Dünya çempionu olan taekvondoçumuz Radik İsayev vətənə qayıdıb. APA-nın məlumatına görə, taekvondoçumuzu Heydər Əliyev Hava Limanında Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi, məşq yoldaşları və yaxınları qarşılayıblar.
Hava limanında sevincini jurnalistlərlə bölüşən Radik bildirib ki, bütün görüşlər onun üçün ağır keçib: "Rəqiblər gözlədiyimdən daha da güclü idi. Fəxri kürsüyə yaxınlaşdıqca daha çətin idmançılarla üz-üzə gəlirsən. Çoxdandı çempionluq qazana bilmirdik. Sağ olsunlar, bütün komandamız mənə mənəvi dəstək verdi. Nəticədə qızıl medalı yenidən Azərbaycana gətirdim".
Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev Radik İsayevin görüşləri barədə məlumat verərək, yarışların gərgin keçməsinə baxmayaraq idmançımızın böyük əzm göstərərək rəqiblərini üstələdiyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan taekvondoçusu Radik İsayev 87 kq çəki dərəcəsində Rusiyanın Çelyabinsk şəhərində keçirilən mundialda qızıl medala sahib çıxıb.