Avropa Liqasının qrup mərhələsinin 4-cü turundan sonra UEFA-nın əmsallar cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, dünən baş tutan 24 qarşılaşma siyahıda müəyyən dəyişikliklərə səbəb olub. Lakin bu dəyişikliklər Azərbaycana təsir etməyib. Yarışdakı yeganə təmsilçimiz “Qarabağ” öz meydanında Ukrayna “Dnepr”inə uduzub. Bu da xal hesabımızın dəyişməz qalması ilə nəticələnib.
Cədvəldəki qonşuları ilə fərq böyük olduğundan ölkəmizin yeri də dəyişməyib. Belə ki, cari mövsümdə 3,125 xal toplayan Azərbaycan son 5 mövsümün nəticəsinə əsasən 12,000 xala malikdi. Bu nəticə isə Avropada 29-cu göstəricidi. Xal və mövqeyimiz kimi siyahıdakı qonşularla fərqimiz də dəyişməz qalıb.
Üst sıralarda yer alan Sloveniya və Serbiya ilə 1,625 xallıq fərqi azalda bilməyən ölkəmiz üçün izləyiciləri də təhlükə yarada bilməyib. Slovakiyanın yeganə təmsilçisi “Slovan”ın Çexiyada darmadağın olması 30-cu yerlə fərqimizi 0,750-də saxlayıb.
Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir. İngiltərə və Almaniya da ilk “üçlük”də yer alıb. Türkiyə 12, Gürcüstan 34, Ermənistan isə 51-cidir.