Gəncənin “Kəpəz” klubu futbol üzrə Topaz Premyer Liqasında mükafatlar uğrunda mübarizədən məhrum olub. Lent.az-ın məlumatına görə, baş məşqçi Mahmud Qurbanovun komandası ilk “6-lıq”la vidalaşıb.
Bu, XVII turda “Kəpəz”in Gəncə şəhər stadionunda “İnter”ə 0:2 hesablı məğlubiyyətindən sonra rəsmiləşib. 17 turdan sonra 9 xalı olan autsayderi 5-6-cı yerləri bölüşdürən “Neftçi” və “Xəzər Lənkəran”dan 15 xal ayırır. Gəncəlilər təsnifat mərhələsində qalan 5 oyunun hamısını qələbə ilə başa vursalar belə, mükafatlar uğrunda mübarizəyə imkan verən 6-cı pilləyə yüksələ bilməyəcəklər. Hətta bu, “Neftçi” və “Xəzər Lənkəran”ın qalan 5 matçı uduzacağı təqdirdə də mümkün deyil. Çünki reqlamentə əsasən, 2 və ya daha çox komandanın xalları bərabər olarsa, onlar arasındakı görüşlərin nəticələri əsasında yerlər müəyyənləşdirilir. “Kəpəz” isə bu göstəricidə həm “Xəzər Lənkəran”a (0:4, 0:1), həm də “Neftçi”yə (1:4) uduzur.
Düzdür, XIX turda “Kəpəz”in “Neftçi” ilə ev oyunu hələ qalıb. Amma flaqman böyük hesabla uduzsa belə, 3 komandanın şəxsi görüşlərində “Xəzər Lənkəran” 9, “Neftçi” 6, “Kəpəz” isə 3 xala malik olacaq. Çünki “Neftçi” “Xəzər Lənkəran”la görüşlərində evdə 2:1 hesabı ilə qalib gəlib, səfərdə isə eyni hesabla uduzub. Bu isə Gəncə təmsilçisinin heç bir halda 6-cı yeri tuta bilməyəcəyi anlamına gəlir.
Qeyd edək ki, hələ heç bir klub ilk “6-lıq”da yerini təmin etməyib.