Təbrizin “Traktor” futbol komandasının Asiya Çempionlar Liqasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Əlcəzirə" komandasını 3:1 hesabı ilə məğlub etməsi əhali tərəfindən böyük coşğu ilə qeyd edilib.
Təbrizdən APA-ya daxil olan məlumata görə, oyun Təbrizin “Səhənd” stadionunda keçirilib. 72 min nəfərlik stadionda 100 mindən çox azarkeşin olduğu bildirilir.
“Traktor” tərəfdarları 90 dəqiqə boyunca “Yaşasın Azərbaycan!”, Azərbaycan var olsun istəməyən kor olsun!”, “Türk dilində mədrəsə!” şüarları səsləndirib, ingilis dilində “South Azerbaijan is not Iran!” pankartı qaldırıblar.
Stadiona gedə bilməyən azarkeşlər bazarlarda, dükan və emalatxanalarda oyunu televizordan izləyiblər. “Traktor”un qələbəsi ilə sona çatan oyun bitən kimi minlərlə tərəfdar küçələrə axışaraq, Azərbaycan xalq mahnıları sədası altında rəqs ediblər. Hətta avtomobil yollarında nəqliyyat dayandırılıb, Təbriz küçələri “Traktor” bayraqları ilə bəzəbilib.