Bu gün “Hilton” otelində AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilir. Apasport.az saytının xəbərinə görə, konfransı giriş sözü ilə açan AFFA prezidenti Rövnəq Abdullayev hesabat dövrü ərzində futbolun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilən tədbirlər barədə qısa məlumat verib.
Sonra konfransın səlahiyyətli olub-olmaması barədə məlumat vermək üçün söz Mandat komissiyasının sədri Mahmud Sadıqova verilib. Sadıqov bildirib ki, Konfransda 35 səs hüquqlu nümayəndədən 34 nəfəri iştirak edir, yəni yetərsay var və Konfrans səlahiyyətlidir.
Konfransda qəbul ediləcək qərarlar zamanı səslərin hesablanması üçün say komissiyasının üzvlərinin seçilib. Komissiya üzvləri Şaiq Həmidov, Kamran Quliyev, Rövşən Əhmədov olub. 2015-ci illə bağlı videoçarxın nümayişinin ardınca baş katibi Elxan Məmmədov çıxış edib.
AFFA-nın baş mühasibi Xalid Cavadov 2015-ci ilin maliyyə hesabatını, həmçinin, 2016-cı il üçün büdcə layihəsini təqdim edib. Müstəqil audit təşkilatının nümayəndəsi Ülvi Qasımovun da hesabatı dinlənilib.
Qasımovun ardınca isə AFFA-nın hüquqşünası Rəmiş Malıyev çıxış edib. O, AFFA-nın hüquqi normaları, hüquq strukturu haqda danışıb.
Konfrans iştirakçıları Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev və U-17 yığmasının baş məşqçisi Təbriz Həsənovu da dinləyib. Sonuncu yığmamızın Bakıda keçiriləcək Avropa çempionatının final mərhələsinə hazırlığı barədə məlumatı verib, azarkeşləri sevindirəcəklərini qeyd edib.
Ardınca prezident seçkisi baş tutub. Rövnəq Abdullayev 3-cü dəfə bu posta seçilib. O, 2020-ci ilədək bu postu tutacaq.
“Mənə yenidən etimad göstərdiyiniz üçün minnətdaram. Söz verirəm ki, etimadınızı doğruldacam. Qarşıda bizi çox böyük işlər gözləyir. Çalışacağıq ki, qarşımıza qoyulan vəzifələri yerinə yetirək, Azərbaycan futbolunu yüksəldək. Əsas vəzifəmiz 2020-ci ildə Azərbaycan yığmasının final mərhələsində iştirakını təmin etməkdi. Bunun üçün əlimizdən gələni edəcəyik” - deyə, Abdullayev bildirib.