmir. Hazırda 4 komandanın – “Qəbələ”, “Xəzər Lənkəran”, Bakı” və AZAL-ın şansları bərabərdir. Heç kim “Bakı”nın “Rəvan”ı, “Xəzər Lənkəran”ın “Sumqayıt”ı, “Qəbələ”nin isə AZAL-ı rahat məğlub edə biləcəyini deyə bilməz. Oyunlar qabaqdadır. 4 komandanın hər biri əlindən gələni edir ki, ilk “6-lığ”a düşmək üçün qələbə qazansın. O cümlədən, biz də planlı şəkildə fəaliyyət göstəririk. Oyunlara ciddi hazırlaşırıq. İlk turlardan olduğu kimi, yenə hər oyuna qələbə əzmi ilə çıxıb, 3 xal qazanmağa çalışacağıq.

 

 

- Mətbuatda yazılanlara əsasən, dünənki məşqi birdən-birə tərk edərək, klub prezidenti ilə görüşə yollanmısınız...

 

- Birdən-birə deyəndə ki... Saat 12:30-a klub prezidenti ilə görüş təyin olunub. Məşqim isə 10:30-da başlanıb. Bu halda istəsəydim, məşqə gəlməyə də bilərdim. Amma bir saat məşq keçdim və qabaqcadan da futbolçulara bildirdim ki, buradan klub prezidenti ilə görüşə yollanacağam. Yəni, məşqlərə özüm nəzarət edirdim. Düzdür, yeni həftədə ilk məşqimiz idi. Amma görüş də nəzərdə tutulmuşdu və getdim. Nə olub ki? “Dəhşətdir-dəhşət! Məşqi tərk etmək olmaz! Prezidentlə görüşə getmək olmaz!”. Bunları arzulayan adam belə yaza bilər.

 

- Zaur Axundovun istəyini yerinə yetirmək nə dərəcədə realdır?

 

- Dünənki görüşümüzdə klub prezidenti ilə xeyli söhbət etdik. Mənim səmimiyyətimə inanırsınızsa, Zaur müəllimdən böyük etimad, inam hiss etdim. Sağ olsun ki, oyunlarımızı izləyir, məlumat toplayıb və komandamızın gözəl oyun sərgilədiyini bildirir. 6 aya nəticə vermək bəlkə də çətin olacaq. Amma sonadək mübarizə aparacağıq. Çünki mən ambisiyalı insanam. İddialı olmasan, işləməyə dəyməz. Klub prezidentimiz də iddialıdır. Əlimizdən gələni edəcəyik ki, yaxşı oyunla böyük nəticələr əldə edək. Zaur müəllim məndən planları, komandadakı boşluqları, tezliklə nəyi aradan qaldırmağımızın mümkünlüyünü göstərməyimi istədi. Mən tam səmimi olaraq, görüşümüzdə bunların müzakirə olunduğunu deyə bilərəm. 

 

- Bəs yerinizə Ağasəlim Mircavadov və ya İqor Ponomaryovun təyin ediləcəyi barədə xəbərlərə münasibətiniz necədir?

 

- Bunu mütəxəssislərdən soruşun. Hər birinə böyük hörmətim var. Ən pisi ondadır ki, azərbaycanlı mütəxəssis uduzan kimi onun yerinə xeyli namizəd çıxır. Heyf ki, əcnəbi mütəxəssis məğlub olan kimi onun yerinə mümkün namizədlər axtarılmır. Hər bir mütəxəssisə arzulayardım ki, öz işini sona çatdıra bilsin. Məşqçi işində tezliklə hər hansı nəticə vermək çətindir. Bu gün yeni formalaşan komanda təzə-təzə ayaq üstə durur, baxımlı oyun sərgiləyir. İnanıram ki, bunun xoş sonluğu da olacaq.

 

- Amma bəzi azərbaycanlı mütəxəssislər də elə görüntü yaradırlar ki, sanki kiminsə postunu tərk etməsini gözləyirlər...

 

- (gülür) Vaqif Sadıqov o mütəxəssislərdən deyil. Hər bir mütəxəssisə - işləyənə də, işsizə də uğurlar diləyirəm. Heç kimin yerində gözüm yoxdur, hamını da özüm kimi görmək istəyirəm. Digər tərəfdən, qeyd etdiyiniz mütəxəssislər arasında mənim müəllimim də var. Bu, Ağasəlim Mircavadovdur. Vaxtilə onun rəhbərliyi altında futbol oynamışam. Eyni zamanda, İqor Ponomaryov mənimlə çiyin-çiyinə oynayıb. Mən nə deyə bilərəm? Sözlərimdə, 99 da yox, 101 faiz həqiqət var. Nə deyirəmsə, hamısını düz deyirəm. Məndə yalan yoxdur. Planlı şəkildə görüşüm olub. Amma siz onu araşdırın ki, mən klub prezidenti ilə görüşə çatıb qayıtmamış mətbuat bunu bilirdi. Bunları araşdırın: Kim hara işləyir, nə üçün işləyir və nəyə görə bunu güdür? Sonra deməyin ki, nəyə görə nəticə yoxdur? Nəyə görə AZAL 6 turdan sonra 1-ci yerdə olduğu halda, sonradan qələbə qazana bilmədi?

 

- Sizcə, mətbuata informasiyanı klub rəhbərliyindən, yoxsa futbolçulardan ötürürlər?

 

- Mən sözümü dedim. Görüşdən qayıtdığım vaxt artıq saytlarda qoyulmuşdu ki, Vaqif Sadıqovu təcili çağırıblar. Gülməlidir, gülməli! O adamlar o qədər acizdirlər ki...  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1395
avatar

Oxşar yazılar