Onlarla tez-tez rastlaşmasaq da, ayda ən azı 2 dəfə işimiz düşür. Çalışırıq ki, işinin ustası olan bərbərlərə müraciət edək. Ki, başımız(d)a oyun açmasın.
Bakıda məşhur olan bərbərlərin siyahısında Cəmil Özkoçun da adı var. Müştərisi - futbolçulardan tutmuş müğənnilərə qədər, maşallah, boldur. Müğənnilərlə işimiz yoxdur, mənə türk abimizin futbolçu müştəriləri maraqlı idi. Elə bu səbəbdən də 10 ildir Azərbaycanda yaşayan Cəmillə görüş vaxtını təyin edib, yollandıq onun bərbərxanasına. Çatanda gördük ki, usta iş başındadır və növbədə gözləyən müştərisi də var.
İşinə incəliklə yanaşdığı anındaca hiss olunurdu. Yanında yeniyetmə köməkçisi də var Cəmilin.
- Azərbaycan mənim üçün doğmadır. Burada özümü yad hiss etmirəm. Əvvəllər “Tarqovı”da (Nizami küçəsi – T.M) bərbərxana işlədirdim. Sonra elə alındı ki, “Kirovski”yə (Rəsulzadə qəsəbəsi – T.M) köçməli oldum. “Tarqovı”ya gələn əksər müştərilər narazılıq edirdilər. Yolun uzaqlığından şikayətlənirdilər. Amma bura köçəndən sonra hamısı razıdır. Xüsusi müştərilərin saçını onların öz məkanlarında da qırxıram. Yəni şərt deyil ki, müştəri mənim yanıma gəlsin. Stabil qiymət 20 manatdır. Bura saçın kəsilməsi, formaya salınması və yuyulması aiddir.
Açığı, Cəmilin futbolçulardan ağızdolusu danışacağını gözləyirdim. Allah özlərinə qismət eləsin, az pul qazanmırlar, “onlar üçün 20 manat nədir ki” deyə, düşünürdüm. Amma Cəmillə söhbətdən sonra məlum oldu ki, fikrimdə yanılmışam. Sən demə, simic futbolçularımızın sayı daha çox imiş.
- Futbolçulardan yanıma gələn çoxdur: istər xarici olsun, istər yerli. Əsas müştərilərim “Qarabağ”ın oyunçularıdır. Şehiç, Aqolli, Teli, Maksim, Vüqar, Reynaldo, Muarem, İlqar, eləcə də “Qəbələ”dən Cavid, Ruslan Abışov, “İnter”dən Asif, bir sözlə, çoxu yanıma gəlir. Həmçinin Mahir Şükürov, Aqil Nəbiyev. Hardasa 40-a yaxın futbolçunun saçını qırxmışam.
Suallarıma cavab verə-verə bir gözü saatda idi. Hiss olunurdu ki, müştərilərini gözlətdiyi üçün narahatdır. Bununla belə, bizi də tələsdirmirdi.
Öyrəndik ki, Cəmilin yanına gələn ilk futbolçu Emin Quliyev olub. Vaxtilə “Xəzər Lənkəran”da çıxış edən keçmiş müdafiəçi türkiyəli bərbərin işini çox bəyənib. Məhz onun tərifindən sonra Eminin komanda yoldaşı olmuş Zaur Ramazanov da Cəmilin bərbərxanasına üz tutub. Belə-belə Özkoçun futbolçu müştərilərinin sayı gündən-günə artıb.
Say artsa da, Cəmil futbolçuların hamısından razı deyil. Xüsusilə üç nəfər ona “dağ çəkib”: “Futbolçular pul verən deyillər, pul verən əlləri yoxdur (gülürük). Bunların başında Vüqar Nadirov durur. Təkcə Vüqar deyil, çoxusu belədir: Mahir, Rauf. 20 manatı onlardan güclə alıram (yenə gülürük). Elə olub ki, 10 manat verib, gediblər. Ürəyiaçıq futbolçular isə Aqil, Ruslan və Eltun Yaqubludur. Ruslanla Eltun hər dəfə 40 manat pul verirlər. Onlardan çox razıyam. Yanıma ən çox Ruslan və Əfran gəlir”.
Bəzi futbolçuların kaprizli, deyingən olduğunu bilirdiniz? Dərdi açılan Cəmil onların da adlarını çəkdi: “Rahat futbolçular da var. Məsələn, Muarem. Gəlir, heç nə demir. Aqolli də heç nəyə qarışmır, saçını düzəltdirir, pulunu verir, çıxır gedir. Amma digərləri... Ən çox deyinən Əfran İsmayılovdur. 6 ildir onun saçını düzəldirəm, hələ də deyinir, bir forma tapa bilməmişik...”.
Bu dəmdə bayaqkı müştəri (biz söhbət etdiyimiz məqamda Cəmilin köməkçisi onun başını yudu) birinci mərtəbəyə enərək, ustadan “borcum nə qədərdir?” deyə soruşur. Cəmil isə 20 manat cavabını verir. Tam əmin oluruq ki, Cəmilin işinin qiyməti dediyi məbləğə bərabərdir.
Müştəri bərbərxananı tərk edəndən sonra Cəmil Əfranla bağlı söhbətinə davam edir: “Hə, Əfrandan danışırdım axı. Dediyim kimi, çox deyingəndir. Heç vaxt gördüyüm işdən razı qalmır, amma hər dəfə də yanıma gəlir (gülür). Elnur Abdullayev də ən kaprizli müştərilərdən biridir”.
