Futbol üzrə Topaz Premyer Liqasının XXII turunda “Qarabağ” və “İnter” komandaları arasında keçirilmiş görüşdən sonra dava düşüb. Lent.az-ın məlumatına görə, “İnter”in futbolçuları meydanı tərk edərək, tunelə doğru hərəkət etdikləri vaxt mülki şəxslərin hücumuna məruz qalıblar.
Səbəb kimi “İnter”in yeni transferi Robertinyo ilə “Qarabağ”ın kapitanı Rəşad Sadıqov arasında meydanda baş vermiş insident göstərilir. Mülki şəxslərdən biri məhz yığmamızın da liderinin qardaşı Kamran Sadıqov olub. Bundan sonra iki komandanın oyunçuları da toqquşub. Polis olaya müdaxilə edərək, Kamran Sadıqovu saxlayıb. Qarşılaşmanın ardından keçirilən mətbuat konfransına “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze qatılmayıb.
“İnter”in meneceri Səbuhi Səfiyarlı Lent.az-a açıqlamasında baş vermiş hadisədən sonradan xəbər tutduqlarını deyib: “Oyundan sonra paltardəyişmə otağına tərəf yollanarkən, qarışıqlığın düşdüyünü gördük. Hadisənin təfərrüatlarından tam məlumatlı deyilik. Yəqin ki, stadionun təhlükəsizlik kameraları baş verənləri qeydə alıb. Həmin görüntülərə uyğun da qərar veriləcək”.
Səfiyarlı bildirib ki, baş verənlərdən təsirlənən Tsxadadze mətbuat konfransına gəlməyib.
“İnter”in mətbuat katibi Nurlan İbrahimov isə hadisə barədə sonradan xəbər tutduqlarını söyləyib. Onun Lent.az-a dediyinə görə, futbolçular arasında müəyyən anlaşılmazlıq olub: “Biz də anlaşılmazlığı yoluna qoyduq. “İnter” klubu ilə çox gözəl münasibətlərimiz var”.
İbrahimov mülki şəxslərin tunelə necə soxulmasının araşdırılacağını da əlavə edib.
Qeyd edək ki, “Qarabağ” – “İnter” matçı qolsuz tamamlanıb. “İnter”in heyətində Kaxaber Tsxadadzenin oğlu Baçana Tsxadadze də çıxış edir.