Topaz Premyer Liqasında II dövrəyə start verilib. Apasport.az saytının məlumatına görə, X turun bütün qarşılaşmaları eyni gündə baş tutub.
Ötən həftə “Qarabağ”ın “Sumqayıt”a məğlub olmasından sonra liderliyə yüksələn “Qəbələ” AZAL-ı qonaq edib. Roman Qriqorçukun yetirmələri cəhdlərə baxmayaraq, oyunda hesabı aça bilməyiblər. Səfərdən bir xalla dönən AZAL üçün bu nəticə göydəndüşmə olub. Vacib xallar itirən "qırmızı-qaralar" bununla da ötən həftə yüksəldikləri birinci pillədə bir həftə duruş gətirə biliblər.
Keçən turun əsas sensasiyasına imza atan “Sumqayıt” isə cənub səfərinə yollanıb. "Qarabağ"ı yenərək diqqətləri üzərinə çəkən "kimyaçılar" turnir cədvəlində qonşusu olan “Xəzər Lənkəran”ı da məğlub edərək ardıcıl 2 oyunda 6 xal qazanıb.
Cari çempionatın iki yeni komandası “Kəpəz”lə “Zirə” isə Zirə qəsəbə stadionunda üz-üzə gəliblər. Olduqca maraqlı, çəkişməli və bol qollu keçən qarşılaşmada qalib müəyyənləşməyib. Adil Şükürovun yetirmələri ilk dövrədə Gəncədə 1:1 bərabərə qaldıqları rəqibini ilə bu dəfə də 2:2 hesabı ilə yola salıb.
Turun mərkəzi oyunu heç şübhəsiz “Neftçi” – “İnter” qaşılaşması olub. Yaxşı günlərini yaşamayan "ağ-qaralar" öz meydanlarında "İnter"i məğlub etməyə borclu idi. Ancaq Samir Əliyevin yetirmələri bu dəfə də 3 xal qazana bilməyiblər. "Bankirlər" son dəqiqələrdə bərabərlik qolunu vuraraq səfərdən 1 xalla dönməyi bacarıblar.
Son çempion “Qarabağ” isə öz meydanında autsayder “Rəvan”la oynayıb. “Köhlən atlar” “Sumqayıt” məğlubiyyətini unutdurmaq üçün zəif rəqibini mütləq məğlub etməli idi. Oyundan minimal hesabla qalib ayrılan ağdamlılar "Qəbələ"nin xal itirməsindən yararlanaraq itirdiyi liderlik postunu da geri qaytara bilib.
Topaz Premyer Liqası
X tur
28 oktyabr
“Neftçi” – “İnter” - 1:1
Qollar: Ruslan Qurbanov, 36 (pen.) - Nizami Hacıyev, 86
“Qarabağ” – “Rəvan” - 1:0
Qol: Vüqar Mustafayev, 36
“Xəzər Lənkəran” – “Sumqayıt” - 1:2
Qollar: Rahid Əmirquliyev, 88 - Tofiq Mikayılov, 7; Ağabala Ramazanov, 36
“Zirə” – “Kəpəz” - 2:2
Qollar: Nelson Bonilla, 28; 37 - Bəxtiyar Soltanov, 16; Junior Osvaldo, 74
“Qəbələ” – AZAL - 0:0