Cəmil uzun illər bu peşə ilə məşğul olduğundan, kimə hansı saç düzümünün yaraşdığını baxan kimi deyə bilir. Futbolçuların arasında onun məsləhətlərinə qulaq asanlar az deyil. Amma elələri var ki, saçlarını özləri istədikləri kimi qırxdırırlar. Cəmilin yanına hətta şəkillərlə gələnlər də var: “Yenə Vüqarın adını çəkəcəm. Hər dəfə yanıma bir şəkillə gəlir. Deyir mənim saçımı belə formaya sal. Axırıncı dəfə Tarkanın şəklini gətirmişdi (gülürük). Amma həmin saç düzümü Vüqarda alınan deyil. Ürəklərini qırmaq istəmirəm, çalışıram ki, alınsın. Tarkanın saçı ilə Vüqarın saçı bir deyil axı. Aqil Nəbiyev isə həmişə məsləhətlərimə qulaq asır. Deyir necə istəyirsən, elə də et. Ona qısa saç məsləhət görmüşük, “çolka”sı olmur. Həmişə də saçını bu stildə qırxdırır. Asif Məmmədova nə qədər deyirəm ki, saçını uzat, sənə elə yaraşar, razılaşmır”.
Cəmilə “Hansı saç düzümü daha məşhurdur?” sualını da verdik. Cavabı isə belə oldu: “Daha çox sifariş edilən saç düzümü ortadan saçların ayrılması stilidir. Həmin stili Azərbaycanda Ruslan Abışov dəb saldı. Özü belə istəmişdi, mən də qırxdım, yaxşı alındı. İndi çox futbolçular saçlarını elə düzəltdirir, özlərini Ruslana oxşadırlar. Cavid Hüseynov 100 dəfə deyib ki, saçımı o stildə düzəlt. Nə qədər çalışmışamsa, uyğun gəlməyib ona. Mənim üçün Ruslan, Reynaldo, bir də Şehiçin saç düzümü maraqlı gəlir. Hər üçü müasir olduğundan əlavə, özlərinə də yaraşır. Reynaldo da saçını tez-tez qırxdırır. Həftədə heç olmasa bir dəfə yanıma gəlir”.
İstənilən sahədə olduğu kimi, bərbərlikdə də əsas prinsip müştərini razı salmaqdır. Cəmil də çalışır ki, heç bir müştərisini incik, narazı yola salmasın: “Futbolçuların vaxtları olmayanda zəng edirlər, gedib dedikləri yerdə saçlarını qırxıram. Elə olanda birinci digər müştəriləri yola verirəm. Mənim üçün müştərini razı salmaq çox vacibdir. Heç kimə “yox” demək olmur. Bərbərxanadan kənar yerə gedəndə futbolçuların saçını “ulkadka” eləmirəm, yumuram, ancaq kəsirəm. Daha “Qarabağ”ın otelinə getmirəm saç qırxmağa. Rəşad Sadıqov, sağ olsun, yola vermir bizi. “Qarabağ”ın qaldığı otelə gedəndə danlayır məni. Deyir futbolçuların konsentrasiyasını pozursan. Halbuki mənim azarkeşlik etdiyim komanda “Qarabağ”dır”.
“Qarabağ” demişkən, Cəmil həqiqətən də, “Qarabağ” azarkeşidir. Söhbət əsnasında “Dnepr”lə Bakıda keçirilmiş oyunu tribunadan izlədiyini və məğlubiyyət üçün məyus olduğunu bildirdi.
Cəmilin də peşəsi ilə bağlı öz arzuları var. Məsələn, dünya ulduzu Kriştianu Ronaldonun saçını qırxmaq. Digər futbolçu isə Arda Turandır ki, onun da heç olmasa 1 dəfə ustası olmaq arzusundadır: “Bilmirəm bu mənə qismət olacaq, ya yox, amma hər ikisinin saçını qırxmaq istərdim. Belə yanıma gələn ulduzlar az olmayıb: İbrahim Üzülməz, Ahmet Dursun, Mirça Rednik, Con Toşak, Cavad Gülər. Hal-hazırda Oğuz Çətin gəlib-gedir. Onlar da vaxtilə ulduz olublar”.
Bərbərxanada işləyəsən, əksər müştərilərin futbol adamları ola, başına məzəli hadisə gəlməyə. Heç inandırıcı deyil. Cəmil belə hadisələrin başına çox gəldiyini desə də, ikisini xatırladı: “Bir gün Toşakın saçını qırxmalı idim. İşə vaxtında gələ bilmədim. Toşak gəlib, məni gözləmək məcburiyyətində qalmışdı. Gəldim ki, nəyi var, əsəbləşib. Birtəhər üzrxahlıq edə-edə saçını qırxdım. Amma hirsi soyumadı, hirsini pulumu kəsməklə çıxdı. Mənə 12 manat pul verib, getdi (gülürük). Həqiqətən də, çox əsəbləşmişdi”.
Digər məzəli hadisə isə “Qarabağ”ın kapitanı Rəşad Sadıqovla bağlı olub: “Bir dəfə də “Qarabağ”ın futbolçularının saçını qırxmaq üçün qaldıqları otelə getmişdim. Axşamüstü idi. Həmin vaxtlarda otelə gəlməyim Rəşadın xoşuna gəlmirdi. Mənə deyirdi ki, bu vaxt gəlmə, gecdir, futbolçular yatır. Amma yenə də məsuliyyətsizlik edib, gecikmişdim. Futbolçuların saçlarını qırxandan sonra öz-özümə dedim ki, nə yaxşı bu gün Rəşadla qarşılaşmadım. Çıxmağa hazırlaşırdım, liftin düyməsini basdım. Liftin qapısı açıldı, içindən Rəşad çıxdı (gülürük). Yenə tutdu məni, qaça bilmədim”.