Tovuzun “Turan” futbol klubunun Topaz Premyer Liqasında mövsümün sonunadək qalan ev oyunlarını Bakıda keçirəcəyi rəsmiləşib. Lent.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev əmr imzalayıb.
Musayev Tovuz şəhər stadionunda əsaslı təmir işlərinin aparılması və ot örtüyünün yenilənməsi ilə əlaqədar klubun PFL-ə müraciətini nəzərə alıb. Əmrdə bildirilir ki, “Turan”ın əsas komandası rəqiblərini Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da qəbul edəcək. İlk belə hal XVI turdan təxirə salınmış “Bakı” ilə matça təsadüf edəcək. Saat 15:00-da başlanacaq qarşılaşmanı Elvin Əsgərov idarə edəcək. Ona Rahil Ramazanov və İsgəndər Əliyev yan xətt hakimləri, Namiq Bəkirov isə ehtiyat hakim qismində yardımçı olacaq. “Turan”ın əvəzedici komandası isə Tovuz Olimpiya Kompleksində oynayacaq.
Qeyd edək ki, daha öncə bölgə klublarından Ağdamın “Qarabağ”, Sumqayıtın eyniadlı təmsilçisi və Gəncənin “Kəpəz” klubları da ev arenası qismində Bakını seçib. “Qarabağ” mövsümün ilk turundan rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda, “Sumqayıt” ötən ilin sonlarından “Bayıl Arena”da, “Kəpəz” isə mövsümün ikinci yarısından “Dalğa Arena”da qəbul edir. Hazırda regionları təmsil edən komandalarımızdan “Xəzər Lənkəran”, “Qəbələ” və “Simurq” (Zaqatala) doğma stadionlarına sadiqdir.