“Səhhətimdə problemlər var. Burnumda ciddi əməliyyat keçirtmişəm. Rahat məşq edə bilmirəm. Lakin bərpa kursu artıq sona çatmaq üzrədir. Əvvəlcə demişdilər 3 ay döyüşmək olmaz. İndi demişəm ki, dekabrda rinqə çıxmalıyam. Ona görə 2 aya müalicə başa çatmalıdır”. Lent.az-ın məlumatına görə, bu sözləri sportpress.az-a açıqlamasında Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov deyib.
Müsahibəsində həkimlərin ona rinqə çıxmağı qadağan etməsindən və gələcək karyerasından danışan Məmmədov növbəti məğlubiyyətdən sonra radikal addım atacağını bildirib: “Son 2 görüşdə məğlub olsam da, həvəsdən düşmürəm. Özümə güvənirəm. Hazır olmasam rinqə çıxmaram. Əgər yenə uduzsam, boksla birdəfəlik vidalaşacağam”.